Şəhid (təmas xətti) və fərari (Fəvvarələr bağı) ataları

Bakının mərkəzini, xüsusən də Fəvvarələr meydanını axşam saat səkkizdən sonra gəzərkən diqqətimdən qaçmayan bir məqamla yazıma başlamaq istəyirəm. Zəngin arxitekturası olan bu binalardakı əksər mənzillərdə işıqlar yanmır, bəziləri isə təmirdədir. Fəvvarələr meydanı kimi bir yerdə mənzilin ola və sən burada yaşamayasan, razılaşın ki, ağlabatan məsələ deyil. Yay mövsümünü başa düşdük, qışın oğlan çağına nə deyirsiniz?
Cavabı, daha doğrusu təxmin etdiyim variantı mənə həmin səmtdə yerləşən əmlak ofisinin makleri söylədi. Dedi ki, “qədeş, buradakı mənzillər çox az sayda məmurlara aiddir. Bütöv bir yaşayış evinə sahib olan nazirlər, məmurlar var. Yanan tək-tük işıqlar onlarınkıdır”.
Daha sonra məni təəccübləndirmək(!) üçün dəllal bir əhvalat danışıdı. Dedi ki, “bir nazirin obyektinə müştəri tapmışdım. Oğlu obyekti bizə tanıtmağa gəldi, əlində bir çanta… obyekt açarları var idi. Yarım saat əlləşdi, uyğun açarı tapa bilmədi, daha sonra məlum oldu ki, biz, ümumiyyətlə, səhv ünvana gəlmişik, həmin obyekt başqa küçədədir”…
Dəllal haqlıdır, istəsəniz siz də buna şahid ola bilərsəniz, saat 9-dan sonra Fəvvarələr meydanı və ona bitişik zonada evlərin önündə dövlət nömrə nişanı AA, AH, AB, AU(!), eləcə də A-nın digər mülayim (!) hərflərlə birləşməsini arxasına “yapışdırmış” 100-150 minlik maşınları görə bilərsiniz…
Axırıncı haşiyəni də çıxaraq yazıya davam etmək istəyirəm. Bir neçə il öncə bir qohumumu qadının idarə etdiyi maşın vurmuşdu. Xanım bir “AA” markalı xidməti maşın sahibinin ayda 140 manat maaş alan katibəsi idi. Onun 70 min dollarlıq maşının nömrəsi isə… 10 OX (!) ilə başlayırdı…
AA və OX hərf birləşmələrinin hər iksində sonuncu hərflərini bir neçə dəfə uzadın və bunun Fəvvarələr meydanı ərazisindəki mənzillərdən birində səslənməsini təsəvvür edin. Razılaşın ki, belə harmoniya YAP rejiminin hər bir məmuru üçün bu fani dünyada cənnətə bərabər ortam və məkandır. Katibə maşınının nömrələri də məmurlar üçün simvolik məna daşımalıdır. Buna onlar prinsip, biz isə qudurğanlıq deyək…
Martın 10-da belə bir “cənnət”in həndəvərinə… övladları qeyri-müharibə şəraitində həlak olmuş valideynlər bir neçə saatlığa gəlmişdilər. Gəlmişdilər ki, sakitcə etirazlarını bildirsinlər, “əsgər ölümlərinə yox” desinlər və daha sonra bu “məmur cənnət”indən çox-çox uzaqlarda olan kasıb daxmalarına getsinlər…
Övladları yağ içində böyüyən “cənnət” sahibləri bundan çox qəzəbləndilər. Əmr verdilər ki, şəhid valideynlərinə və onlara dəstək olanlara divan tutsunlar. Əmrə əməl olundu, polislər övladlarını itirmiş ata-anaları sürüdülər, soyuq havada üzərlərinə yanğınsöndürmə zamanı istifadə olunan şlanqlardan yüksək təzyiqlə su da vurdular…
Bu cənnətin gənc sakinlərindən olan, özünü YAP gəncliyinin lideri hesab edən Ceyhun Osmanlının aksiya haqda fikirlərini oxuduqca dəhşətə gəlməyə bilmirsən. Gənc “mübariz qurbanlı”nın məntiqinə görə, ildə 500 əskərimiz ölsə də susmalıyıq, çünki ermənilər bütün dünyaya car çəkəcəklər ki, bunlar özləri-özlərini öldürür. Yəni təklif edir ki, yüzlərlə qeyri-müharibə şəraitində həlak olanlar haqda susaq və onları ermənilərin ayağına yazaq…
Daha sonra iddia edir ki, polislər bayılmış qadını nəzakətlə ayağa qaldırmaq istəyərkən, bədnam jurnalistlər bu fotoları çəkib zorakılıq kimi qələmə verirlər.
Şəhid valideynlərinə dəstək verən gəncləri isə “malı-mala qatmaqda” (ifadə onundur – X.Ə) günahlandıran gənc lider(!) ilk növbədə orduda həlak olmuş şəhidlərimizin ruhunu təhqir edir.
Nəzərinizə çatdırım ki, oxşar bəyanatları digər dövlət rəsmiləri də verdilər. Bu açıqlamalar YAP gənclərinin liderinin sərsəmləmələrinə o qədər bənzəyir ki, onları təkrarlamağa ehtiyac görmürəm…
Rejim çox çətin və təhlükəli bir yol seçib – həlak olmuş əsgər valideynlərini zor gücünə susdurmaq… Halbuki daha asan bir yol var. Bu cəmiyyətdəki mövqeyindən asılı olmayaraq, hər bir gəncin bərabər hüquqlu hərbi mükəlləfiyyətini təmin etmək, imkanlı məmur balaları üçün nəzərdə tutulmuş hotel tipli (!) hərbi hissələrdən (bu haqda ayrıca söhbətimiz olacaq – X.Ə) imtina edilməsidir. Ağlasığmaz olduğu qədər də sadədir, deyilmi?..
Əlqərəz, Fəvvarələr meydanı ərazisində yaşayıb, övladını hərbi xidmətdən yayındırıb, həlak olmuş əsgər valideynlərini burada döydürmək çox təhlükəlidir. Daha təhlükəlisi isə, qoca bir evin bütün mənzillərini haram pulla ələ keçirib, qorxu içində orada tənha yaşamaqdır…