«Növbəti belə görüş may və ya iyun ayında ola bilər»
Ötən il 20-dək ölkənin səfiri Ictimai Palatanın liderləri ilə görüş keçirmişdi. Seçkilərin yaxınlaşdığını, ictimai-siyasi prseslərin sürətləndiyini, bütün ölkə boyu narazılığın pik həddə çatdığını nəzərə alsaq, belə bir görüşün təkrar keçirilməsinə böyük zərurət olduğunu demək olar. Maraqlıdır, tərəflər arasında növbəti belə görüş planlaşdırılırmı?
Ictimai Palatanın Koordinasiya Şurasının üzvü Zəfər Quliyev belə bir görüşün təşkilinə zərurət olduğunu deyir. Lakin hesab edir ki, bunun üçün hər iki tərəfin istəyi olmalıdır: “Biz bununla bağlı Ictimai Palatada sistemli müzakirələr aparırıq. Aydın məsələdir ki, bu cür görüşlər hər iki tərəfin istəyi ilə olmalıdır. Əvvəlki görüşlər həm bizim istəyimizə cavab verirdi, həm də səfirlərin. Bu görüşlərin çox böyük rezonansı da olurdu. Seçki ərəfəsi məsələ yenidən gündəmə gələcək. Hadisələrin gedişatı da bunu zəruri edir. Çünki mühüm bir seçki prosesi yaxınlaşır.
Biz bu məsələni Ictimai Palatanın Koordinasiya Şurasında müzakirə edəcək, səfirliklərlə təmasa girib onların da mövqeyini öyrənəcəyik. Ola bilsin, növbəti görüş seçki öncəsi – may və ya iyun ayında baş tutacaq. Bu, Azərbaycan cəmiyyəti üçün də, demokratik qüvvələr üçün də vacib məsələdir. Bu cür təmaslar aparıcı ölkələrin diplomatik korpusu üçün xeyirlidir”.
Gültəkin