Hakimiyyətin yarıtmazlıqlarına qarşı keçirilən hər aksiyadan sonra müxalifət aksiyanın baş tutduğunu, yapistlər isə alınmadığını, bir neçə “ünsürün”, “iki-üç avara gəncin” qarışıqlıq salmaq məqsədilə icazəsiz aksiya cəhdinin uğursuzluqla nəticələndiyini deyir.
Aksiyanın baş tutması ötən dəfəkindən daha çox etirazçının toplaşması deyil. Aksiyaya on adam çıxsa belə, bu, yenə də uğursuzluq deyil. 9 milyonun yarıdan çoxu, bəlkə də şüurlu qisminin 90 faizi hakimiyyətdən narazıdı, mitinqə çıxanlar da elə onların övladlarıdı, hardansa Marsdan-filandan gətirilməyib. Ancaq hələ ki, xalq etiraz aksiyalarına kütləvi tərkibdə qoşula bilmir, bunun da bir çox səbəbləri var. Qorxudan, həbs olunacağı halda ailəsinin acından ölmək təhlükəsindən tutmuş etirazın təşkilatlanması məsələsinə qədər. Təşkilatlanmadakı axsamaların da səbəbləri az deyil. Lakin bunun başında xəbərləmə, təbliğat, təşviqat gəlir. Qısa desək, informasiya qıtlığı. Bütün ölkəyə yayımlanan bir azad telekanal yetər ki, milyonlar küçələri doldursun.
Əlbəttə, sayca artım da ciddi məsələdi. Hər kəsə gün kimi aydındı ki, on minlərin qarşısında durmaq hətta ən müstəbid hakimiyyətlər üçün də asan deyil. Bu o deməkdi ki, bütün dünya sənin hakimiyyətinin dəstəklənmədiyini görür, bir növ sənin dediyin yalançı sevginin üstü açılır və legitimliyini itirirsən. Bütün xalqa “ünsür” deyə bilməyəcəklər ki! Sonuncu 10 mart aksiyasında sosial şəbəkədə hələ 22 min şəxsin aksiyaya qatılacağını söyləməsi rejimin canına birə salmışdı və hazırlıqlarını da buna görə görmüşdülər. Bəli, hər aksiyada əvvəlkindən bir az daha artıq iştirakçı olur və bu artım da hakimiyyəti məhz xalq sevgisi mifinin ifşa olması baxımından qorxudur.
Azərbaycanda aksiyaların bu cür dinc şəkildə keçirilməsi isə məni ayrıca məmnun eləyir. Bizi bəlkə də bütün dünyaya mübarizəmizdə necə tərbiyəli olduğumuzu göstərir. Ən mədəni Avropa ölkəsində belə etiraz aksiyaları bu qədər zərərsiz keçirilə bilmir. Inanın, o mədəni ölkələrdə bizdəki qədər illərin zülmünü və allahsızlığı görmüş olsaydılar, avtomobillərə, dükan bazara deyil, bir həmlədə dövlətin təməlinə od vurardılar. Elə ərəb inqilablarını götürək. Bəli, bu gün cəmiyyətdə hakimiyyətin apardığı əxlaqsız deqradasiya siyasətinin nəticəsində indiyəcən görünməmiş aqressiya, vəhşilik müşahidə olunur. Bunu görmək üçün orduda baş verən və hər gün kriminal xronikada göstərilən xəbərlər, cinayətlərin forması bəs edir. Ancaq müxalifətin keçirdiyi aksiyaların temperamenti bu millətin nə qədər mədəni olduğundan soraq verir. Sadəcə, kütlələri kimin idarə etməsi məsələsi var. Hakimiyyətin təsiri altında olan cəmiyyət öz amansızlığına görə seçilir. Iş çox təhlükəli həddə gəlib çıxıb, ancaq müxalifətin idarə etdiyi və ya özünün də bir komponent olduğu kəsim mədəniliyinə görə dünyaya nümunə sayıla bilər. Bunun üçün müxalifətə də bir təşəkkür düşür.
Təəssüf ki, aksiyalardakı insan artımı Əliyevin pensiya artımı ilə üst-üstə düşür. Lakin əsaslı bir fərq var. Pensiyalardakı artım (60-70 qəpik) göz qabağındadı. Nəzəri cəhətdən artırıb-azaltmaq mümkün deyil. Aksiyalarda isə artan hər on nəfərin arxasında azı min nəfər durur, ən önəmlisi isə budur ki, hər dəfə hakimiyyət öz antixalq mahiyyətini bir az daha açır. Dillərindən düşməyən “millət-vətən” şüarları fonunda dünənəcən müqəddəs sayılan şəhid valideynləri bir kərə etiraza qalxan kimi yerlə sürüdülür, döyülür, alçaldılır, ünsür sayılır. Şəhid övladlarının şəkli ayaq altına atılır. Və mif qırılır. Bu hakimiyyətə görə şəhidin ata-anası öz oğlunun ruhuyla alver etməli, hakimiyyətin cinayətlərinə şərik olmalıdır, vəssalam. Şəhid Milli Qəhrəman ataları var ki, indi oğlunun cənazəsi üstündən ona-buna vəzifə dəllallığı etmək, özlərinə var-dövlət yığmaqla məşğuldurlar. Mənə görə, keçirilən aksiyaların birinci gözəl yanı bu – hər dəfə rejimin iç üzünün bir az da açılması. Artıq açılacaq bir şey də qalmayıb zatən…

Milli Qəhrəman ataları var ki…
•
•