Ramiz Mehdiyev nazirlərin “vurulacağının” anonsunu verdi

ramiz mehdiyevPA rəhbəri istefaların yalnız icra başçıları ilə məhdudlaşmayacağını bəyan etdi  

Prezident seçkisi yaxınlaşdıqca hakimiyyət daxilində təmizləmələr davam etdiriləcək və məmurların “vurulma prosesi” yalnız icra başçıları ilə yekunlaşmayacaq. Prosesdə nazirlərdən bəziləri istefaya göndəriləcək. Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev də “Azərtac”a müsahibəsində nazirlərin vurulacağının anonsunu verib. Ramiz Mehdiyev Ilham Əliyevin son müşavirəsindən danışarkən deyib:
“Cənab prezidentin xəbərdarlığını qısaca belə izah etmək olar ki, əgər hər hansı vəzifəli şəxs öz fəaliyyəti sahəsində insanlarla qarşılıqla əlaqələr qura bilmirsə, onların ehtiyaclarına biganə yanaşırsa və rəğbətini qazanmırsa, həmin şəxslə bağlı ciddi ölsülər götürüləcəkdir. Konfransdan qısa müddət sonra bir neçə rayonda həyata keçirilən kadr dəyişiklikləri bunun bariz nümunəsidir. Bu tədbirlər yalnız yerli icra hakimiyyəti orqanları ilə məhdudlaşmayacaqdır”.
Ramiz Mehdiyevin bu fikirlərindən açıq-aydın görünür ki, hakimiyyət seçki ərəfəsində xalqın rəğbətini qazanmaq üçün kadr dəyişikliklərini davam etmək niyyətindədir. Güman etmək olar ki, ilk növbədə əhalinin daha çox narazı olduğu sahələrə cavabdeh olan məmurlar, eyni zamanda daha çox narazılığın olduğu rayonların icra başçıları ilə yanaşı onları himayə edən nazirlər (Azərbaycanda rayonlar iri çəkili məmurlar arasında bölünüb) istefaya göndərilə bilər.

Informasiya şöbəsi