AXCP sədrindən hakimiyyətə güllə kimi sözlər
AXCP sədri Əli Kərimli bu gün özünün Facebook səhifəsində qaynı Elnur Seyidovun məhkəmə qarşısına çıxarılması ilə bağlı hakimiyyətə çağırış üslubunda münasibət paylaşıb. AXCP sədri yazır:
Bu gün qaynım Elnur Seyidovun məhkəməsi başlandı. Bir ildir ki, onu qanunsuz olaraq MTN təcridxanasında saxlayırlar. Elnuru həbs etməklə hökumət praqmatik olaraq heç nə əldə etmir. Elnur siyasətçi deyil ki, həbslə onun fəaliyyətini məhdudlaşdırsınlar. Elnuru həbs etməklə mənim mövqeyimə də təsir etmək mümkün deyil. Əvvəla, Elnur siyasi məqsədlə həbs olunan ilk yaxın qohumum deyil. Əvvəllər də qohumlarım mənə görə həbs olunublar. İkincisi, həbs olunan hər bir əqidədaşım, cəbhədaşım mənim üçün yaxın qohumdur, böyük ailəmin üzvləridir. İndiyə qədər xeyli cəbhəçi dostum siyasi məhbus həyatı yaşayıb və bunlar təbii ki, mənim mövqeyimə təsir etməyib. Nəhayət, Elnurun mənim qərarlarıma və mövqeyimə təsir imkanı da yoxdur. Hökumət ondan nə istəyir?
1989-cu ilin dekabrında BDU-nun hüquq fakultəsində dərsləri buraxıb 90 nəfər könüllü ilə bərabər Qarabağa gedəndə mənim 24 yaşım var idi. Valideynlərim mənim qərarıma təsir edə bilməmişdilər. 2 il sonra dövlət təyinatı ilə işləməyə göndərildiyim prokurorluq orqanlarında işləməkdən imtina edəndə də valideynlərim və digər qohumlarım qərarıma təsir edə bilməmişdilər. İndi mənim 48 yaşım var. Həm də on minlərlə insan siyasi taleyini mənə həvalə edib. Qaynım mənim qərarlarıma necə təsir etsin? Sizinlə mübarizəni mən aparıram. Əsəbləriniz dözmürsə, cəzanı da mənə kəsin. Günahsız adamlarla nə işiniz var?
Əminəm ki, xalqımız hakimiyyətin öz siyasi rəqibləri ilə zor dilində danışmasını, şərləyərək həbs etdirməsini təqdir etmir, sivil, mədəni olmayan davranış sayır; Siyasi rəqibin siyasətçi olmayan qohumlarının girov götürülməsini isə qətiyyən qəbul etmir.
Günahsız insanlar, hansı tərəfdən olur-olsun, siyasətin qurbanı olmamalıdırlar. Xəstə və təqsirsiz insanı qanunsuz olaraq həbs edib, girov saxlamaqla yalnız xalqın nifrətini qazanmaq olar.
P.S. Bu arada yeni-yeni NİDA-çı gənclərin istintaqa cəlb edilməsi quraşdırdıqları saxta cinayət işinə ciddilik görkəmi vermək üçündür. Xeyri yoxdur. Xalqı aldada bilməyəcəksiniz. Hamı bilir ki, gənclərin başlatdığı yeni dalğadan qorxuya düşmüsünüz. Gəncləri qorxutmağa çalışırsınız. Alınmayacaq!