“Ölürəm, kömək edin!”
Salyan rayon sakini Zakir Ələkbərovdan redaksiyamıza müraciət daxil olub. 45 yaşlı, uzun müddətdir, ağır vərəm xəstəsi olan Zakir Ələkbərov ölüm ayağında olduğunu qeyd edərək, imdad diləyir.
Salyan sakini yazır ki, 2009-cu ildən ağır formalı vərəmə yoluxub, 2-ci qrup əlildir. Xəstəliyi son mərhələyə çatdığına görə həyat yoldaşı və iki uşağını bu ağır bəlaya yoluxmamaları üçün qayınatasıgilə göndərib. İndi Salyan şəhər Y.Xankişiyev küçəsi 17 ünvanında tək-tənha, ağır vəziyyətdə yaşayır.
Zakir Ələkbərov iddia edir ki, Salyan rayon Ağciyər Xəstəlikləri Xəstəxanasında onu müalicə etmək istəmirlər. Özü isə dərman və xəstəxana xərclərini ödəyə bilmir. Ona pulsuz çatmalı olan dərmanları da ala bilmir, çünki pulu yoxdur.
“Heyim qalmayıb, evdə yatağa uzanıb ölümümü gözləyirəm”, – deyə yazan Zakir Ələkbərov çox şey də istəmir. Yalnız ölümünün qarşısını müvəqqəti də olsa, alacaq dərman.
Məktubla bağlı Səhiyyə Nazirliyi, Salyanın rayon Səhiyyə İdarəsi və ya ittiham olunan xəstəxana rəhbərliyinin mövqeyini də dərc etməyə hazırıq.