Yeni mərhələdən danışırıq. O nə ilə yenidir?

Son iki ildə “yeni mərhələ” haqqında çox tez-tez danışırıq. Təbii ki, bunu deyərkən ölkədəki ictimai-siyasi vəziyyətin dəyişməsini, yenilənməsini nəzərdə tuturuq. Əsla müasir texnologiyalara aid yenilikləri, müxtəlif sahələrin trendlərini, innovasiya və kəşflərin yaratdığı sıçrayışları ağlımıza gətirmirik. Onlar bizə heç maraqlı da deyil. 
Hətta ölkəmizin kosmosa peyk buraxması da bizə yenilik kimi görünmür. Çünki xeyli dərəcədə gözlənilməz olan bu olay da köhnə, vaxtıkeçmiş siyasətin mahiyyətindən doğub. Kosmosda peykə sahib olmaq kimi uğurlarımız da analoqu olmayan inkişaf nağılları və bunun kölgəsində ölkə sərvətlərinin talan edilməsi çərçivəsindən qətiyyən kənara çıxmır. Uğurun da nədən ibarət olduğu heç kimə bəlli deyil. Nə olsun ki, neft pulları ilə kosmosa telekommunikasiya peyki buraxılıb, amma ölkədə bircə dənə də olsun müstəqil televiziya kanalı yoxdur. Deməli, peyk də köhnə yalan siyasətinin tərkibidir və ona xidmət edəcək…
Yenilik Azərbaycanda Əliyevlər hakimiyyətinin boz, monoton, ədalətsiz və əbədilik iddiasında olan ağalığının dəyişməsi ilə bağlı ola bilər. Nədir bu yenilik? Illüziya deyil ki? Realdırsa, gəlin onları bir neçə qrupda cəmləyərək gözdən keçirək:
1) Son illərdə Azərbaycan hakimiyyəti informasiya üzərində monopoliyanı, manipulyasiyanı və nəzarəti itirib. Yeni medianın, başqa sözlə yeni informasiya daşıyıcılarının (Internetin, sosial şəbəkələrin, fərqli imkanları olan mobil qurğuların) yaranması əvvəlki vəziyyəti dəyişdi. Informasiya yaymaq və almaq imkanı təkcə qəzet və TV-lərdən asılı deyil indi. Heç kimdən asılı deyil artıq, yəni bütün basqı və əngəllərə baxmayaraq azaddır. Hakimiyyətin auditoriyası sıfır səviyyədə olan KIV-ləri kimi, sayt və səhifələri də, sosial şəbəkə fəalları da özləri yazıb, özləri oxuyurlar.
2) Yeni müzakirə imkanları yarandı. Cəmiyyətdə fəallıq gücləndi, insanlar özlərini ifadə edərək və narazılıqlarını ortaya qoyaraq, öz istəklərini elan etdilər. Monoloqa tabe etdirilməkdə olan cəmiyyət dialoq mühitinə doğru addım atdı.
3) Yeni informasiya və müzakirə mühiti həm də yeni kommunikasiya mühiti deməkdir. Bu, görünməmiş bir imkan idi. Bir-birini tanımayan insanlar ən uzaq məsafələrdən əlaqələnməyə başladılar.
4) Narazılığın ifadə edilməsi, ortaq narazılığı paylaşan insanları, xüsusən gəncliyi təşkilatlandırmağa başladı.
5) Dünyada başlayan köklü dəyişikliklər isə fəallaşan gəncliyə inam və ümid verdi. Bu da cəmiyyətin ölmüş ümidlərini diriltməyə başladı.
Nəticə etibarı ilə, ölmüş ümidlərin dirilməsi cəmiyyətin oyanmasıdır. Həm də bu zaman yeni mübarizə imkanları, üsulları və strukturları yaranır. Üstəlik, dəyişikliyin qabağını kəsən, onun hədəfi olan hakimiyyət dünyada və ölkədə mənəvi mövcudluq haqqını itirir. O, psixoloji məğlubiyyət mərhələsinə qədəm qoyur.
Yeni mərhələ doğrudan da başlayıb. Bu mərhələnin ən ciddi əlaməti də odur ki, hakimiyyətin köhnə həbs və hədə üsulları əvvəlki nəticəyə nail olmur. Onların qorxutmaq siyasəti uzun illər ciddi effekt verirdi. Amma son illəri gözdən keçirin. Həbslər, hədələr, təzyiqlər daha da artıb, amma ictimai fəallıq, açıq etirazlar böyüməkdədir.
Yeri gəlmişkən, 10 mart aksiyasından sonra Fəzail Ağamalının Facebook-u bağlamaq çağırışı heç də təsadüf deyil. Bu adam son aksiyadan sonra yeni mərhələni hiss edib və əsas platformanı ləğv etməyə çağırır. Amma artıq bu da boşunadır. Fecebook yeganə şəbəkə deyil. Bu insanlar anlamırlar ki, insanlar Afrikada nəşr olunan bir qəzetin internet forumu daxilində olsa belə, birləşmək və paylaşmaq imkanı qazanacaqlar. Adamlar və mühit, dövran və proseslər dəyişib.