88 faiz səslə qalib sayılan prezidenti 2 milyona yıxmaq istəyirlər?

Əliyevlər hakimiyyətinin xalqa münasibəti görün onları hara gətirib çıxardı. Yaxşı bilirsiniz ki, aylardır Rusiyanın bunları hədələdiyindən danışırlar. Elə özləri danışırlar. Ilk olaraq “Milyarderlər ittifaqı” yaranandan sonra əl-ayağa düşdülər. Qəzetlərdə ittifaqın hətta hakim ailənin qohumu olan üzvünü də təhqir etdilər. Bir yandan söyür, başqa yandan isə qorxduqlarını sezdirirlər. “Rusiyanın hazırladığı qanlı ssenarilər”, “xarici qüvvələrin hakimiyyəti hədəfə alması” və yaxud da “bu hadisələrin arxasında xarici qüvvələr dura bilər” kimi ifadələri bir çox iqtidar müdafiəçisi daim və açıq şəkildə dilə gətirirlər. Narahatdırlar və bunu gizlətmirlər. Artıq hakimiyyətdən getmiş sayılan Mixail Saakaşvilinin birdən-birə rəsmi şəkildə qəbul edilməsi və onun Ilham Əliyevlə görüşdən dərhal sonra Rusiyanın Azərbaycanda planlar hazırladığını söyləməsi də sübut etdi ki, narahatlıq ən yüksək səviyyədə mövcuddur. 
Hakimiyyətin bəzi dildən iti tərəfdarları tez-tez təkliflər səsləndirirlər: hökumət təcili islahatlara başlamalıdır ki, xalqın narazılığından xarici qüvvələr istifadə etməsinlər. Elə burada kələfin ucu görünür. Deməli, bunlar ondan qorxurlar ki, xarici qüvvələr xalqın ayağa qalxmasına kömək edə bilər. Deməli, xalqın onlardan cana doyduğunu və istənilən qığılcımla ayağa qalxa biləcəyini düşünürlər.
Onların bütün bu hay-küyü, əl-ayağa düşməsi isə əslində etirafdır. Özləri dolayı yolla boyunlarına alırlar ki, Rusiya bunları xalqla şantaj edir, xalqla qorxudur. Tankla-tüfənglə deyil, məhz xalqın qəzəbi ilə! Hakimiyyətdəki təlaş bunu deyir.
Bu halda adama sual edərlər. Deyirdiniz ki, Ilham Əliyev seçkilərdə 88,7 faiz səs toplayıb. Doğrudan da belədirsə, Rusiya necə qaldıra bilər xalqı ona qarşı? Xalqın bu cür dəstəyi varsa Ilham Əliyevə, Rusiya, ya elə başqa bir qüvvə xalqı ona qarşı qaldıra bilməz axı. On yox, yüz milyarder yığsalar belə. Bəs o qədər yüksək nüfuzu olan prezidentə qarşı inqilabı kim edəcək? Xalq onu sevirsə, inqilab niyə edir ümumiyyətlə?
Elan etdiyiniz rəqəmə inanırsınızsa, niyə əl-ayağa düşmüsünüz – gah Rusiyanın başqasını hakimiyyətə gətirməsindən, gah da ABŞ-ın Milli Demokratiya Institutunun 2 milyon dollara Facebook inqilabı eləməsindən. Xalqın 88,7 faizi səsi ilə və mütləq rəqibsiz prezident seçilən adamı 2 milyon dollara nə əcəb yıxmaq mümkündür?
Əslində, qorxulası bircə amil var. O da cəmiyyətin qəzəbi, xalqa edilən zülmlərin bunlara yaratdığı nifrətdir. Çünki elan edilən rəqəmlər saxtadır. Xalq bu hakimiyyətin amalını, əməlini yaxşı bilir, sadəcə illərdir repressiyalardan qorxaraq susub. Indi isə onun qorxusu əriyir və yeni gənclik qorxuya, təzyiqə qalib gəlmək əzmindədir. Hakimiyyətdəkilər də bunu hiss edir deyə, Rusiyanın hədəsindən də qorxur, ağlına gələn hər yalandan da. Bəlkə yuxuda inqilab görüb səksənirlər. Gənclərin dövlət çevrilişində ittiham edilməsi ilə bağlı şou da, 2 milyonluq inqilab böhtanları da, eləcə də real Rusiya qorxusu da məhz cəmiyyətin oyanmasından olan qorxudur.
Amma böhtanlar, hədələr, qurulan şoular irəliləyən zamanı geri döndərə bilməyəcək. Bunlar xalqın oyanışına kömək edir əslində. Cəmiyyətə elan edəndə ki, bu hakimiyyəti hətta Rusiya da devirmək istəyir, ABŞ da inqilab hazırlayır ona qarşı, elə bunlar özü xalqda qorxu hissini öldürür və xalq ayağa qalxıb özü hər şeyi dəyişməyə həvəslənir. Axı dünənəcən bu hakimiyyət cəmiyyətə aşılayırdı ki, bütün dünya gücləri onunladır, hamı onu dəstəkləyir, xalq ona heç nə edə bilməz, o isə istədiyini edə bilər. Indi isə tərsinədir. Deyirlər ki, hamı onlara qarşıdır. Təlaş içindədirlər və deyəsən, nə etdiklərini də anlamırlar.