Sözün açığı Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin AzərTAc-a müsahibəsini oxuyub nəsə yazmaq istədim. Yalanlarla bağlı. Gülməli məqamlarla bağlı. Ancaq baxdım ki, nə suallarda yeni bir şey var, nə cavablarda. Əslində, Mehdiyevin bu müsahibəsinə ən yaxşı cavabı elə onun öz cavabları verir. Hələ Gülər və Elşad videolarını demirəm. Məsələn, Mehdiyevin sadəcə statistikadan, plan və öhdəlikdən ibarət olan bir cavabı:
“Nəhayət, korrupsiya cinayətlərinə qarşı sərt və qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Idarənin hesabatına görə, 2012-ci ildə 298 şəxs barəsində 170 cinayət işi tamamlanaraq məhkəmələrə göndərilmişdir. 2013-cü ildə isə artıq 26 şəxs barəsində 19 cinayət işi tamamlanmışdır. Hazırda 120 cinayət işi idarənin icraatındadır”.
Bu 324 “korrupsioner”in içində bir nazir, bir oliqarx yoxdu. Belə çıxır, bu ölkədə korrupsiya ilə ancaq tibb bacıları, müdir sürücüləri, kiçik müfəttişlər, bağça tərbiyəçiləri, ibtidai sinif müəllim(ə)ləri məşğul olurmuş.
Saxta “kokteyl”:
“Lakin planlaşdırılan cinayətin üstünün bu günlərdə MTN və Respublika Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində açılması əyani şəkildə göstərdi ki, ictimai sabitliyi pozmaq istəyən qruplar sadəcə çağırışlar etmirlər. Bu, kifayət qədər narahatedici məsələdir. Çünki ”Molotov kokteyli”, narkotik vasitələr, külli miqdarda pul vəsaiti bu niyyətin kifayət qədər ciddi olduğunu açıq-aydın göstərir”.
Inkişafa dair (“Bəlkə də xoşbəxtik, xəbərimiz yox”):
“… dünyanın nüfuzlu ekspertləri, politoloqları hesab edirlər ki, hazırda planetimizin müxtəlif bölgələrində münaqişələrin, siyasi kataklizmlərin müşahidə olunduğu, aparıcı ölkələr iqtisadi və maliyyə böhranından əziyyət çəkdiyi bir dövrdə Azərbaycanın dinamik inkişafı əsl möcüzədir”.
Xeyirxah, qayğıkeş, səmimi:
“Cənab Ilham Əliyev hər kəs üçün, ilk növbədə Prezidentdir, dövlət başçısıdır, milli liderdir, bununla yanaşı, həm də xalqın hər bir nümayəndəsinin nəzərində xeyirxah, qayğıkeş, səmimi bir insandır”. Əliyevin neçə xeyirxahlıqla, qayğıkeşliklə, səmimi şəkildə gənc Renad Nəcəfovun üzünü dağıtdırdığını düşünüb bu insanlıqdan riqqətə gəlməmək olmur. Renadın nəzərində də onun bir mələk kimi canlanmasını düşünməksə cənnət həzzi verir.
Anan ölsün, ay hüquq:
“Bu gün hüquqi dövlətin və sosial rifah dövlətinin güclənməsi, Azərbaycanın inkişaf etmiş və güclü dövlətə çevrilməsi həyata keçirilən siyasi kursun prioriteti kimi müəyyən edilmişdir”.
Kim qoymur qaldırmağa:
“Cənab Prezident konfransda bildirmişdir ki, əgər inkişaf etmiş ölkələrlə bir cərgədə dayanmaq istəyiriksə mənfi halları, korrupsiyanı aradan qaldırmalıyıq”.
Məncə, AzərTAc-ın verdiyi bir sualın özü də elə bu müsahibəyə tutarlı cavadı. Suala baxın:
“Bu gün Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşdur. Tam əksəriyyət təşkil edən sağlam gəncliyin öz həmyaşıdlarının belə hərəkətlərinə münasibəti necə olmalıdır?”.
Cavabı oxuyanda gülməyin:
“Azərbaycanda təhsilin keyfiyyətinin yüksəldilməsi, savadlı, yüksək intellektli gənclərin yetişdirilməsi, onların irəli çəkilməsi və dövlət idarəçiliyində yaxından iştirakının təmin edilməsi üçün zəruri tədbirlər görülür”.
Nə isə, mən o müsahibə haqda yazmaqdan vaz keçdim.

Mehdiyevə Mehdiyevin cavabı
•
•