Vasif Talıbovun villasını yandırıblar?

v talibov“Naxçıvan xanı” Batabatdakı istirahət guşəsinin külə döndüyü xəbərinə necə reaksiya verdi?

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun Şahbuz rayonunda, Batabat yaylağında yerləşən villasının yandırıldığı haqda yerli mənbələrə isitnadla yaydığımız xəbərə reaksiya gəlib.
Vasif Talıbovun “Facebook” səhifəsində xəbərin doğru olmadığı yazılıb. Talıbovun adından yazılmış təkzibi olduğu kimi təqdim edirik: “Bәzi mәtbuat orqanlarında yer alan Şahbuz rayonunda, Batabat yaylağında yerləşən vә Cәnab Sәdr Vasif Talıbova mәxsus olduğu iddia edilәn binanın ötən şənbә yandırılması ilә bağlı olan informasiyalar tamamilә yalan vә әsassızdır. Yayılan xәbәrdә jurnalist qeyri-peşәkarlığı vә mәqsәdli yalan informasiya yaymaq istәyi açıq aydın görünür. Xәbәrlә bağlı iki mühim mәqamı diqqәtinizә çatdırmaq istәyirik, bir Batabat yaylağında yerlәşәn bina Cәnab Sәdr Vasif Talıbova mәxsus deyil o bina rәsmi qonaqlar üçün nәzәrdә tutulmuş qonaq evidir, iki hәmin binada hәrhansı bir yanğın baş vermәyibdir”.
“Azadlıq” olaraq yanğınla bağlı məlumat verən Şahbuzdakı mənbələrin, yoxsa Vasif Talıbovun “Facebook” səhifəsinin idarəçiliyini tapışırdığı şəxs və ya şəxslərin doğru dediyini indilik dəqiqləşdirmək imkanımız yoxdur. Lakin bir məsələ dəqiqdir ki, təkzibi Talıbov yox, onun adından kimlərsə yazıb. Ən azı mətndəki “Cәnab Sәdr Vasif Talıbov” ifadəsi bunu deməyə əsas verir. Əks halda…

***

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun Şahbuz rayonunda, Batabat yaylağında yerləşən villası ötən şənbə yandırılıb. Bu barədə rayondakı mənbələrdən məlumat almışıq.
Məlumatda deyilir ki, villa Batabatdakı üzən adası ilə məşhur olan gölün kənarında inşa edilmişdi.
Rayonda belə söhbətlər dolaşır ki, villa qəsdən yandırılıb. Bildirldiyinə görə, villanın yandırıldığı ona görə inandırıcıdır ki, bu aylarda orada yaşayış olmayıb və elektrik cərəyanı kəsili olub. Villa yalnız yaşayış olanda elektriklə təmin edilirmiş.
Məlumatda o da bildirilir ki, yanğınsöndürənlər villanın köməyinə çata bilməyiblər. Çünki hazırda Batabata gedən yol qarla örtülüdür və maşınların hərəkəti mümkün deyil. Bu səbəbdən də villa tamam yanaraq külə dönüb.

İnformasiya şöbəsi