Türk yazar Əliyevin keçirdiyi qorxulardan yazdı

“İyirmi ildir davam edən diktatorluğun dirəkləri, Bakı meydanlarında yüksələn azadlıq səsləriylə cırıldayır”

Türkiyənin tanınmış qələm sahiblərindən olan Cahit Kılıc köşə yazıları ilə çıxış etdiyi “haberx.com” saytında Azərbaycandakı vəziyyətlə bağlı iri məqalə dərc etdirib. “İlham Əliyevin ağrıları” başlıqlı məqaləni Azərbaycan türkcəsinə uyğunlaşdıraraq diqqətinizə çatdırırıq.

Azərbaycanda baş verənləri Türkiyə mediası yenə görməzlikdən gəlir. Əslində öz ağrıları ilə qıvrılan Türkiyə mediası Azərbaycandakı müxalif səslərin getdikcə yüksəlməsinə qulaq verə bilmir də deyə bilərik.
Azərbaycan əvvəlki illərə nisbətən daha hərəkətli və ağrılı bir dövr keçirir. Dünyadakı son illərə xas demokratik dəyişikliklər və Ərəb Baharının gətirdiyi siyasi çalxantılar, totalitar rejimlərin qarınlarında ağrıya, bu ağrıların getdikcə şiddətlənməsinə səbəb olur.
Bu ağrılara ən çox düçar olan diktatorların başında da İlham Əliyev gəlir. Dünyanın hər hansı bir ölkəsində meydana gələn demokratik çalxantılar İlham Əliyevin kabusuna çevrilir.
İyirmi ildir davam edən diktatorluğun dirəkləri, Bakı meydanlarında yüksələn azadlıq səsləriylə cırıldayır və hər mitinq bir qarabasma olaraq İlham Əliyevin üstünə çökür.

***

İyirmi ildir boğazı sıxılan Azərbaycan müxalifəti, öz vergilərilə yaşayan dövlət televiziyalarında bir ləhzəlik belə olsun, yer tapa bilmir. Səslərini xalqa çatdıra bilmək Türkiyə kanallarında məhdud imkanları ilə həftədə iki saatlıq veriliş yaymaq fürsəti qazanırlar və Azərbaycanda baş alıb gedən korrupsiyanı, haqsızlıqları, təzyiqləri xalqın gözləri önünə sərirlər.
Hal belə olunca, İlham Əliyevin qorxusu güclənir və müxalifətə təzyiqlər daha da ağırlaşır. İlham Əliyev Türkiyədəki Medya TV üzərindən həftədə iki saatlıq yayım həyata keçirən və eyni zamanda Azərbaycandakı ən böyük, ən təsirli müxalif “Azadlıq” qəzetinin baş redaktoru olan Qənimət Zahidə qarşı iki naziri vasitəsilə iddia açdırır.
Azərbaycandakı məhkəmələrin müstəqil və qərəzsiz olmadığını dünya-aləm çox yaxşı bilir. Ona görə də bu iddiaların Qənimət Zahid ölkəyə dönəcəyi halda, dərhal qandallanacaq anlamına gəldiyi bəllidir.
Lakin işin belə asan olmayacağının onlar da fərqindədirlər. Son iki ildə Qərb mediası obyektivlərini Azərbaycanın üzərinə çevirmiş vəziyyətdədir. İstər daxildə mənimsənilən milyardlarla dollar, istərsə də xaricə çıxarılan on milyardlarla dollar Qərb mətbuatı tərəfindən dünya ictimaiyyətinin gözləri önünə sərilir. Və Qərb mediası bu yolda Qənimət Zahidi tək buraxmayacaq. İlham Əliyevin bir narahatlığı da budur.

