Gözəl Bayramlı: «Bu açıqlamanın 10 mart aksiyasından sonra verilməsi də bunu bir daha təsdiq edir»
Aslan Ismayılov: «Bunu Fəzail Ağamalı vasitəsilə ortaya atıblar ki, cəmiyyətin münasibətini öyrənsinlər»
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “facebook” təhlükəsini dilə gətirməklə, faktiki cəmiyyətin, xüsusən gənclərin fəallaşmasında bu sosial şəbəkənin rolu ilə bağlı hakimiyyətin narahatlığını etiraf etmiş oldu. “Bu gün Azərbaycanda ”facebook” təhlükəsi var” deyən deputat, qeyd edib ki, seçkilər zamanı cəmiyyəti bir sıra xoş olmayan hadisələr gözləyə bilər.
Partiya sədrinin sözlərinə görə, Azərbaycanda “facebook” daha çox hakimiyyətə qarşı bir vasitə kimi rol oynayır: “Bu kampaniyada xaricdə oturan soydaşlarımız, erməni lobbisi və Azərbaycandakı radikal müxalifət iştirak edir. Mən hesab edirəm ki, müvafiq qurumlar indidən bu barədə düşünməlidir”.
F.Ağamalı onu da bildirib ki, “facebook” hesabına minlərlə insanın küçələrə çıxması artıq təhlükənin real olduğunu göstərir: “Mən hansısa aksiyanın əleyhinə deyiləm. Ammaÿ məsələ burasındadır ki, bu aksiyalardan başqa məqsədlər üçün istifadə oluna bilər”.
Bu fikirlərin məhz indi dilə gətirilməsi bir sıra mətləblərdən xəbər verir. Bəllidir ki, inqilabların hərəkətverici qüvvəsi olayların sosial şəbəkələrdə paylaşılması, gənclərin bu məsələdə həmrəy olması və sıralarını öz həmfikirlərilə genişləndirməsidir. 10 mart aksiyasından sonra isə belə bir açıqlamanın verilməsi hakimiyyətin sosial şəbəkələrdəki fəallıqdan narahatlığını açıq-aşkar ortaya qoydu.
AXCP sədrinin müavini Gözəl Bayramlının fikrincə, F.Ağamalının sözügedən qadağa təklifi növbəti uğursuz açıqlamalardan biridir. Gözəl xanımın fikrincə, bu açıqlamaya hakimiyyətin F.Ağamalı vasitəsilə cəmiyyətə çatdırdığı mesaj kimi yanaşmaq lazımdır: “Bu, onun göstəricisidir ki, Azərbaycan hakimiyyəti doğrudan da ”facebook”da gənclərin, ümumiyyətlə, bu sosial şəbəkədə fəalların fəaliyyətindən çox narahatdır. Narazılıqları orada gördüyü, izlədiyinə görə Fəzail Ağamalı “facebook”a qadağa qoyulması üçün çağırış edib. Bu, həm də Azərbaycan hakimiyyətinin azad sözə, insanların öz fikrini ifadə etməsinə münasibətinin göstəricisidir. Həmin açıqlamanı hakimiyyətin dolayısı ilə “facebook”dan qorxmasının etirafı kimi dəyərləndirirəm. Açıqlamanın xüsusilə 10 mart aksiyasından sonra verilməsi bunu bir daha təsdiq edir”.
Tanınmış vəkil Aslan Ismayılov sözügedən açıqlamanı gerizəkalılığın göstəricisi kimi qiymətləndirir. A.Ismayılov bunu insanların müstəqil şəkildə öz fikirlərini paylaşmasını, sərbəst çıxışlarını bağlamağa yönəlik addım hesab edir: “Belə bir qadağanı Şimali Koreyada edə bilərlər. Azərbaycanda belə bir məhdudiyyət baş tutan məsələ deyil. Bu açıqlama Fəzail Ağamalının deyil. Rəhbərlikdə olan bəzi şəxslər onun dili ilə ortaya atıb ki, cəmiyyətin münasibətini öyrənsinlər. Əminəm ki, cəmiyyət heç vaxt bununla razılaşmaz”.
Nigar


