“Təcili demokratiya tələb olunur”

Sabah mitinqdir. Mitinqdən öncə isə NIDA vətəndaş hərəkatının 3 üzvü şərlənərək həbs edildilər. Bizim hakimiyyət yenə də repressiyalara ümid bəsləyir, yenə də qorxutmağa çalışır. Kimlərsə “hakimiyyət islahata başlayır” yazmaqdan yoruldu, amma bunlar həbs-hədə siyasətindən yorulmurlar. Həbs və hədə, həbs və kökə, hədə və bütə siyasəti bizim ölkədə uzun illər aparılıb, bəli, uzun illər effekt də verib, cəmiyyəti xeyli zəiflədib, amma son nəticə budur ki, həmin siyasət yenə də dayanmayıb, amma indi ölkədə etiraz və fəallıq artan xətlə böyüməkdədir. Mən anlamıram, bunu bizim YAP hakimiyyəti görmür? Onlar anlamır ki, bir gün sistemi qoruyan üsullar sabah keçərli olmaya bilir və əksinə, onu zəiflədir?!
Məsələn, dünən Baş prokurorluq və MTN həbs olunan gənclərlə bağlı bir bəyanat yaydı. Orada bu gənclərin guya aksiyalarda zora əl atmağa hazırlaşdıqları bildirilir və onların evlərindən narkotik maddələr, “Molotov kokteylləri” tapıldığı bəyan edilir. Amma orada bir məqam var. Bəyanatda deyilir ki, gənclərdən birinin evində “Təcili demokratiya tələb olunur. Tel: 994, Ünvan: Azərbaycan” sözləri yazılmış vərəqələr tapılıb. Ilk dəfə oxuduğum andan bu şüar şəxsən mənim qəlbimə yol tapdı. Ona da əminəm ki, məhz bu şüar həmin bəyanatı və ittihamları puç etdi. Demokratiya istəyən gənc hara, narkotika hara? Şüar hara, Molotov kokteyli hara?
Köhnə üsullar yeriyə bilməz artıq. Yeni zamandır, yeni qənaətlər və yeni insanlar meydana çıxıb. Internet Yeni Azərbaycan Partiyası ilə köhnəliklərdən aşınan Azərbaycanı durmadan yeniləyir.
Odur ki, sabahkı mitinq təkcə əsgər ölümlərinə “yox!” demək üçün deyil. Bütün sahələrdə yenilik və düzən istəyidir. Çünki əsgər ölümlərinin əsas səbəbi başqa problemlərlə eynidir. Hamısına səbəb doğru idarəçiliyin və demokratiyanın olmaması, özbaşınalıqlar və korrupsiyadır.
Ona görə də mitinqlərin hərtərəfli əhəmiyyəti var. Onların əhəmiyyətindən söz düşmüşkən, mən sizə ötən illərdə mitinqlərə çıxmağı lağa qoyan, küçə aksiyalarını mənasız adlandıran, şəxsən məni mitinqə çıxmağa görə qınayan bir nəfər haqqında danışmaq istəyirəm. Yanvarın 12-də “Əsgər ölümlərinə son” aksiyasından bir neçə gün sonra həmin adamı gördüm. Bu yerdə bilmirəm nə demək düzgündür?! Bax, həmin adam 12 yanvar mitinqini xeyli təriflədi, söylədi ki, çox lazımlı aksiyadır. “Daha bu qədər ağ etmək olmaz” dedi. “Camaat balasını çöldən tapmayıb” deyə ciddi mövqe qoydu. Xeyli xoş oldu mənə. Belə hallarda “bəs o vaxt sən belə danışmırdın” deyənlərdən deyiləm. Sevindim ki, bu insan həqiqəti qəbul etməyə başlayıb. Ayrılandan sonra yanımızda olan ümumi tanışımız isə həmin adama kinayə etdi: “Oğlu əsgərlikdədir, ona görə belə söyləyir”.
Məncə, bu cür kinayə yersizdir. Biz həqiqətləri həm də öz övladlarımıza görə qəbul etməliyik. Hətta belə demək olar: heç olmasa, öz övladlarımıza görə ölkəmizdəki haqsızlıqlara etiraz etməliyik. Bu elə bir bəladır ki, hər gün sıra bizə çata bilər. Biz də illərdir ona görə etiraz edirik ki, bu bəlalardan özümüzü, doğmalarımızı və hamını qurtara bilək.
Mitinq etmək, həqiqəti söyləmək, haqsızlığa etiraz etmək çox vacibdir. O, təkcə siyasi iş deyil, həm də haqlarımızı özümüzə qaytarmaq cəhdidir, özümüzü və doğmalarımızı, ümumilikdə ölkəmizi məhvedici siyasətdən qorumaq cəhdidir. Müəllifini bilmədiyim o təsirli şüarı təkrar etmək istəyirəm. Azərbaycana təcili demokratiya gərəkdir. Yoxsa biz daha böyük faciələrə doğru gedirik.