Doğuş baş verir. Yavaş-yavaş. Çağ ötdükcə çoxalan sancılar, getdikcə artan ağrılarla. Doğuş baş verir: Ayrı Azərbaycan doğulur. Bunu gənclərin 12 yanvar aksiyası göstərmişdi, 10 mart aksiyası bir daha göstərdi!
Kimlərsə, hansısa əliyevçi “sabitlik” yolçuları, gəncləri qaralamağa qalxıblar: “Əsgər ölümləri üç-dörd il qabaq da olurdu, gənclər onda niyə aksiya keçirmirdilər?”. Əxlaqsızcasına, satqıncasına yanaşmadır. Öz sözündən tutub, adamdan soruşarlar: üç-dörd il qabaq ölkədə savaşdanqıraq əsgər ölümləri baş verirdi, sən niyə buna reaksiya vermirdin? Axı, sən şair, yazıçı, jurnalist, hüquqçu, nə – bir sözlə, oxumuş olaraq belə yerdə susmamalı, sözünü deməlisən. Bəlkə, indi “Əsgər ölümünə son!”, “Əsgərimiz ölməsin, ordu morqa dönməsin!” çağırışı ilə MEYDANA çıxan gənclik illərlə səni, sənin təpərə gəlib dillənməyini, orduda getdikcə artan əsgər ölümlərinə qarşı çıxacağını gözləyib? Gözləyib, gözləyə-gözləyə qalıb; gözlədiyini görməyib. Sən illərlə ona onun istəklərindən yox, özünün cılız duyğulara, düşkün düşüncələrə bürünmüş istəklərindən danışmısan. Belə-belə illər ötüb, indi o özü danışmağa, ürəyinin sözünü deməyə çıxıb. Dediyi nədir: “Əsgər ölümlərinə son!” Sən bunu istəmirsən? Yanaşmandan göründüyü kimi, yox. Niyə? Qabağına atılan YALA görə!
Yalnız üç-dörd il deyil, 20 ildir bu ölkədə boş-boşuna, döyüşdənqıraq durumda əsgər ölümləri baş verir. Statistika belədir: son 20 ildə 4 minə yaxın, son 10 ildə 700-ə yaxın, son iki ayda 17. “Istənilən pulu verə bilmədiyimə görə, xəstə oğlumu əsgərliyə apardılar”, – bunu oğlu orduda ölmüş-öldürülmüş ata M.Əliyevaya yazır. Oğlunu əsgərlikdən saxlamaq üçün dövlət-ordu görəvlisi Ilqar Əlimirzəyev ondan 5000 manat pul istəyib. Ata gərəkən pulu tapa bilmədiyindən oğlunu aparıb… öldürüblər! Belə faktlar bir deyil, beş deyil, on deyil… yüzlərlə, minlərlədir! Bu gün ölkənin istənilən ən ucqar yerinə gedib əsgərlik yerlərinin qiymətini öyrənə bilərsən: haranın qiyməti neçə min manatdır. Ölkənin ən ucqar yerlərində də bunu hamı bilir, bircə… prezident “bilmir”. Elə bizim faciəmiz də bundadır: hamının bildiyini prezident “bilmir”. Buna görə o, “Əsgər ölümünə son!” çağırışında bulunanları ANTIMILLI ÜNSÜRLƏR adlandırır.
Buna görə o, 10 mart aksiyasını qabaqkından daha artıq amansızlıqla dağıtmaq göstərişi vermişdi. Bu göstərişin çağırışı yalnız belə ola bilər: “Əsgər ölümünə son qoyulmasın!”. Bu isə prezident-ali baş komandan adlanan kimsə üçün içdiyi andı pozmaq – dönüklük deməkdir. “Müdafiə nazirliyinin” 10 mart aksiyası ilə bağlı yaydığı “bəyanat” da “Əsgər ölümləri sürdürülsün!” kimi dəyərləndirilə bilər – aksiyaya qatılanlar… pul alıb aksiya keçirməkdə, buna görə “əxlaqsızlıqda” suçlanır. Altı rayonu verib ordu başına çıxmaq, rüşvət-korrupsiya axarında ordunu içindən qırmaq, dağıtmaq, sarsıtmaq ƏXLAQLI iş sayılır, qırıcı-dağıdıcı görsənişləri aradan qaldırmaqla ordunun güclü olmasına çalışmaq ƏXLAQSIZLIQ olaraq dəyərlənidilir. Göstərilən yol, qabaqcadan vurulan damğa öz işini görür: ANTIMILLI ÜNSÜRLƏR!
Akademik Z.Bünyadov ordudakı dağıdıcı korrupsiya faktlarını parlament tribunasına çıxarmaq istəyirkən… öldürüldü. 2007-ci ildə ünlü bir jurnalistin qəzetdə ordudakı milyonlarla manatlıq yeyinti-mənimsəmə faktları ilə bağlı böyük araşdırma yazısı çıxdı. Aradan az keçmiş başqa ad altında onu tutub, dustaq etdilər. “Əsgər ölümləri üç-dörd il qabaq da olub” demaqogiyasına gəlincə, Xəlil Rza demiş: “Fil balası filə dönür yavaş-yavaş…”. Ölkəni getdikcə daha artıq bürüyən qanunsuzluq-dərəbəylik, rejim adamlarının aşırı qudurğanlığı, bunların illərlə adamlarda doğurduğu neqativ enerji ELLIK partlayış qaynağı olaraq bir yox, bir çox aksiyalar üçün tüstülənən FITIL rolunu oynamaqdadır.

Ayrı Azərbaycan
•