Gəncədə intihara cəhd göstərən 15 yaşlı qızın atası «Azadlıq»a danışdı
Gəncədə polislərin təhrikilə özünü yandırdığı bildirilən 1998-ci il təvəllüdlü Almaz Kərimli Bakıdakı 5 saylı xəstəxananın yanıq şöbəsinə yerləşdirilib. Xatırladaq ki, 15 yaşlı Almazın özünü yandırmasına səbəb onun ailəsinə məxsus həyətyanı sahənin Gəncənin Nizami rayon polis idarəsinin əməkdaşları tərəfindən zorla boşaldılması olub.
Dünən xəstəxanaya baş çəkib hadisənin təfərrüatlarını öyrəndik. Almaz Kərimlinin atası Şamil Kərimli deyir ki, yaşadıqları mənzili 1998-ci ildə Sabit Səmədov adlı vətəndaşdan alıblar: “Boş torpaq sahəsinə o vaxtın pulu ilə 26 milyon manat (1300 manat) pul ödədik. Borc-xərcə girib, ev tikdik. Bu müddətdə heç kim bizə dəyib-dolaşmadı. 2008-ci ildə Gəncə şəhər Inzibati-Iqtisad Məhkəməsinin sədri Zərbəli Zərbəliyev bizə dedi ki, buranı satın mənə. Razı olmadıq. Həmin il saxta sənəd düzəltdirdi ki, guya, torpağı Nizami rayonunun icra başçısı Məharət Mustafayevin sərəncamı ilə alıb. Biz də dedik ki, bu torpağı almışdınsa, niyə indiyə qədər gəlmirdin? Nədən evimizi bizdən satın almaq istəyirdin?”
.Ailə başçısının sözlərinə görə, onlar evdə olmayan vaxtda Zərbəli Zərbəliyevin göstərişilə bir neçə polis əməkdaşı evə hücum edib və mənzili yararsız hala salıb. Evdə yaşamağın mümkünsüzlüyünü görən ailə məcburiyyət qarşısında kirayələrə üz tutub: “Ancaq biz geri çəkilmədik. Hər yerə müraciət etdik. Ölkə başçısından tutmuş, bütün dövlət strukturlarına müraciət etdik”.
Saysız-hesabsız müraciətlər sonda nəticə verir. Nəhayət, 2012-ci ildə Ədliyyə Nazirliyi Inzibati-Iqtisad Məhkəməsinin sədrinə verilən torpaq sahəsinin sənədlərini ləğv edib.

“Anasının bu hala salınmasına dözə bilmədi, özünü yandırdı”
Ədliyyə Nazirliyinin bu cavabından sonra Kərimovlar ailəsi yenidən həmin ünvana qayıdıb: “Kirayələrə pul verməkdənsə həmin pulla yenidən mənzil tikmək qərarına gəldik. Banklardan kredit götürüb balaca koma yaratdıq. Zərbəli Zərbəliyev martın 6-da sürücüsü, eləcə də Nizami rayon polis idarəsinin rəisi Ədalət Qasımovun göndərdiyi bir neçə polis əməkdaşıyla birlikdə yenidən evimizə gəldi. Evimizi uçurmaq istəyəndə yoldaşım özünü qabağa verib. Əlindəki benzini üstünə töküb. Yandırmaqla hədələyib. Bun görəndə polislər qaçıb gedib”.

Şamil Kərimovun sözlərinə görə, polislər ertəsi gün yenidən gəliblər: “Yenə yoldaşım benzinlə qarşılarına çıxıb. Ancaq polislər əlindən alaraq, onu kənara atıblar. Yoldaşımı da sürüyərək, bayıra atıblar. 15 yaşlı qızım Almaz bunu görəndə benzini götürüb özünü yandıracağıyla polisləri hədələyib. Polislərdən biri alışqanı ona uzadaraq deyib ki, ”yandır görüm, necə yandırırsan?” Qızım əslində özünü yandırmaq istəmirdi, sadəcə, qorxutmaq fikri vardı. Ancaq anasının bu hala salınmasına dözə bilmədi, yandırdı”.

Şamil Kərimov deyir ki, qızı özünü yandırandan sonra polislər onu söndürmək üçün qumun üstünə atıblar: “Bu hadisədən xəbər tutanda Almaz Gəncədəki 3 saylı xəstəxanada idi. Orada normal müalicə getmədiyi üçün onu Bakıya gətirməli oldum. Xəstəxanadan mənə nə təcili yardım maşını verdilər, nə də göndəriş. Öz pulumla bura gətirdim”.
“İlham Əliyev məni qəbul etsin, ona dərdimi deyim”

Ona heç bir yardım göstərilmədiyini deyən Şamil Kərimov aiddiyyəti qurumlardan kömək istəyir: “Dövlətdən kömək istəyirəm. Mərhum Heydər Əliyevin də, Ilham Əliyevin də qaçqınlarla bağlı sərəncamı var ki, əgər bir köçkün hər hansı yerdə məskunlaşıbsa, onu oradan çıxarmaq olmaz. Mən isə heç yeri zəbt etməmişəm. Yer almışam, pulunu ödəmişəm, ev tikmişəm. Niyə belə edirlər? Ilham Əliyev ölkə başçısı seçiləndə dedi ki, mən hər bir azərbaycanlının prezidenti olacağam. Bəs bizə qarşı niyə belə edirlər? Dəfələrlə Heydər Əliyev Fonduna getmişəm ki, Mehriban Əliyeva ilə görüşüm. Ilham Əliyev məni qəbul etsin, ona dərdimi deyim”.

Ölkə başçısına bir neçə dəfə müraciət etdiyini, ancaq görüşə bilmədiyini deyən müsahibimiz bildirir ki, problemilə əlaqədar Türkiyə prezidenti Abdullah Gülə də şikayət məktubu ünvanlayıb: “Çıxış yolunu Abdullah Gülə müraciətdə gördüm. Fikirləşdim ki, o, bizim prezidentlə görüşəndə problemimi desin”.
Qızının müalicəsini hökumətdən tələb edən ata həmçinin təhlükəsizliyinin də təmin edilməsini istəyir: “Hər an bizə hər şey ola bilər. Bizim təhlükəsizliyimiz təmin olunsun”.
İcra başçısı olaydan xəbərsizdir
Olayla bağlı Daxili Işlər Nazirliyinin yaydığı məlumatın həqiqətə uyğun olmadığını deyən Şamil Kərimov qızının məhz polislərin təhrikilə özünü yandırdığını söylədi.
Gəncənin Nizami rayon icra hakimiyyətinin başçısı Məharət Mustafayev “moderator.az”a açıqlamasında baş verənlərdən xəbərsiz olduğunu bildirib: “Mənim hansısa vətəndaşın özünü yandırmasından xəbərim yoxdur. Səhhətimdə ciddi problemlər var. Əməliyyat olunmuşam, vəziyyətim ağırdır. Işə çıxmıram, ona görə də heç nədən xəbərim yoxdur”.
Ramin DEKO



