“Görüşlər davam edəcək”

Eldar Namazov: «Bu müzakirələrin birinci mərhələsi kifayət qədər faydalı oldu»

“Yeni formatda bütün məsələlər, o cümlədən prezident seçkiləri ilə bağlı məsələlər sonrakı mərhələdə müzakirə olunacaq”. Bunu APA-ya “El” Hərəkatının Idarə Heyətinin sədri Eldar Namazov deyib.
Onun sözlərinə görə, Müsavat Partiyası, AXCP və “EL” Hərəkatı arasında mətbuata qapalı keçən görüşdə ilkin müzakirələr demokratik düşərgənin inteqrasiya problemi ilə bağlı olub. Müzakirələrdə liderlərin vahid mövqedən çıxış etdiyini deyən E.Namazov bu tipli görüşlərin davamlı olacağını və konkret nəticə əldə olunduqdan sonra geniş açıqlama verəcəklərini bildirib: “Hazırda görüşlərdə əsasən birlik məsələsi müzakirə predmeti kimi qəbul olunub. Düşünürəm ki, bu müzakirələrin birinci mərhələsi kifayət qədər faydalı oldu. Prinsiplər və yanaşmaların təqribən vahid mövqedə olduğu nümayiş olundu. Eyni zamanda bu prinsiplərin əsasında artıq konkret məsələləri müzakirə etmək barədə razılığa gəldik və bununla bağlı yaxın günlərdə bizim növbəti görüşümüz olacaq.
E.Namazov Rüstəm Ibrahimbəyovun təklif etdiyi Milli Şura ilə bağlı danışıqların aparıldığını da qeyd edib:”Mən müxalifətin yeni böyük birliyinin yaranması üçün Rüstəm Ibrahimbəyovun təklif etdiyi Milli Şura ideyasının reallaşmasının tərəfdarıyam. Hesab edirəm ki, həm aparıcı siyasi partiyalarda, həm də cəmiyyətdə bu ideyaya müsbət yanaşma və böyük gözləntilər var. Həmin ideyanın reallaşması üçün isə konkret məsələlər ətrafında razılığa gəlmək lazımdır. Bu danışıqlar başa çatdıqdan sonra daha geniş açıqlamalar verəcəyik. Sonra isə yeni formatda bütün məsələlər, o cümlədən prezident seçkiləri ilə bağlı məsələlər də müzakirə olunacaq”.