Bakıdakı aksiya dünya mediasında (VİDEO)

«The Washington Post», BBC kimi nəhənglər Bakıda əsgər ölümlərinə etirazlar və polis zorakılığından xəbər verir

Bakıda “Əsgər ölümlərinə son!” şüarı ilə keçirilən etiraz aksiyası dünyanın əksər media orqanlarında işıqlandırılıb. “Reuters”, “Associated Press” kimi nüfuzlu agentliklər aksiya barədə məlumatlarında diqqəti etirazçılara qarşı polis zorakılığına, nümayişin rezin güllələr və su şırnaqları ilə dağıdılmasına yönəldib.
“Euronews”, “BBC” kimi dünya nəhəngləri, ABŞ-ın “The Washington Post”, “Fox News”, “NBC News” və s. populyar media orqanları, Böyük Britaniyanın “Daily Star” qəzeti, Türkiyənin “Star” telekanalı da Bakıdakı aksiyadan xəbər verib. “Star” aksiya ilə bağlı xəbərinə onu da əlavə edib ki, Azərbaycanda təkcə 2013-cü ildə 15 əsgər şübhəli şəkildə dünyasını dəyişib. Etirazçılar da hökumətdən bu ölümlərin hesabını tələb ediblər.

Rusiyanın “Moskovski Komsomolets” qəzeti Bakıda minlərlə gəncin dinc aksiya keçirmək istədiyini, lakin aksiyanın zorakılıqla dağıdıldığını qeyd edib.
Ukraynanın UNIAN agentliyinin də əsas mövzularından biri dünənki Bakı aksiyası olub.

Rusiyanın NTV kanalı da axşam buraxılışında Bakıdakı etiraz aksiyasına toxunub. Lenta.ru saytı, habelə, “Interfaks” agentliyi, “Komsomolskaya pravda” qəzetinin saytı, “Forbes Rossiya”, “Arqumentı i faktı”, “Russkaya slujba novostey” portalları da aksiya barədə xəbər və fotolar veriblər.
Bakıdakı 10 mart aksiyası Qərbin bir sıra başqa media orqanları, eləcə də Iran, Malayziya və ərəb mətbuatında da işıqlandırılıb.

Informasiya şöbəsi