Hakimiyyət nazirləri rayonlara göndərir

«Bu yolla regionlardakı etiraz dalğasını yatırmaq mümkün deyil»

Nazirlər, komitə sədrləri və digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri gələn ay regionlarda vətəndaşları qəbul edəcəklər.
Siyahıda Baş prokuror Zakir Qaralov (5 aprel Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy), Daxili işlər naziri Ramil Usubov (27 aprel Şəki, Balakən, Qax, Zaqatala, Oğuz, Qəbələ), Fövqəladə hallar naziri Kəmaləddin Heydərov (19 aprel Sumqayıt, Abşeron, Xızı), Ədliyyə naziri Fikrət Məmmədov (25 aprel Xaçmaz, Şabran, Qusar, Quba, Siyəzən), Təhsil naziri Misir Mərdanov (20 aprel Sumqayıt, Abşeron, Xızı), Səhiyyə naziri Oqtay Şirəliyev (12 aprel Bərdə, Tərtər, Ağdam, Yevlax, Beyləqan, Füzuli, Imişli, Mingəçevir, Ağcabədi, Laçın, Xocalı, Xocavənd), Vergilər naziri Fazil Məmmədov (18 aprel Gəncə, Naftalan, Goranboy, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər, 19 aprel Tovuz, Qazax, Şəmkir, Gədəbəy, Ağstafa), Iqtisadi inkişaf naziri Şahin Mustafayev (6 aprel Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Zərdab, Beyləqan, Laçın, 20 aprel Şirvan, Biləsuvar, Neftçala, Saatlı, Sabirabad, Salyan, Kürdəmir, Imişli, Hacıqabul, Cəbrayıl), Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev (19 aprel Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, Imişli, Beyləqan, Xocavənd, Zərdab, Ağcabədi, Laçın, Füzuli), nəqliyyat naziri Ziya Məmmədov (5 aprel Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz), Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov (12 aprel Şabran, Xızı, Xaçmaz, Qusar, Quba, Siyəzən), Kənd təsərrüfatı naziri Ismət Abbasov (5 aprel Salyan, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, Neftçala, Cəbrayıl), Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov (10 aprel Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar), Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov (19 aprel Gəncə, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Daşkəsən, Şəmkir, Goranboy, Gədəbəy), Gənclər və idman naziri Azad Rəhimov (2 aprel Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova (10 aprel Şirvan, Sabirabad, Salyan, Saatlı, Neftçala, Biləsuvar), Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov (26 aprel Gəncə, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Naftalan), Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Elşad Isgəndərov (6 aprel Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, 19 aprel Şamaxı, Qobustan, Ağsu, Kürdəmir, Ucar, Göyçay, Ağdaş, Yevlax, Mingəçevir), Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov (10 aprel Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən, 11 aprel Sumqayıt, Qobustan, Xızı), Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə (10 aprel Masallı, Yardımlı, Cəlilabad, Biləsuvar, 11 aprel Lənkəran, Lerik, Astara) və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin (25 aprel Cəlilabad, Biləsuvar, Imişli, Neftçala) adı var.
Adı çəkilən şəxslər aprel ayında şəhər və rayonlarda vətəndaşları qəbul edəcək, onların şikayət və müraciətlərinə baxacaqlar. Maraqlıdır ki, bir neçə vacib məmurun adı siyahıda yer almayıb. Məsələn, gömrük ölkənin ən böyük problemlərindən biri olsa da, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin adı siyahıya salınmayıb. Rayonlar üçün aktual problemlərdən biri də torpaq bölgüsü ilə bağlıdır ki, bu sahəyə məsul olan şəxsin – Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun adı qəbul keçirəcək məmurlar arasında yoxdur. Insan haqları üzrə müvəkkil Elmira Süleymanova da siyahıda yer almayıb. Halbuki bölgələrdə insan haqları ilə bağlı pozuntuların sayı-hesabı yoxdur.
Yəqin razılaşarsınız ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin yerlərdə insanlarla görüşünü təşkil etməyə xüsusi ehtiyac yoxdur. Onların əvəzinə siyahıya daha problemli və əhalini narahat edən məsələlərə cavabdeh olan məmurlar göndərilsəydi, daha məqsədəuyğun olardı.

Məsələnin bir başqa tərəfi də bu görüşlərin təşkili ilə bağlıdır. Aydın məsələdir ki, bu cür görüşləri yerli icra hakimiyyətləri təşkil edir. Belə görüşlərdə də adətən müxalif mövqeli, şikayətini və narazılığını bildirməkdən çəkinməyən sakinlərin iştirakına şərait yaradılmır. Əgər bu qəbullar da əvvəlkilər kimi, görüntü yaratmaq məqsədi daşıyacaqsa, müsbət nəticədən danışmağa dəyməz.
AXCP sədrinin müavini Asəf Quliyev hesab edir ki, hakimiyyət bu cür görüşlərlə yerlərdəki narazılığı qismən də olsa yatırtmağa çalışır: “Regionlarda etiraz dalğası başlayıb və bunun qarşısını hansısa görüşlərlə almaq mümkün deyil. Üstəlik düşünürəm ki, bu görüşlərə əsasən YAP-ın yerlərdəki üzvlərini, büdcə təşkilatlarında çalışanları yığacaqlar. Hakimiyyət həm özünü aldadır, həm də sübut edir ki, ölkədə sosial-iqtisadi vəziyyət pisdir, xalq bunların idarəçiliyindən təngə gəlib. AXCP olaraq biz bütün bölgələrə səfər edib problemləri öyrənir və ictimailəşdirik. Bunun özü də hakimiyyətə təsir edir. Görürlər ki, yerlərdə camaat müxalif qüvvələrə rəğbət bəsləyir. Müxalifət partiyalarına axın artır. Gənclər sürətlə müxalifətin sıralarına qoşulurlar. Ona görə də təşvişə düşüb bu cür təşəbbüslər ortaya atırlar. Aydın məsələdir ki, belə qəbullarla vəziyyəti müsbətə doğru dəyişmək mümkün deyil. Bunun üçün köklü islahatlar getməlidir ki, hakimiyyət də bunda maraqlı deyil”.