Gəncədə martın 7-də baş verən dəhşətli hadisə haqqında bilirsiniz.
Kəlbəcərli ailəni məskunlaşdıqları ərazidən qanunsuz çıxarmaq istəyiblər, bu ədalətsizlik isə onunla nəticələnib ki, ailənin 15 yaşlı üzvü özünü yandırıb.
Hadisənin dəhşəti burada bitmir.
Daha dəhşətli məqam var: ailə polisin hərəkətinə müqavimət göstərib, torpaq sahəsinin onlara məxsus olduğunu təsdiqləyən sənədləri göstərib. Təqdim olunan sənədlərə məhəl qoyulmayanda isə 15 yaşlı qız özünü yandıracağı haqda xəbərdarlıq edib. Bunun qarşılığında polislərdən biri ona yandırıcı vasitə (alışqan və ya kibrit) verərək, deyib ki, istəyirsə, özünü yandırsın.
Adam belə bir ölkədə yaşadığını düşünəndə tükləri biz-biz olur. Fikirləşirsən ki, indiyədək nə əcəb sağ qalmısan, necə olur hələ də nəfəsin gedib-gəlir.
Bu cəhənnəm, birilərinin hələ də necə olur ölkədəki hansısa inkişafdan, haqq-ədalətin təntənəsindən danışmağa dilləri dönür? Bax, elə bu xəbəri oxuyanda doğrudanmı, heç içləri sızlamır, xəcalət duyğuları tərpənmir?
Bəzən biz Azərbaycanda baş verənləri keçmişlə müqayisə edirik, söhbəti orta çağlara, ya da bir-iki əsr əvvələ aparırıq. Amma mən bu gün ətrafımızda yaşananlara baxanda hətta keçmişə də haqsızlıq etdiyimizi düşünürəm. Inanın, bu indi bizim başımıza gələnlər-gətirilənlərin yanında yüz illər əvvəl yaşananlar çox məsum, toya getməli görünür. Hətta keçmiş adamda qibtə yaratmağa başlayır. Keçmişə baxıb həsəd aparırsan.
Məsələn, şair Nikolay Satinə qarşı çar hökumətinin humanizmini oxuyanda düşünürsən ki, biz nəinki 2013-də yaşayır, hələ heç 183-cü ilə gəlib çatmamışıq.
Bəli, indi danışacağım tarixi hadisə 1834-cü ildə baş verib. O zaman Satinə, Gertsen və digərləri ilə birgə çar haqqında həcv oxuduqlarına görə cinayət işi açılır.
Satinin arxasınca jandarmlar gələndə onu evində – xəstə yatağında görürlər.
Fikirləşirlər ki, qızdırma içində yanan bu 20 yaşlı gənci özləri ilə aparmaq düzgün deyil. Ona görə də Satini ev dustağı edir və onun sağalması üçün uzun müddət gözləyirlər. Bu müddətdə gənc şairə ayrıca şəfqət qardaşı qulluq edir, onun sağalmasına çalışır.
Elə ki, Satin özünə gəlir, bu dəfə onu götürüb qospitala göndərir, yenə qulluğunda durur, yalnız tamamilə sağaldıqdan sonra həbs edirlər.
Kiməsə elə gələ bilər ki, bu mifdir. Yox! Əsla, yox! Bunu Gertsen yazıb, o Gertsen ki, bütün varlığı ilə çara nifrət edirdi və onun mərhəməti haqqında nəsə uydurmağa heç vaxt əli, dili gəlməzdi.
Indi əvvəlcə çara həcv oxuyana çar hökumətinin münasibətinə baxın, sonra da onu Əliyev rejiminin etirazçı vətəndaşlarla davranışları ilə müqayisə edin. Fərqi özünüz görün. Nəticəni özünüz çıxarın.
Bəli, bizdə xəstə yatanı həbs etməyə qıymayan çar jandarmlarından fərqli olaraq öz haqqını qorumaq istəyən 15 yaşlı qızcığaza heydərizm polisləri alışqan verirlər ki, özünü yandırsın.
Indi bunların davranış və təfəkkürünü necə keçmişin örnəkləri ilə müqayisə edəsən? Keçmiş qayıdıb adamın üzünə loppa ilə tüpürməzmi ki, qələtinizi eləyin, oturun yerinizə, belələrinə heç mən də şahid olmamışam. “Belə zülmü, belə zalımları heç mən də görməmişəm” desə keçmiş, nə cavab verərik?
Anlamazlığın axırı
Əvvəllər mənə dost-tanışın, qohum-əqrəbanın “özünə, uşaqlarına yazığın gəlsin, ac qulağın, dinc qulağın, otur oturduğun yerdə, hökumətlə hökumətlikmi eləyəcəksən, camaatın dərdi sənəmi qalıb” janrında öyüd-nəsihətlərə əsəbi reaksiya verirdim, oturub saatlarla çənə döyür, nəsə başa salmağa çalışırdım.
Artıq əhəmiyyət vermirəm belə söhbətlərə. Bu qulağımdan alıb o biri qulağımdan ötürürəm. Nə çənəmi yoruram, nə əsəblərimi korlamaq istəyirəm.
Çünki görürəm, rejimin zülmü heç kimdən yan keçmir, hər kəs, elə mənə öyüd verənlərin özləri də yavaş-yavaş ondan nəsibini alır. Haqsızlığı dadır, bu günədək sistem qarşısındakı susqunluqlarının, ona təslimçiliklərinin gizli-aşkar peşmançılığını yaşayırlar.
Mənim illərdir anlada bilmədiklərimi rejim özü tərs bir silləsi ilə gözəlcə başa salır onlara.
Xeyli anlamayan vardı, artıq anlayıb.
Anlamayanlar da anlayacaqlar.

Keçmişə haqsızlıq
•
•