Qaranlıqda heç kimin görmədiyi təbəssüm

NIDA-çı gənclərdən Rəşad Həsənovun həbsi mənə dünya ədəbiyyatının şedevrinə çevrilmiş “Tatar çölü” (Dino Bussatti) romanının ən son cümlələrində ifadə edilən möhtəşəm bir mənzərəni xatırlatdı. Sıxıntılı və yorucu hərbi xidmətin dəhşətlərini təsvir edən bu roman heç vaxt unudulmayacaq qeyri-adi bir hərəkətlə, söz oyunu olmasın, rəşadətlə bitir. Bəlkə çox oxucular da bunu sezmir. Əsərin qəhrəmanı olan zabit bu şücaəti heç hərb meydanında da göstərə bilməzdi…
Məcburən qaladan atılan zabit Droqo tükənməz ağrılardan huşunu itirmək üzrədir və ona elə gəlir ki, bu, həyatda son anıdır. O heç nədən qorxmur, hətta ölümdən də, lakin həyatı zəif, qəddi əyilmiş, iztirab və ağrı içində tərk etmək istəmir. Sonuncu nəfəsini toplayır, həyatın axırıncı anında qamətli, güclü, sağlam görünmək istəyi ilə heç kimin olmadığı qaranlıq otaqda son taqətilə dikəlir və gülümsəməyə başlayır. Halbuki, onun bu halını heç kim görmürdü. Son nəfəsində bunu başqalarının gözü qarşısında etmək belə şücaətdir, amma o, bunu heç kimin görmədiyi və görməyəcəyi bir yerdə, heç kimin bilməyəcəyi halda, həm də qaranlıqda edir. Huşu başından çıxandan sonra nə hala düşəcəyi isə onu maraqlandırmır…
Rəşadın həbsindən qabaq da, hətta əvvəlki 3 nəfər NIDA-çının həbsindən və təşkilata amansız hücumlar başlayandan sonra da gənclik heç nədən qorxmurdu. Martın 10-da meydana gəlişləri ilə bunu sübut etdilər. Həbslər, şoular, hədələr onları sarsıtmamışdı. Lakin onların içini bir hiss yeyirdi. Sözsüz ki, heç kim digər dostları kimi iqtidar TV-lərindən ya montajla, ya hiylə ilə, ya ağla gəlməyən başqa üsulla xəyanətkar kimi göstərilmək istəmirdi. Onlar ölümə də dözərlər, amma Droqa kimi ölmək istəyirdilər. Ən çətini bu mənfur hiss idi. Buna mənfur qorxu da demək olardı. Çünki gənclərdə bir qorxu yarana bilərdi ki, birdən həbs olunsalar, oradan sabah hamının gözündən düşməyə səbəb olan sözlər deyə bilərlərmi?! Hamıda bu sual vardı. Rəşad isə bunu bildi və anladı ki, hakimiyyət təkcə onları həbs etmək üçün qurmayıb bu son şounu, həm də gəncləri bir-birinin və özlərinin gözündən salmaq istəyirlər…
Rəşad həbs olunmamışdan öncəki günlərdə müsahibə verdi və dedi ki, onların söylədiklərinin gerçək olanları burada dedikləridir, hamı yalnız onların burada dediklərinə inansın. Əgər sabah həbs olunsalar, onların adından deyilən və TV-lərdən göstərilənlərin onlara dəxli yoxdur. Bəlkə hansısa yolla nəyisə onların adından və ya dilindən sırıya bilərlər cəmiyyətə. Amma bilin ki, bunlar yalandır və biz son qaranlıqda da həqiqətləyik, orada da gülümsəyirik. Bununla da Rəşad həbs olunmuş və hələ həbs olunmamış bütün gənclərə zabit Covanni Droqa kimi olmaq əminliyi qazandırıb özü həbs olundu. Sanki “Biz Droqayıq, orada onların əlində olarkən, yəni huşumuzu itirdiyimizdən sonra düzəldilənlər bizlik olmaya bilər” deyərək, o mənfur qorxunu götürdü. Sonda isə söylədi: “Həbsdən qorxmuruq, buradayıq!”
Gənc Rəşad dişlərinə qədər silahlanmış, lakin çürük dişləri dibindən oynayan bu qoca və köhnə rejimə dedi: “Buradayıq!”

***

Əslində, bu yazı Rəşad Həsənovu tanıtmaq məqsədi daşımırdı. Bundan əvvəl tutulan 3 gənc barədə az şey bilsək də, Rəşad ictimaiyyətin artıq yaxşı tanıdığı bir simadır. Belə adama sima demək olar. Olduqca savadlıdır, bir neçə dil bilir, Türkiyənin dünyada nüfuzu olan bir universitetini bitirib, çox tərbiyəli bir insandır, zəhmətkeş, işgüzar və kifayət qədər cəsarətlidir. Onun kimiləri, doğrudan da, qəlblərin fərəhinə çevrilən yeni gəncliyin siması sayıla bilər.
Digər tərəfdən isə bütün ölkə Rəşad Həsənov kimilərini tanımalı, onların mübarizəsinə müqəddəs baxmalı və özlərini orada görməlidir. Gənclik bu yolda olmaqdan qürur duymalı və bundan üstün bir şey olmadığını qəbul etməlidir.
“Tatar çölü” romanına gəldikdə, onu oxumaq istəyən olsa, məsləhətdir və məncə “Qanun” nəşriyyatı onu ana dilimizdə nəşr edib.