Böyük filosof və mütəfəkkir
Seyid Yəhya Bakuvi Bakıda Xəlilullahın sarayında yaşamış alim və mütəfəkkir, xəlvətiliyin yaxın və orta şərqdə ən böyük təmsilçisi olmuşdur. Onun inkişaf etdirərək yenidən təsis etdiyi xəlvətilik təriqəti XV əsrdən etibarən müsəlman aləmində böyük təsirə malik olmuş və geniş yayılmışdır. Xəlvəti sözünün lüğəti mənası “tənha yer”, “tənha yerə çəkilmək”dir.
Seyid Yəhya Bakuvi iyirmidən çox əsəri ilə xəlvətiliyin təsəvvüfi-fəlsəfi əsaslarını quraraq günümüzə qədər gəlməsini təmin etmişdir. Xəlvəti şeyxləri arasında bu sayda və çeşiddə əsər yazan başqa bir kimsə yoxdur. Əsərlərindəki mövzuları çox vaxt Qurani-Kərim ayələri və Hz.Məhəmmədin hədisləri ilə əsaslandırması Seyid Yəhya Bakuvinin Quran və hədis biliyinin dərinliyindən xəbər verir. S.Yəhya “Alimin zilləti həlak edər. Cahilin fəsadı özündən başqa heç kimə zərər verməz. Alim elmi ilə hərəkət etmiş olsa, bütün aləmə bərəkəti yetişər. Alim (elmə) əməl etdiyi zaman onun sirləri saflaşar” kimi hikmətli sözlərin də sahibidir. S.Yəhya bir çox sufi kimi, elmi biliyi sadəcə təsəvvüfdə əsas hesab etməmiş, digər dini elmlərə də dəyər vermişdir.
Demək olar ki, xəlvətilik təriqətinin təqribən 200 illik üsul və prinsipləri ilk dəfə onun tərəfindən yazıya alınmışdır. Hətta bu üsulların bir çoxu ilk dəfə S.Yəhya tərəfindən müəyyənləşdirilərək tətbiq olunmuşdur.
Seyid Yəhya Şirvanşahlar dövlətinin elmi, siyasi və mədəni mərkəzi sayılan Şamaxı şəhərində doğulmuşdur. Seyid Yəhyanın doğum tarixi barədə qaynaqlarda heç bir məlumat verilməmişdir. Ancaq onun XIV əsrin sonlarında doğulduğunun təxmin edilməsinə sövq edən bilgilər vardır. Bunlardan biri Nəzminin Bakıda qırx ildən çox yaşamasını nəql etməsidir. Bu mülahizə həqiqət kimi qəbul edildikdə, Seyid Yəhyanın 1466-cı ildə vəfat etdiyini nəzərə almaqla onun Bakıya 1426-cı ildən öncə gəldiyi söylənilə bilər. Pir Məhəmməd Ərzincani Bakıya gedərkən Ərzincana gəlib onunla görüşən Çələbi Xəlifəyə: “O indi çox yaşlandı, yaxında vəfat edər” dediyinə baxılırsa, S.Yəhyanın uzun ömür sürdüyü anlaşılır. Bu biliklər işığında onun XIV əsrin sonlarında doğulduğu söylənilir.
Şeyxin tam adı əs-Seyid Cəmaləddin Yəhya ibn əs-Seyid Bəhaəddin əş-Şamaxi əl-Bakuvidir. Şamaxıda anadan olmasına baxmayaraq, o, hakimiyyət mərkəzi olan Şirvana mənsub edilmişdir. O dövrlərdə Şirvan bölgəsində olan üləma və şeyxlərin Şirvani nisbəsi ilə yad olunması geniş yayılmışdı. Şirvani nisbəsi ilə yanaşı, ona Bakuvi nisbəsinin də verilməsi həyatının ən uzun və mühüm dövrünü Bakıda keçirməsi, oradakı irşad fəaliyyəti ilə ətraf aləmdə tanınıb məşhur olması və burada vəfat etməsi ilə əlaqədardır. Azərbaycan mənbələrində daha çox Yəhya Bakuvi kimi yad edilir.
Şamaxıdan Bakıya yolçuluq
Seyid Yəhyanın atası altıncı imam Musa Kazımın soyundandır. Şeirlərində Seyid təxəllüsü istifadə etmiş, əsərlərinin sonunda adını Yəhya əl-Hüseyni yazaraq seyid olduğunu bildirmişdir. Babaları nəqiblər sülaləsindən olmuşdur.
Onun uşaqlıq illəri Şamaxıda, ailəsinin yanında keçmişdir. Uşaqlıq dövrünə aid əlimizdə ancaq mənqəbə kitablarında xatırlanan məlumatlar vardır. Bu mənbələrdən onun zəngin və nüfuzlu bir ailədə doğulduğu anlaşılır. Ailəsinin seyid olması da onun öz mühitində sayılan və sevilən biri olmasını təmin etmişdir. Bütün bunlarla yanaşı kiçik yaşlarından əxlaqı və tərbiyəsi ilə insanlar üzərində müsbət təsir oyatmışdır.
Əsərlərinin çoxunu ərəb dili və fars dilində yazmış olması, öz doğma Azərbaycan türkcəsi ilə yanaşı bu iki dilə də hakim olması S.Yəhyanın mükəmməl bir təhsil aldığını göstərir. Əsərləri Islam dininə aid bir çox elm sahəsinə dərindən bələd olduğu təsəvvürünü yaradır. Şamaxıdan nə vaxt getməsinə dair bir məlumat olmasa da, təhsilini doğma şəhərində tamamladığı ehtimal edilir.
