“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. Insanları təhqir edirlər. Özlərini apara bilmirlər”, – bunu prezident-ali baş komandan adlanan kimsə deyir. Deyir, ardınca da tərbiyəsiz, nadan adlandırdığı uşaqların atalarına 100 min manatlıq maşın bağışlayır, sözsüz, dövlət büdcəsinə TƏCAVÜZ etməklə, xalqın cibinə girməklə! Deyir, sonra da hakimiyətin gücündən yararlanaraq, ölkəni bürüyən məmur-oliqarx qudurğanlığına arxa durur. Baxın: Qubada qudurğanlığa qarşı çıxanlar tutulur; “Binə”də qudurğanlığa qarşı çıxanlar tutulur; Ismayıllıda qudurğanlığa qarşı çıxanlar tutulur. O, saysız, sonu görünməyən əsgər ölümünə, orduda bu ölümləri doğuran qudurğanlığa qarşı çıxanları ANTIMILLI ÜNSÜRLƏR adlandırır, “Əsgər ölümünə son!” aksiyası ilə bağlı aktivlik sərgiləyən NIDAçıları şərlədərək tutdurur.
Tutdurur! Bu gün Azərbaycanın baş polisi Ramil Usubov deyil, Ilham Əliyevin özüdür. I.Əliyev ölkədə baş verənlərlə bağlı “mənə bütün məlumatlar çatır” deyirsə, sonra da qudurğanlar yuxarıdan aşağıya bütünlüklə toxunulmaz qalırsa, bu, qudurğanlığın ən yüksək düzəydə stimullaşdırılması deyil, nədir? Kimsə bir neçə rayonun icra baaşçısının işdən çıxarılmaqla cəzalandırıldığını deyə bilər. Birincisi, baş verən çoxsaylı qanunsuzluqların yanında o adamların işdən çıxarılması cəza sayıla bilməz. Indilikdə onların işdən çıxarılması yeni sosial-siyasi gerçəkliyin doğurduğu qaçılmazlıqdır – Xalq çoxillik qanunsuzluqlardan məmur-oliqarx özabaşınalığından, yerə-göyə sığmayan dərəbəylikdən cana doyub, boğaza yığıldığından daha susa, bundan artıq dözümlülük göstərə bilmir. Tofiq Fikrətin “Dövlətsə də, qanunsa da artıq yetər olsun!” çağırışı getdikcə qarşısıalınmaz işləklik qazanır. On illik hakimiyətindən açıq-aydın göründüyü kimi, qanun, qanunçuluq tanımayan Ilham Əliyev böyük xalq gücü qarşısında qorxuya düşərək öz prinsiplərindən geriyə yarımçıqsa da addımlar atmalı olur.
Onun başlıca yönətim prinsipi nədir? ANTISISTEM qanunları yoluyla, bu qanunları bütün parametrlər üzrə uyğulamaqla xalqa diz çökdürmək! Xalqa diz çökdürməklə rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya axarında ölkənin yeraltı-yerüstü var-yatırını yağmalamaq – bu, Ilham Əliyevin prezidentlik-ali baş komandanlıq… idealıdır! Buna görə onun Xalq, Ölkə, Dövlət adına bütün göstərişləri, yarlıq-fərmanları, çıxışları boşuna xarakter daşıyır, hamısı gözə kül üfürməklə Xalqı aldatmaq, başının altına yastıq qoymaq üçündür. Xalqı faktiki olaraq əzmək siyasətlərinin başında duran adam “sosial yönümlü dövlət quruculuğundan” danışırsa, bu, çox yumşaq desək, yalançılıqdır. Hərbi polis rejimi qurmağla, bu rejimə ildən-ilə daha artıq üstünlük-funksionallıq qazandırmaqla sosial dövlətdən danışmaq Xalqa kələk gəlməkdir. Sosial dövlətin başlıca yaranış ilkələrindən biri, bəlkə də, birincisi QANUNÇULUQDUR. Dövlətin başında duran kimsə olaraq sən özün qanunlara, qanunçuluğa açıq-açığına sayğısızlıq sərgiləyirsənsə, hansı sosial dövlətdən danışırsan?! Getdikcə daha artıq kriminallaşan dövlət strukturları ilə ortaya yalnız bugünkü Azərbaycan çıxa bilərdi. Bəlkə də, tarixdə bənzəri olmayan bir Azərbaycan…
Elə hey Ölkədən adamlar qovulur. Kimlər? Azərbaycanın indiki düşkünlükdən qurtulması üçün çalışanlar. Onlardan üçünün adını çəkirəm: Andreas Qross, Andres Herkel, rejimin lap bugünlərdə PERSONA NON QRATAYA çevirdiyi Rebekka Vensent. Bunların hakimiyət yanında suçu demokratik, qanunçu Azərbaycan üçün çalışmalarıdır. Bunlara bənzər birinə biryolluq PERSONA NON QRATA damğası vurulub. Azərbaycana yolu bağlanmış o adamı indi bütün dünya tanıyır – Ştrasser! Bunlar qanunçuluğu, demokratik dəyərləri yüksək tutan, Azərbaycana gərəkən yeniliyi gətirmək istəyən kimsələrdir. Belələri azdır, ancaq onlar düzgünlüyün yenilməz güclüləridir!

Hakimiyət qudurğanlığı
•