Suveren və suvuran ölkəmiz…

Söz nədən düşür-düşsün, Ilham Əliyev hökmən deyəcək: “Bizim güclü ordumuz var!”. Üstündən də mütləq özü və bütün YAP ansamblı bizim ermənilərdən minlərlə dəfə üstün olduğumuzu bəyan edəcəkdir. Deməli, bizim güclü ordumuz və zəif düşmənimiz var. Amma bu halda belə, torpaqlarımızı işğaldan azad etmək əvəzinə həmin güclü orduda öz əsgərlərimiz öldürülür. Ali baş komandan neçə ildir orduda baş alıb gedən qətllərin qarşısını ala bimirsə, deməli, ordu həqiqətən güclüdür.
Orduda ölən gənclər fərd olaraq kiminsə övladlarıdır, amma əsgər olaraq onlar Azərbaycan əsgərləridir. Bu anlamda bəzi valideynlərin “bizim övladımızın ölümünü siyasiləşdirməyin”, deməkləri anlaşılmazdır. Çünki “Əsgər ölümünə son!” aksiyası onsuz da siyasi mitinq deyil, gənclərin öz yaşıdlarının günahsız, nakam ruhu qarşısında hiss etdikləri vətəndaş borclarıdır. Onlar eyni zamanda vətənimizin ən vacib ayrılmaz hissəsi olan ordunun qanlı əllərdən təmizlənməsi uğrunda meydanlara çıxırlar.
Istənilən aksiya haqsızlıq üstündə bərqərar olmuş hakimiyyət üçün qorxu yaradır. Hansı tələblə mitinqə çıxmasından asılı olmayaraq hakimiyyətin vətəndaşa cavabı birmənalıdır: Polisə məxsus olan narkotik maddələrin vətəndaşdan tapılıb aşkar edilməsindən ibarət şər, böhtan və zor! Illərdir dəyişməyən bu cavab üsulunu artıq ölkədə hər kəs kədərli iztehzayla qarşılayır. Bizi idarə etmək iddiasında olan iqtidarın xəstə fantaziyası məsələ nə qədər ciddi olur-olsun, acı gülüş doğurur. Son dövrlərdə bütün etiraz aksiyalarında zor tətbiq edilməsi də narkotik əməliyyatın tərkib hissəsidir.
Hakimiyyətin “Əsgər ölümlərinə son!” aksiyasının iştirakçılarına qəddar münasibəti 20 Yanvar faciəsini xatırladır. O vaxtlar xalqı tankın qabağına verən erməni lobbisinin təzyiqindəki sovet hökumətiydi, indi şəhid valideynlərini ayaqlar altında sürüyənlər milli hökumətin polisləridir.
Ilham Əliyevin doğrudan da güclü ordu yaratmaq niyyəti olsaydı, onda o, xalqın gənc övladlarının keçirdiyi “Əsgər ölümlərinə son!” aksiyasını hər hansı bir dövlətin prezidenti kimi özünə dəstək hesab edə bilərdi. Çünki martın 10-da etiraz aksiyası keçirənlərin də tələbləri məhz həqiqi güclü və əsgər ölümlərisiz ordu ilə bağlıdır. Həmin aksiyada amansız zorakılıq nümayiş etdirən Azərbaycan polisi ya prezidentin bu niyyətdə olmadığını, ya da aciz olduğunu ortaya qoydu.
Bu vacib məqama aydınlıq gətirmək üçün Ilham Əliyev polisin və məmurların konstitusiyaya zidd əməllərinə görə Ramil Usubovu və Hacıbala Abutalıbovu ən azı istefaya göndərməlidir. Bunu eləməsə, onun Azərbaycanda demokratik cəmiyyət və güclü ordu haqqındakı heç bir sözünə inanmaq olmaz. Bu sözlərə hələ də inanan adamlardan və xalqdan məmur özbaşınalığına görə üzr istəməsə, Ilham Əliyevə 20 yanvardan sonra Mixail Qorbaçova verilən Nobel mükafatından düşür…
“Əsgər ölümlərinə son!” aksiyası üzərinə düşən vəzifəni yerinə yetirdi. Bu, gənclərin qələbəsidir. Polisin aksiyada vəhşicəsinə iştirakı isə əslində prezidenti sual qarşısında qoydu: Ya xalqın istədiyi ölümsüz güclü ordu doğrudan da yaranacaq, ya da prezidentin dediklərinə inanan qalmayacaq. Bundan ötrü də Ilham Əliyev konkret seçməlidir: Xalqın tərəfindədirsə, onda saxta ittihamlarla həbs edilən gənclər dərhal azad edilməlidir. Milli orduda sərt tədbirlər və ciddi islahatlar aparılmalıdır. Əks halda yaranmış vəziyyətdən sevinən düşmən dəyirmançıları olacaq…
Qaldı ki, özlərini təhlükəyə ataraq “Əsgər ölümlərinə son!” aksiyasını təşkil edən gənclərə və onlara divan tutan polislərə… Atalar demişkən, pöhrələr “dərmanlanıb” sulanırsa, mütləq bol məhsul yetişəcək.
Uşaqlar bizim meyvələrimizdir…