Seyid Yəhyanın müəllimlərinin kim olduğuna dair məlumatı “Şəfaül-əsrar” əsərində vermişdir. Burada yad etdiyi adlardan “ustadım” dediyi Şeyx Şəmsəddin Əxıskətidən fiqh elmini, Mövlana Hafizəddin əl-Gərdəridən ərəb dili, bəlağət və xitabəti, “ustadım və sənədim” dediyi Mövlana Tacəddindən hədis və fiqh elmlərini, Qütbəddin əs-Sərabidən əqaid və kəlam elmlərini öyrənməsi məlumdur.
S.Yəhya qırx ildən çox Bakıda yaşamışdır. Tarixi mənbələrdən S.Yəhyanın Bakıya XV əsrin 20-ci illərində gəlməsi qənaəti hasil olur. Bakıya getməsinə səbəb olan hadisə Şeyx Sədrəddinin vəfatından sonra şeyxlik məsələsində Pirzadə ilə aralarında çıxan ixtilafdır. Şeyx Sədrəddin vəfatından öncə tərəfdarlarını toplayaraq Seyid Yəhyanı yerinə təyin etmiş və ona itaət etmələrini söyləmişdir. Lakin şeyxin ölümündən sonra Pirzadə onun yerinə taxta əyləşmiş və S.Yəhya Bakıya köçmüşdür.
S.Yəhyanın Bakıya köçdüyü dövr Şirvanşah I Xəlilullahın xan olduğu dövrə təsadüf edir. O, Bakıda Şirvanşah I Xəlilullah xanın da yardımı ilə xəlvətiliyin ilk böyük xanəgahını açmışdır. Bakıdakı xanəgahın inşasında Şirvanşah I Xəlilulllah xanın yardımçı olmasını Seyid Yəhya türbəsinin ətrafında Şirvanşah tərəfindən inşa edilən məscid və digər binalardan da anlamaq mümkündür. Mənbələrdə də Şirvanşah I Xəlilullahın ona böyük yardım göstərdiyi və hörmət etdiyi qeyd edilmişdir.
Elmə və ilahi eşqə həsr olunan 100 il
S.Yəhya Kəşfül-qülub əsərini Şirvanşah I Xəlilullaha ithaf etmişdir. Bu da onların aralarındakı yaxşı münasibəti göstərən əlamətlərdən biridir. Seyid Yəhya müridlərinə uzun ömür verməsi üçün Allaha dua edərkən “Xəlil bəyə dua edin, çünki mənim ömrüm onun həyatıdır” – demişdir. Həqiqətən də Şirvanşah I Xəlilullah xanın ölümündən doqquz ay sonra S.Yəhya da vəfat etmişdir.
Mənbələrdə S.Yəhyanın ailə həyatı ilə də bağlı məlumatlara rast gəlinir və məlum olur ki, onun xanımı şeyxin qızıdır. Şeyx Sədrəddin gələcəkdə xəlvətiliyin ən böyük şeyxi olacaq istedadlı müridi S.Yəhyanı qızı ilə evləndirmişdi.
S.Yəhyanın övladlarının sayı barədə dəqiq məlumatlar olmasa da üç oğlunun olması dəqiq bilinir. M.Nəzmi S.Yəhyanın böyük oğlunun adının Fəthullah olduğunu və atası vəfat etdikdən sonra onun yerinə Bakıda səccadəyə oturduğunu bildirir. Fəthullah atasından sonra bir il şeyxlik etdikdən sonra vəfat etmiş və atasının yanında dəfn olunmuşdur. Şeyxin üçüncü oğlu barədə məlumat verən Həsən Krımi onun adının Nəsrullah olduğu, Krım xanı tərəfindən dəvətlə Krıma getdiyini bildirir. Nəsrullah burada ona bağışlanan təkyədə şeyxlik etmişdir. O, həm də Krım xanlığının Nəqibül-əşrafı vəzifəsində işləmişdir. Krım və ətrafında xəlvətilik onun vasitəsi ilə yayılmışdır. XVII əsrə kimi Krımda Şeyx Nəsrullahn nəsli davam etmişdir.
Seyid Yəhya Bakıda vəfat etmişdir. Vəfatı haqqında müxtəlif tarixlər göstərilsə də, əksər mənbələr həqiqətən S.Yəhyanın Şirvanşah I Xəlilullahın ölümündən 9 ay sonra öldüyünü göstərir.
Şirvanşahlar dövlətinin görkəmli tədqiqatçısı Sara Aşurbəyli Əbdürrəhman Cəlaluddin əs-Suyuti və Məhəmməd ibn Əhməd ibn Ilyasa əsaslanaraq yazır: “Şirvanşah I Xəlilullahın ölüm tarixi Misir tarixçisi Əbdürrəhman Cəlaluddin əs-Suyutinin (1445-1505) ”Nəzm əl-ükban fi iyan” əsərində belə qeyd edilmişdir: “Şirvan hökmdarı Xəlil ibn Məhəmməd əd-Dərbəndi, Şamaxı hakimi, hökmdarların möhtərəmi, mömini, ləyaqətlisi və ədalətlisi olmuşdur. O, böyük müsəlman hökmdarlarının sonuncusudur. Şirvan və Şamaxı məmləkətlərində əlli ilə yaxın hökmdarlıq etmiş və 869-cu ildə (miladi 03.09.1464-23.08.1465) ölmüşdür. Onun yüz, yaxud ona yaxın yaşı vardı. Buna baxmayaraq asanlıqla oxuyurdu və sapsağlam idi”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir