İlham Əliyev yıxıldı

Hakimiyyət 10 martda tarazlığını itirdi və uğursuzluq zolağına girdi…

Azərbaycan hakimiyyəti 20 illik tarixində ən böyük ictimai zərbəni aldı. Azərbaycanda 1980-ci illərin sonlarından sonra ilk dəfə böyük bir dirəniş oldu. Orduda əsgərlərin  döyülərək öldürülməsi insanların rejimə qəzəbini körüklədi.
Amma xalqın hakimiyyətdən narazılığının səbəbi təkcə bu deyil. Böyük bataqlıqda artıq hər kəs məhv olmaq təhlükəsilə qarşı-qarşıyadır. Elə ona görə də bu etirazlar “bardağı daşıran sonuncu damla”dan güc aldı desək, yanılmarıq.
Ilham Əliyev bütün bu olanlardan sonra ordu rəhbərliyində heç kimin xətrinə dəymədi. Əksinə, əsgər ölümlərilə bağlı yanvarın 12-də keçirilən birinci etirazdan sonra o, sadə vətəndaşları və gənc fəalları “anti-dövlət ünsürlər” adlandırdı. Halbuki, bütün bu olanların səbəbkarları müdafiə naziri, general Əbiyev və Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Sadıqovdur. Birbaşa onların məsuliyyət daşıdığı hadisələrə görə xırda rütbəli, gənc zabitləri  məsuliyyətə cəlb eləmək Ilham Əliyevin olaylara münasibətini ortaya qoydu.
Iki olayın arasında isə “Binə” Ticarət Mərkəzində və Ismayıllı rayonunda hakimiyyətin mərkəzindən qaynaqlanan müxtəlif motivlərlə insanlar üsyan etdilər. Hakimiyyət Ismayıllıda xalqa qarşı, hətta döyüş güllələrindən istifadə etdi. Yəni, öz ampluasından əl çəkmədi. Ilham Əliyev müşavirə keçirib qudurğanları cəzalandıra biləcəyini dedi. Amma cəzalandırmaq gücünü və ya istəyini, iradəsini ortaya qoymadı. Ortada isə davam etməkdə olan rəzilliklər, dövləti cinayətlər və haqsızlıqlar var idi…

15 yaşlı qız özünü yandırdı…

Gəncədə evləri uçurulan 15 yaşlı qız dözməyib, özünü yandırdı. Rejim insanları öldürməkdə və ölümə təhrik etməkdə davam edir.
Bu arada, sosial şəbəkələrdə belə bir məlumat yayıldı; Ilham Əliyev deyib ki, hərbi cinayətlərə görə minimum cəza 15 il olmalıdır. Amma əsl cinayətkarın cəzalanmasından söhbət getmir. Söhbət bir günahsızın ölümünə görə başqa bir günahsızın həyatını qaraltmaqdan gedirdi.
Növbəti əsgər ölümü yenidən gəncliyi toparladı. Analitik dostlardan biri bu aksiyanın əvvəlkilərdən zəif olacağını deyirdi. Təcrübəyə əsasən, elə olmalı idi. Çünki rejim bu illər ərzində hər zaman belə durumlarda çevriliş, partlayış şouları düzəldib ictimai diqqəti başqa səmtə yönəldə bilirdi. Bu dəfə də “NIDA” Gənclər Hərəkatının fəallarını partlayıcı maddə və narkotiklə silahlanmaqda ittiham edirdilər. Çox adam hesab edirdi ki, bu oyun da baş tuta bilər. Amma bu sətirlərin müəllifi elə “facebook”da yazdı ki, artıq proseslərin başqa sosioloji mahiyyəti var. Yəni, bir halda ki, əyalətdə insanlar etirazlarını hakimiyyət mənsublarının evini yandırmaqla ifadə edir, onda onları bir şüşə partlayıcı ilə qorxutmaq olmaz. Əksinə, o xalq rejimə qarşı daha radikal olanı mənimsəyir. Çünki hakimiyyət bütün bu zaman içərisində insanlarla insan kimi rəftar etməyib. Onları insan yerinə qoymayıb və bunun qarşılığında adekvat münasibətlə üzləşir.

Oğul Əliy ev də yıxıldı

Heydər Əliyevin tarixi yıxılma səhnəsi bir çoxları üçün əlamətdar hadisə idi. Əlbəttə ki, bu, sağlamlıq məsələsi idi. Siyasətə nə qədər dəxli olsa da, bir o qədər də aidiyyəti yox idi. Sonrakı hadisələr də bunu göstərdi. Çünki heydərizm siyasi cəhətdən yıxılmamışdı. Onun arsenalındakı alternativsiz silah – zorakılıq işləyirdi. Amma sonuncu aksiyada Ilham Əliyev fiziki cəhətdən sağlam olsa da, siyasi cəhətdən yıxıldı. Ona görə ki, onun zorakılığı qalib gəlmədi. Gənclər su fışqıran maşınlara, rezin güllələrə sinə gərdilər. Rejim isə düşünməlidir ki, daha da “irəli getmək” ona nəyə başa gələ bilər. Yaxın tariximizdə buna dair xeyli “gözü çıxmış qardaş”ın misalı var. Bu, tarixin geridönməzlik qanununun işləməsi deməkdir. Bu yıxılmadan sonra qalxmaq heç bir diktatora qismət olmayıb.