***

2013-ci il Azərbaycanda eyni zamanda seçki ilidir. Atadan oğula iyirmi ildir davam edən hakimiyyət, bu ilin payız aylarında keçiriləcək seçimlə ömrünü başa vurmaq təhlükəsilə üz-üzədir. Dünyada baş qaldıran demokratik hərəkatlar Azərbaycanda da təsirini göstərir və bugünkü vəziyyət dörd-beş il əvvəlki vəziyyətlə müqayisə edilə bilməyəcək qədər fərqlilidir.
Əvvəllər səsi boğulan müxalifət bu gün müxtəlif vasitələrin, xüsusən də İnternetin köməyi ilə səsini həm öz xalqına, həm də dünyaya eşitdirir, bu yolda böyük məsafə qət edib.
“Azadlıq” qəzetinin saytında hər sensasialı xəbəri iki yüz mindən çox insan oxuyur. Qapalı, totalitar rejimlərin qorxulu yuxusudur bu…
Əvvəllər iqtidar mənsublarının “meydanlara yüz adam belə çıxara bilməzsiniz” deyə ironiya etdiyi müxalifət öldürülən əsgərlər üçün Bakı meydanlarında on min nəfərlik mitinq təşkil edir.
Quba və İsmayıllı rayonlarında xalq haqsızlıqlara qarşı üsyan etmiş, icra başçılarına aid haram pulla tikilmiş mülkləri atəşə vermişdi …
Ölkədə baş verən hər demokratik hərəkət İlham Əliyevi və ətrafındakı oğru-uğursuzlar şəbəkəsini təşvişə salmaqda və yuxularını qaçırmaqdır. Bu səbəbdəndir ki, təzyiq və zülmlərini hər gün bir az daha artırmaqda və getdikcə sərtləşərək bir polis dövləti olmaqda, Berianın KQB-si kimi davranmaqdadırlar.
Son günlərdə yenə döyülərək öldürülən bir əsgər üçün 10 mart 2013 tarixində gənclər bir mitinq təşkil etmiş, təxminən üç min nəfər bu mitinqə qatılmışdır. İlham Əliyev dinc aksiya olan bu mitinqi həzm ede bilməmiş, gənclərin üzərinə bir polis ordusu yeridərək onları təzyiqli su ilə vurdurmuş və ölümünə döydürmüş, bir çoxunu həbsə atdırmışdır. (Bu gənclərdən biri də İstanbulda olarkən bəndənizi də ziyarət edən AXCP Gənclər Komitəsinin üzvü Renat Nəcəfovdur. Renatı polis ölümcül döymüş, üz-gözünü partlatmış və hazırda o, əməliyyat olunmaq üçün xəstəxanadadır).

***

Bu şəraitin yaşandığı Azərbaycanda İlham Əliyevin başqa narahatlıqları da var. Bu il keçiriləcək president seçkisi İlham Əliyevin ən böyük qorxusudur.
Dünya demokratik hərəkatlarla çalxalanır; atadan oğula keçən iyirmi illik hakimiyyəti necə davam etdirəcək?
Dünyadakı gedişatın əleyhinə necə üçüncü dəfə dövlət başçılığına namizəd olacaq?
Namizəd olsa belə, seçilməyəcəyini yaxşı bildiyi halda dünyanın gözü qarşısında necə saxtakarlıq edəcək?
Ölkəyə yüz milyarddan çox pul daxil olduğu halda xalqı aylıq 150-200 manat maaşla aldatmağa daha nə qədər davam edə biləcək?
Dubay villalarını, ofşor bankların vasitəsilə ölkədən qaçırılan 48 milyard dolları, Çovdar qızıl yataqlarını qızlarına peşkəş etməsini xalqa necə izah edəcək?..
Bunlara bənzər daha neçə-neçə narahatlıqları var İlham Əliyevin…

***

Maraqlıdır, Türkiyə mediası qardaş ölkədəki bu alçaqlıqları daha nə qədər görməzlikdən gələcək? Qardaş xalqın əzabını, bu gün də dilə gətirmirsə, zaman gətirəcək, onların yaralarına nə zaman məlhəm olacaq?