Normal ölkələrə nümunə göstərmək üçün Azərbaycanda bir xoşbəxt ailə olmadığı halda bəzi gerizəkalı valideynlər pampersdən çıxmayan uşaqlarını “evləndirmək” arzusu ilə alışıb yanırlar. Ana çığırda-çığırda balacaya pampers, ata qışqırda-qışqırda boğazına qalstuk bağlayıb, ən bahalı şadlıq sarayında “bəy və gəlin” taxtında oturdurlar. Sanki 25-30 yaşda ailə quran valideynlərin əli bala batır, ona görə də uşaqlarını 2-3 yaşından “evləndirmək”lə dəhşət xoşbəxt olduqlarını sübut etmək istəyirlər.
Axı hər yaşın öz gözəlliyi və azadlıqları var. Və insan ömrünün ən gözəl, azad, unudulmaz illəri onun uşaqlıq vaxtına düşür. Əgər bir uşaq ömründə heç olmasa bircə dəfə ağaca çıxıb sevdiyi meyvəni dərib yeməyibsə, yerə yıxılanda özü ayağa qalxmayıbsa, dostları ilə oynayanda dizləri, burnu qanamayıbsa, ondan gələcəkdə heç nə olmaz. Ümumiyyətlə, fikir vermişəm, balacalığını normal keçirə bilməyən, yersiz qadağa və nazlamalarla əhatə olunan uşaqlar heç vaxt böyümürlər, onlar lap 50-60 yaşları da olsa, fürsət düşən kimi qaçdı-tutdu, ortanı-qatdı, “zamri-otomri”, gizlənpaç, “klass-klass”, “rezinka”, qartopu… oynayırlar.
Məsələn, yaşı 50-ni çoxdan keçən Ilham Əliyev doqquz ildir “uşaqlığın havası var başımda” mahnısını oxuya-oxuya millətlə müxtəlif uşaq oyunları oynamaqdan həzz alır. Prezidentin uşaqlığı o qədər rəsmi və ciddi keçib ki, hətta uşaq oyunlarının “sezon”larını da bilmir. Misal üçün, martın 10-u suçiləyən maşınını su ilə doldurub Fəvvarələr meydanında gənclərlə “su-su” oynamaq haqqında komandasına əmr verdi. Uşağı, üzr istəyirəm, prezidenti başa salmağa cəsarət edən bir ürəkli məmur da olmadı ona ərz etsin ki, axı bu yay oyunudur. Neyləsinlər, bilirlər ki, kim desə, prezident maşınından su qurtarana kimi şlanqı ona tərəf tutacaq. Biz balacalıqda “su-su” oyununu iyul, avqust aylarında oynayırdıq. Doğrudur, bizim suçiləyən maşınımız yox idi, elə oyuncaqları hətta yuxuda da görə bilmirdik, amma uşaqlığımız çox şən və maraqlı keçib: şampun, şirə qablarına su doldurub, qapağından 3-4 yerdən isti dəmirlə deşiklər açıb, bir-birimizi isladırdıq, böyüklər də çay, pivə içə-içə pəncərədən bizə baxıb barmaq silkələyirdilər.
Amma bir dəfə işdən gələn Siyavuş əmi hamını mat qoydu: kostyumda, qalstukda qatıldı uşaqlara və dedi ki, tez isladın məni, stressim çıxsın, deyirlər Sovet hökuməti dağılacaq. O vaxtlar maraqlı yay oyunlarından biri də, köhnə uşaq kolyaskalarından “avtobus” düzəldib, məhəllədə “kataska” etmək idi. “Kataska” həzzindən müxtəlif vəhşi heyvanların səslərinə bənzər qışqırıqlarla hay-küy salıb əylənirdik. Görünür, Ilham Əliyevin uşaqlıqda məhəllədə “avtobus” sürmək arzusu da ürəyində qaldığı üçün arada fürsət düşən kimi Qəbələyə “kara” sürməyə gedir. Elə özü kimi saç-saqqalı ağarmış dostları da “şofer”lərinin könlünü xoş etmək üçün “kara” ya minib, “kataska”dan dəhşət həzz aldıqlarını göstərmək üçün Allah bilir hansı səsləri çıxarırlar.
Bizim uşaqlıq illərimizin qış əyləncələri isə 10, 15, 20 qəpiklərlə “pristenok” oynamaq idi. Bu oyunu o vaxtlar çox məşhur olan “Fransız dərsləri” filmindən öyrənmişdik. Deyilənə görə, balacalıqda “pristenok” oynamayan uşaqlar böyüyəndə ən məşhur qumarbaz olurlar, günləri kozinolarda keçir. Uşaqlıq oyunlarından yanıq qalan təkcə Ilham Əliyev deyil ki. Hacıbala Abutalıbovun Bakıda qazıdığı xəndəklərinə baxanda başa düşmək olur ki, onu valideynləri balacalıqda qumla oynamağa, xəndək qazımağa qoymayıblar. Ölkəni hasarlayanların isə uşaqlıqda bağdan mer-meyvə oğurluğuna getmək arzuları nakam qalıb.
Milləti at kimi minib çapan məmurların isə uşaqlıqları lap faciəvi keçib: o bədbəxtləri uşaqlıqda ata-anaları heç vaxt bellərinə mindirməyib, boyunlarında oturtmayıb. Ona görə də indi Azərbaycanı elə minib çapırlar ki, qarşıdakı dəhşətli uçrumu da görə bilmirlər…
Qarşıdan prezident seçkiləri gəlir. Könlündən prezident olmaq keçənlərin hamısı gələcəkdə görəcəyi işlər haqqında yenə bizi aldatmaq istəyirlər. Hörmətli namizədlər, deyin görək hansınızı uşaqlıqda atası boynunda gəzdirib, anası şalla belinə bağlayıb? Inanın, mən həmin namizədə səs vermək üçün yataq xəstəsi olan anamı belimə bağlayıb seçki məntəqəsinə gedəcəyəm…

İlham Əliyevin başındakı uşaqlıq havası
•