Vidadi Isgəndərlinin qrammatikası

Bəri başdan qeyd edim ki, bugünkü yazımı “Facebook” sosial şəbəkəsinə həsr etmək istəyirdim. Mövzuya aid kifayət qədər material var idi, Fəzail Ağamalının açıq və Eynulla Fətullayevin üstüörtülü şəkildə bu karvanı durdurmaq istəyinin arxasında nələrin dayandığı haqda söhbət açmaq istəyirdim. Lakin hüquq müdafiəçisi Vidadi Isgəndərlinin özünü prezidentliyə namizəd elan etməsi və bu addımı ilə əlaqədar “Facebook”da yazdığı statuslar məni fikrimdən daşındırdı. Əvvəlcədən qeyd edim ki, Vidadi bəyin namizədliyini irəli sürməsində heç bir qəbahət görmürəm. Özünü layiq bilib və irəli sürüb, öz işidir. Hədəfə rejimi yox, müxalifət liderlərini almasını da onun vicdanına buraxaq. Mən onun müxalifət haqda yazdığı bəyanat xarakterli statuslardan sonra onunla hər hansı bir polemikaya girməyi də lüzumsuz sayıram. 
Məsələ burasındadır ki, mən onun statuslarını oxuyarkən dəhşətə gəldim. Söhbət onun AXCP və onun lideri haqda yazdıqlarından getmir. Bunlar bizlər, Əli bəy üçün nə birinci haldır, nə də axırıncı…
Azərbaycan prezidentliyinə namizədliyini irəli sürürsənsə, dövlət atributlarımızdan biri olan dilimizə, onun qaydalarına hörmətlə yanaşmalısan, yəni ən azı bu dildə yazmağı bilməlisən. Yazdığın statusları minlərlə insan, yəni potensial seçicin oxuya bilər. Vidadi bəyin heç 100 cümlə olmayan statuslarında təxminən 100-ə qədər(!) hərf və üslub səhvini görməmək mümkün deyildi. Razılaşın ki, bu fəlakət, həm də insanları təhqirdir. Daha dəhşətlisi odur ki, Vidadi bəy demokratiya sözünü yaza bilmir. Təxminən 3 dəfə bu sözü statuslarında işlədir və hamısında da kobud səhvlər buraxır. Nəzərə alın ki, demokratiya hər dildə eyni şəkildə yazılır. Mən ən sadə gündəlik işlətdiyimiz söz və ifadələrdə buraxılan səhvlərdən 15 dənəsini sizin nəzərinizə çatdırmaq istəyirəm. Birinci sözlər Vidadi bəyə, tiredən sonrakılar isə düzgün variantlardır. Buyurun…
Kobut – kobud, buldoxor – buldozer, demokras – demokrat, damokratiya – demokratiya, faişə – fahişə, idaya – ideya, qorxax – qorxaq, bədbaxt – bədbəxt, mübanisə – mübahisə, üzur – üzr, vanhimə – vahimə, həyəyat – həyat, göterməli – götürməli, dəmək – demək. Kifayətdir, məncə…
Zənnimcə, şərhə ehtiyac yoxdur. Mən Vidadi bəyin mənə də aid olan statusunu nəzərinizə çatdırıb etika çərçivəsində ona cavab verməyə çalışacam. Diqqət olduğu kimi, hətta şriftinə də toxunmuram. Bəri başdan deyim ki, bir az lotuyana bəyanatdır: “4 SAATDI NAMIZƏDLIYIMI IRƏLI SÜRMUŞƏM 1000 MÜSAVATCILAR- AXCP-CI DOSTLARIM SUSUR BILIRSINIZ NIYƏ?.. YUXARIDA QEYD ETMIŞƏM, ƏZIZLƏRIM MƏN PREZIDENT OLMAQ ÜCÜN NAMIZƏDLIYIMI IRƏLI SÜRMƏMIŞƏM…”.
Vidadi bəy bu statuslara heç kimin reaksiya verməməsindən bərk qəzəblənib. Təsəvvür edin, adam sosial şəbəkədə namizədliyini elan edən status yazır, bir allah bəndəsi belə ona xeyir-dua vermir. Dörd saat gözünü statusuna dikib, bir “like” belə görməyəndən sonra alışır bizim canımıza, demokratiya, hər kəsin ifadə özgürlüyü, yaddan çıxır.
Vidadi bəyin məntiqinə görə, bu əndirabadi statusu oxuyan kimi, mən də nəsə fövqəladə bir addım atmalı imişəm. Heç olmasa yazmalı idi ki, nə etmək, hara gəlmək lazımdır, onu da yazmayıb. Sadəcə AXCP və onun lideri hədəfə alınıb. O qədər tanış ssenaridir ki, hər kəs bunun nə ilə qurtaracağını asanlıqla təxmin edə bilər. Amma razılaşın ki, bu, oxşar texnologiyaların ən pintisidir. Son dayanacaq isə, adətən Lider televiziyası olur…
Şəxsən mən özümü həmişə sıravi AXCP üzvü hesab etmişəm və edəcəyəm. Hər an digər əqidədaşlarım kimi həbsə də hazıram, şərə də, cismani cəzaya da. Üzvlərimizin üst-üstə aldıqları həbs cəzaları 100 ildən artıq edər. Minlərlə şəhidimiz, Həsən Kərimov, Asəf Quliyev, Qənimət Zahid, Gözəl Bayramlı, Təzəxan Mirələmli kimi simvollarımız, 20 ildir rejimə qarşı açıq, çəkinmədən mübarizə aparan, bu yolda bütün məhrumiyyətlərə sinə gərən liderimiz var. AXCP-yə Əliyev rejiminin fitvası, vədi ilə böhtan atılması da danılmazdır. Olsun, amma mən hüquq müdafiəçisinə öncə ana dilimizdə yazıb-oxumağı öyrənməyi arzu edirəm. Inanıram ki, gələcək statuslarında demokratiya sözünü doğru-dürüst yaza biləcək…
Öz aramızdır, qalan məsələlər “düzələnə” oxşayır…