eabdullayev-video6

Elşad Abdullayev “Azadlıq”a yeni video göndərdi

eabdullayev-video6Sabiq rektor bu dəfə MTN əməkdaşı ilə söhbətini yaydı

Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada yaşayan Elşad Abdullayev “Azadlıq”a yeni video göndərib.
Elşad Abdullayevin bu dəfə göndərdiyi videoda onun MTN əməkdaşı Rəsul Rəsulovla söhbəti əksini tapır. Kadrlar 28 fevral 2009-cu ildə qeydə alınıb. Söhbət zamanı Elşad Abdullayev qardaşı Mahir Abdullayevin geri qaytarılması və digər vədlərlə ondan pul almış şəxslərlə bağlı materailları, videodiskləri və telefon zənglərinin siyahısını Rəsul Rəsulova təqdim edir. Sonda isə Rəsul Rəsulov Elşad Abdullayevə ondan nələri təhvil aldığına dair öz dəst-xətti ilə yazıb imzaladığı sənəd verir.
Sabiq rektor MTN əməkdaşı ilə söhbətində qardaşının qaytarılması ilə apardığı danışıqlarda əsasən Arzu Kazımovun və daxili işlər nazirinin sabiq müavini, mərhum Zahid Dünyamalıyevin adlarını çəkir. Söhbətdə bir maraqlı məqam da var. Aydın olur ki, Mahir Abdullayevi oğurlayan dəstə hərbi prokuror Xanlar Vəliyevin qardaşı Şahmar Vəliyevi də oğurlayıbmış. Şahmar Vəliyevi 3 milyon dollar müqabilində azad etmək mümkün olub. Elşad Abdullayev Rəsul Rəsulova deyir ki, Mahir Abdullayevin geri qaytarılması üçün 3 milyon verib. Lakin nə pul, nə də Mahir qayıdıb.
Elşad Abdullayev daha sonra bildirib ki, Arzu Kazımov və digərləri Mahir Abdullayevi gördüklərini iddia edirlər. Mahir Abdullayevin oğurlanması faktını araşdıran hüquq-mühafizə orqanları isə onları çağırıb soruşmur ki, Mahiri harada görmüsünüz.
Elşad Abdullayev mətbuata açıqlamalarında dəfələrlə bildirib ki, o, ictimailəşdirdiyi videoları və əlində olan sənədləri hələ 2009-cu ildə MTN-ə təqdim edib. Bu video sabiq rektorun dediklərinin yalan olmadığını sübut edir. Maraqlıdır ki, bu materiallar MTN-də olsa da, bu günə qədər hər hansı tədbir görülməyib.   
Bir məqamı da diqqətə çatdıraq. Elşad Abdullayev video ilə bağlı arayışında qeyd edir ki, Rəsul Rəsulov Mahir Abdullayevin işi üzrə ötən ilin oktyabrında yaradılan Müstəqil Istintaq Komissiyasının üzvüdür.