“İstintaq ancaq mənim əsəbimlə oynayıb”

Xədicə İsmayıl: «Bu bir ildə ailəmi, dostlarımı narahat etməklə məşğul olublar»

“Azadlıq” radiosunun əməkdaşı, tanınmış araşdırmaçı jurnalist Xədicə Ismayılın hədələnməsindən, şəxsi həyatına müdaxilə təşkil edən videogörüntülərin yayılmasından bir il ötür. X.Ismayılın sözlərinə görə, ötən müddətdə istintaq iş üzrə heç bir iş görməyib: “Mən prokurorluğun hərəkətsizliyi ilə də bağlı şikayət etmişəm, amma heç bir nəticə yoxdur. Prokurorluqdan şablon cavablar alırıq – cinayət işi başladılıb, nəticəsi barədə məlumat verəcəyik, vəssalam. Yaxın vaxt üçün nəticə gözləmirəm.
Amma uzunmüddətli perspektivdə nəticəyə ümidliyəm. Hesab edirəm ki, əvvəl-axır bu işin üstü açılacaq. Mən mübarizə apararaq buna nail olacam. Martın 9-da müraciət etmişəm, 15-də cinayət işi açılıb. Bir il keçib, amma ortada heç nə yoxdur. Istintaq ancaq mənim əsəbimlə oynayıb. Şəxsi məlumatlarımı ictimaiyyətə yayıb, ailəmi, dostlarımı narahat edib. Cinayətin üstünün açılmasına yönəlik heç bir istintaq hərəkəti aparılmayıb”.
Xatırladaq ki, Xədicə Ismayıl 2012-ci ilin martında ardıcıl təqiblərə məruz qalıb. Kimliyi bəlli olmayan şəxslər martın 7-də şantaj məktubu göndərərək jurnalistdən tənqidlərini durdurmağı tələb ediblər. Jurnalist intim məzmunlu foto, video görüntülərinin yayılacağı ilə hədələnib. X.Ismayıla qarşı təqib kampaniyası yalnız anonim mənbələr tərəfindən deyil, həm də rəsmi “Yeni Azərbaycan”, “Səs” və “Iki sahil” qəzeti tərəfindən müşayiət olunub. Hüquq-mühafizə qurumları hədə-təqiblərin araşdırılması ilə bağlı X.Ismayılın müraciətlərini incələməkdən imtina ediblər. Baş Prokurorluq yalnız mart ayının 15-də jurnalistin şəxsi həyatına müdaxilə təşkil edən videogörüntülərin internetdə yayılmasından sonra şəxsi həyatın toxunulmazılığı hüququnun pozuntusuna görə cinayət işi açıb. Cinayət işinin başladılmasından 1 il ötsə də, günahkarlar tapılaraq məhkəmə qarşısına çıxarılmayıb. Yerli məhkəmələr X.Ismayılın “Yeni Azərbaycan” və “Iki sahil” qəzetlərinə qarşı iddialarını da rədd ediblər.
X.Ismayıla qarşı təqiblər, onun şantaj olunması paralel olaraq müstəqil qrup tərəfindən də araşdırılıb. Qrup jurnalistin şantaj olunması ilə əlaqədar xeyli materillar əldə edib. Araşdırmalara görə, X.Ismayılın yaşadığı mənzilə gizli şəkildə videokamera quraşdırılıb, gizli çəkilmiş telefon xətti vasitəsilə mənzil fasiləsiz izlənib. Müstəqil araşdırma qrupu gizli xətlərin çəkilişini telefon idarəsinin apardığını müəyyən edib. Xətti çəkən ATS əməkdaşı qrup üzvlərinə bunu rəhbərliyin tapşırığı ilə etdiyini açıqlayıb. Qrup həmçinin, X.Ismayılın intim videogörüntülərinin internetdə yayılması, habelə şantaj məktubunun göndərilməsilə bağlı da xeyli bilgilər əldə edə bilib. Jurnalistin vəkilləri istintaq qurumu qarşısında daha detallı araşdırma üçün çoxsaylı vəsatətlər qaldırıblar.

Gültəkin