Biz günahkarı tanıyırıq

Gənclərin aksiyasından 3 gün keçdi. Ancaq rejim qəzetləri və televiziyaları hər gün yüksələn xətlə aksiyanın “təbliğatını” aparırlar. Yəqin yaxın günlərdə müğənnilər, aktyorlar da münasibət bildirəcəklər, daha doğrusu buna məcbur ediləcəklər. Bunu, ümumi mənzərəni göstərmək üçün yazdım.
Hakimiyyətin yeni deputatı Ceyhun Osmanlı “Azərbaycan” qəzetində “Əsgər ölümlərinin günahkarları tapıldı” başlıqlı məqalə yazıb. Məqalə ənənəvi “yap” janrında yazılıb. Nə bilim “bu aksiyadan ermənilər istifadə edəcək”, “bu gənclər xarici dairələrin əlaltısıdı” kimi yanaşmalar.
Ancaq yenə də cəmiyyətdə Milli Məclisin deputatlarının sayı qədər adamın tanıdığı Ceyhun bəyə bir-iki xatırlatma etmək istəyirəm.
Birincisi, məqalənin adı gənclərin aksiyasına adekvat deyil. Çünki gənclər əsgər ölümlərinin günahkarını axtarmırdılar. Bildiyimz bir həqiqəti niyə axtarmalıyıq ki? Biz o aksiyada günahkarlardan cavab istəyirdik. Şüarlara diqqətlə qulaq asın, cənab deputat. Biz bu ölümlərin günahkarını çoxdan təsbit etmişik, sadəcə olaraq sizlərin “xidmətiniz” onların cəzalanmasına maneə yaradır.
MM-in havasını ciyərlərinə yenicə çəkmiş deputat sonra qeyd edir: “O gənclər əsgər ölümlərinə etiraz edərkən səmimi idilərsə, niyə əsgər anasını meydanda qoyub qaçdılar”. Afərin, Ceyhun, bu etiraf qiymətləndirilməlidir.
Gənc deputat etiraf edir ki, həmin gün o meydan döyüş meydanı idi, o meydanda əsgər analarını öldürə də bilərdilər, tapşırıq almış polis heç kimə rəhm eləməz. Belə bir vəhşiliyin önündə qadını qoyub qaçmazlar.
Ceyhun bəy siyasi partiya fəallarını nəzərdə tutursa, onlar heç vaxt meydandan qaçmır. Ya polis bölməsinə, ya da Qobustana məcburən aparılır. Ikincisi, gənclər meydandan qaçmırdılar, meydanda qaçırdılar.
Əgər belədirsə, Ceyhun Osmanlı niyə bir nümunə göstərib o əsgər anasına yardım etməyib? Palaz boyda yazısında niyə əlcək boyda bir tənqid yazmayıb?
“Aksiyaya hakimiyyət adekvat cavab verdi” yazan yapokrat, yəqin şəhid olmuş övladının portreti əlindən alınmış atanın fəryadını nəzərdə tutur.
Sonra xoşməramlı deputat deyir: “Bu gənclər hansısa şəhid ailəsinə yardım edibmi görəsən?”. Cənab Osmanlı, sizdən fərqli olaraq heç bir yerdən gəliri olmayan Əbülfəz Qurbanlı onun üçün yığılmış 1000 manatı şəhid ailəsinə bağışladı. Yenə də sizdən fərqli olaraq müxalifətçi gənclər dəfələrlə şəhid ailələri ilə bağlı tədbirlər keçirib, onların problemlərini ictimailəşdirib.
10 mart aksiyası hakimiyyətin növbəti məğlubiyyəti idi. Xalq gördü ki, hakimiyyət yalnız “Istefa”, “Azadlıq” şüarına deyil “əsgər ölümlərinə son” şüarına da vəhşiliklə reaksiya verir.
Mənim içimi göynədən, ürəyimi ağrıdan Ceyhunun bu məqaləsindəki haqsız iradları deyil, gənc bir insanın qocalmış təfəkkürüdü. Yalan maşınının təkərinə çevrilməsidi. Həqiqətdən imtina etməsidi. Bəşəriyyətin daha bir insan itkisi verməsidi.
Ermənistandan Amerikaya keçid
Uzun illərdi müxalifəti ermənipərəst adalandıran, Ermənistandan maliyyələşməkdə ittiham eləyən rejim, son günlər ermənilərə istirahət verib. Indi şou kanalı ATV-dən tutmuş Ibrahim TV-yə qədər hər kəs repertuarına antiAmerikan “əsərlər” salıb. Neçə gündür xanım Olbrayt Röyadan çox “reklam” olunur. Sən demə, Milli Demokratiya Institutu bizim cibimizə tez-tez xərclik qoyurmuş. Hələ aksiyaya çıxmağımız üçün bizi tənbeh etməklərini, “Facebook”da bizi fəvvarələr meydanına çağırmaqlarını demirəm. Yaxın günlərdə Fransanın bizə kompüter, Almaniyanın mobil telefon aldığını eşitsəniz, təəccüblənməyin. Bir sözlə, hakimiyyətdən başqa hamı bizi maliyyələşdirir.