Tanınmış jurnalist baş redaktoru topa tutdu

Xalid Niyazov məqaləsilə Bəxtiyar Sadıqova yerini göstərdi

“Azərbaycan” qəzetinin sabiq şöbə müdiri, tanınmış jurnalist Xalid Niyazov qəzetin baş redaktoru Bəxtiyar Sadıqov barədə tənqidi yazı ilə çıxış edib. Xalid Niyazovun “Bəxtiyar Sadıqovun özü və sözü” sərlövhəli məqalə “Azpolitika.info” saytında yerləşdirilib. Tanınmış jurnalist əvvəlcə “Azərbaycan” qəzetindən çıxmasından söz açıb:
“Mən dörd ay əvvəl ”Azərbaycan” qəzetindən getdim. Ömrümün ən yaxşı 15 ilini verdiyim, çörək təknəsi deyil, bir könül məbədi bildiyim qəzetdə dövlət quruculuğu şöbəsinin redaktoru idim. Nə qədər ciddi yaxud kinayəli səslənəcək deyə bilmərəm, amma bu dünyada çox nadir insanlardanam ki, vəzifəmi layiqincə yerinə yetirdim, məqsədimə çatdım…
…Məmləkətdə dövlət qurulub tam başa yetdiyinə görə qəzetin baş redaktoru Bəxtiyar Sadıqov həmin şöbəni ləğv etdi. Bir dövlətcanlı, vətənpərvər vətəndaş olduğuma görə həmin “ləğvetmə” əməliyyatının kobud qanun pozuntuları ilə müşayiət olunmasının, yəni sadə dildə desək, hikkə və qərəzin badına getmiş normativ əyər-əskiklərin fərqinə varmadım. Zira, əsas olan mən deyildim. Əsas olan B.Sadıqovun kommunist sələfi Vladimir Ulyanov kimi “permanent inqilab nəzəriyyəsinə” uyğun olaraq ayrıca götürülmüş bir ölkədə dövləti qurub başa çatdırması barədə “raport”u idi.
Qəzetin əsil sahiblərinin müdrik sükutu (hər kəs öz canının harayındadır – !) Azərbaycanda dövlətin qurulduğu barədə cəmiyyətə mesac verdi”.
Xalid Niyazov daha sonra bir müddət əvvəl Bəxtiyar Sadıqov barədə yayılan məlumata və baş redaktoruna buna reaksiyasına toxunub. Söhbət Elşad Abdullayevdə Bəxtiyar Sadıqlovla da bağlı videonun olmasından və baş redaktorun bu barədə məqaləsindən gedir. Xalid Niyazov yazır: “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov martın əvvəllərində adının mətbuatda Elşad Abdullayevlə birlikdə hallandırılmasına sərt təpki verdi. Düzdür, bir qədər gec oldu (Hər halda Fransayla əlaqə saxlamaq, müəyyən zəmanətlər almaq, hansı ifadələri işlətməyin icazəsini razılaşdırmaq az sayılacaq iş kimi görünməsin sizlərə – !), amma “od püskürdü”, asıb-kəsdi, bütün elektron medianı, “Azadlıq” və “Yeni Müsavat” daxil “dağıdıcı müxalifətin” çap mediasını təhqir etdi, həmin kollektivlərdə işləyənləri başıləçəkli adlandırdı. Ömrü boyu sözün qeyrətini ikiparalıq edənlər sözdən, ləçəyin namusu barədə təsəvvürü belə olmayanlar (evdə bişməyib, qonşudan gəlməyib-!) ləçəkdən danışırlar.
Bu adamın başına deyil, yaşına, mətbuatdakı təcrübəsinə görə özündən bir 30-40 yaş cavanlara hansısa bir nəsihəti verməsi, irad bildirməsi bəlkə də başadüşüləndi. Amma təhqir etmək, aşağılamaq… bu artıq əndazəni aşmaqdır”.
Tanınmış jurnalist məqalədə Bəxtiyar Sadıqovun da Elşad Abdullayevlə eyni səviyyənin adamı olduğunu, baş redaktorun Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə xəyanət edə bilcəyinə işarə vurur.