Məcburi köçkünü kim öldürüb?

Qətldə şübhəli bilinən Fuad Qəhrəmanov günahsız olduğunu deyir: “Malikə çırtma da vurmamışam”

“Azadlıq”ın ötən sayında Laçın rayonundan məcburi köçkün olan Malik Qaraşovu qonşusu Fuad Qəhrəmanovun öldürdüyü barədə xəbər vermişdik. Məlumatı verən mərhumun qızı Kəklik Qaraşova deyir ki, atası maşını sürətlə sürdüyünə görə Fuad onunla mübahisə edib, sonra çay içmək adıyla sürüyə-sürüyə mindirərək işlədiyi qəssab dükanına aparıb. Orada bir neçə nəfərlə atasını döyüb. Malik Qaraşov yaralı vəziyyətdə polisə zəng edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları onu bölməyə aparıblar və orada dünyasını dəyişib.
Ötən gün Fuad Qəhrəmanov hadisənin şahidi olmuş daha iki nəfərlə redaksiyamıza gələrək özünün günahkar olmadığını bildirdi: “Mənim bu işdə heç bir günahım yoxdur”.
Fuad Qəhrəmanov deyir ki, martın 3-də saat 16 radələrində dükanından çıxıb: “Dostum Müşfiqə zəng etdim ki, gəl dükana, nahara gedirəm. Evə getdim. Az sonra Malik Qaraşov başqa bir adama məxsus maşınla çox sürətlə həyətə girdi. Çölə çıxdım, Malikin bacanağı Mirəlidən soruşdum ki, sürətlə sürən kimdir? Dedi ki, Malik. Ona dedim ki, ayıbdı, burada sürətlə sürməzlər, uşaqlar var. Bunu Mirəliyə dedim. Daha bilmədim, o dediklərimi Malikə necə çatdırdı. Bir də gördüm Malik maşını düz qarşıma sürdü. Pəncərəni açanda içkili halda olduğunu gördüm. Daha bir söz demədim. Qayıtdı mənə dedi ki, nə olub, cavab verdim ki, uşaqlar var burda, bərk sürmə. ”Lagerdə məndən başqa lotu varsa…” söyüş söydü. Mən də qayıtdım dedim ki, lotulanmaq zamanı deyil, pul qazanmaq lazımdır. Gördüm ki, çox içkilidir və vəziyyəti ağırdır. Evdə uşaq da narahat idi. O da ağlayırdı. Hadisənin şahidi olan qonşular da dedi ki, evə get, hirsi soyuyana qədər bayıra çıxma. Evə getdim. Bir az keçdi. Evə gəldi, qapını döydü və dedi ki, gəl gedək parkda söhbət edək. Əvvəlcə maşınına minmək istəmədim. Sonra düşündüm ki, içkilidir, özümdən arxayınam, ola bilsin bir-iki sillə vurdu, hirsi soyuyar. Ən pis halda görsəm ki, vəziyyət arzuolunmazdı, maşından özümü ataram. Maşına mindim, irəli sürdü. Mirəli önə gəldi, ona dedi ki, sakit ol. Onu da təhqir etdi. Sonra geriyə sürüb həyətdən çıxmaq istəyəndə mən özümü maşından atdım və yenidən qayıtdım iş yerimə. Onunla birlikdə qəssab dükanına getməmişəm. Bir az keçdi, bir taksiylə bazarın yaxınlığında düşdü və dükanıma gəldi. Dedi ki, səni həbs etdirəcəm. Ona dedim ki, şikayət etmə. Əgər şikayət etməklə rahat olacaqsansa et, yox, rahat olmayacaqsansa, gəl döy məni. Ancaq dediyi bu oldu ki, səni tutduracam. Sonra 102-yə zəng etdi. Onlara dedi ki, vəziyyətim ağırdı, burada məni döyüblər. Gördüm vəziyyət pisdir, özüm də polis bölməsinə zəng etdim. Az sonra polislər gəldi”.
Fuad Qəhrəmanov deyir ki, polislər gələndə də Malik Qaraşova heç nə etməyib: “Ümumiyyətlə, bu adama çırtma belə vurmamışam. Çox içdiyi üçün deyirdi ki, ürəyim ağrıyır, həkim çağırın. Camaat tökülüşmüşdü ora. Hamı gördü ki, Malikin sifətində heç nə yoxdur. Polislərə dedi ki, mən şikayət etmək istəyirəm. Onlar da cavab verdi ki, şikayət etmək istəyirsənsə, ya bizlə gəl, ya da başqa maşınla polis bölməsinə get. O da getdi oturdu polislərin maşınına. Başqa bir tanış da vardı. O da Malikə dedi ki, gəl belə etmə. O bildirdi ki, xeyri yoxdur, bu gün Fuad tutulmalıdır və polis bölməsinə getdi”.
Fuad Qəhrəmanov deyir ki, bölmədə Malik Qaraşovun halı pisləşib: “Təcili yardım çağırıldığı deyilir. Ancaq heç bir köməyi olmayıb. Onun ölümündə heç bir rolum yoxdur, bir daha təkrar edirəm, mərhuma bir çırtma belə vurmamışam”.

Ramin DEKO