Əcəbdir: biz bunlara deyirdik ki, büdcədən neft pullarını oğurlamayın, bunlarsa artıq evlərindən adamları oğurlayırlar.
21-ci əsrdə bir ölkə təsəvvür edin ki, orada adını “güc strukturları” qoyan qurumlar camaatın evini basır, əvvəlcə ora narkotik, “Molotov kokteyli” (narkotik heç, amma bu “Molotov kokteyli” artıq təzə söhbətdir, bir azdan Iranın əldə etməyə çalışdığı atom silahı da hansısa etirazçının evindən tapılsa, təəccüblənməmək lazımdır) yerləşdirir, sonra onu axtarır, daha sonra tapır, lap axırda da həmin evdəki gəncin qollarını buraraq istədikləri yerə aparırlar. Üstəlik, iki gün ərzində onların harada olduğunu bilən tapılmır. Və utanmadan biriləri hələ də Azərbaycan haqqında “hüquqi-demokratik dövlət” kimi bəhs edirlər. Şair demiş, “adamın üzündə həya gərəkdir”.
Biz Hacı Məmmədov təcrübəsindən, Elşad Abdullayevin videolarından Azərbaycanın mafiya üsulları ilə idarə olunduğunu bilirik. Ona görə də iki gündür üç “Nida”çının faktiki olaraq, oğurlanmasında, Gəncədə isə Mahir Bayramlı adlı müsavatçının evindən iki polis tərəfindən heç bir səbəb olmadan aparılıb, sonra da “polisə müqavimət” adı ilə 5 sutka həbsə məhkum edilməsində də təəccüblənəcək bir şey yoxdur. Adamların yataq otaqlarına belə girən, onların məhrəmlərini belə güdən və aləmə yayan bir zehniyyətdən hər şey gözləmək olar. Bunlar üçün heç bir utanc hissi yoxdur.
Amma yenə də insanların evlərinə soxulub, onları doğmalarının gözü qarşısında oğurlamaq nə deməkdir?
Görürsünüz, hər şey lap 37-ci ili xatırladır. Hər şey lap “qırmızı qaranlıqlar” dövründə olduğu kimidir. Stalinizm iş başındadır – bir zamanlar gecəyarısı döyülən qapıların taqqıltısını indi də aydın eşitmək olur.
Bəli, rejim qorxur, qorxduğu üçün də qorxudur.
Toplumda sınan xofu bərpa etmək üçün repressiyaları daha dəhşətli formada həyata keçirmək istəyir.
Amma keşkə anlasaydılar, bu cür çirkin rəftarın bir şeyə yaramayacağını. Rejimin özünün dünyadakı pis obrazını daha da tündləşdirəcəyini.
Başa düşmürlər ki, hər belə qanunsuz, mafioz davranış onların özlərinin vəziyyətini pisləşdirir. Onsuz da verəcəkləri o qədər hesab var ki… Hər gün bunların üzərinə yeni birini əlavə etmək nə üçündür?
Üstəlik, unutmasınlar: bu gün biz 37-ci il repressiyalarında alət rolu oynamış, o vaxt cəza maşınının vintcikləri, təkərciklərinə çevrilmiş adamların övladları, nəvələri indi hansı qınaq, tənbeh sözlər eşidir, hansı utanc hissləri keçirirsə, bugünkü repressiyaların sifarişçilərinin və icraçılarının oğul-uşaqlarını da eyni aqibət gözləyir.
Özünüzü gözləyən aqibəti düşünmürsünüz, barı övladlarınızı düşünün: gün gələcək, onlar toplumun üzünə hansı gözlə baxacaqlar?
Düşünün ki, bir gün atalarının, babalarının bugünkü əməlləri haqqında biləndə, eşidəndə, bu əməlləri onların üzünə vuranda hansı hisslər keçirəcəklər?
Onları da gələcəkdə gözükölgəli etdiyinizin, bu gün xalqa qarşı ən çirkin oyunlarda yer almaqla övladlarınızı, nəvələrinizi öz atalarının, babalarının utancı ilə yaşamağa məcbur etdiyinizin doğrudanmı, fərqində deyilsiniz?
***
Mən bu sətirləri yazarkən axır ki, üç “NIDA”çının səsi MTN-dən gəldi, onlar haqqında gülməli rəsmi məlumat yayıldı.
O məlumatı yəqin qəzetimizin bu sayında oxuyacaqsınız, mən oradakı bir məqama toxunmaq istəyirəm.
Deməli, rəsmi açıqlamada həbs edilənlərin birinin evindən butılkalarda içərisində “Molotov kokteyli” olan maye tapıldığı bildirilir, dərhal da əlavə olunur: nə qədərsə həşiş qətranı və qurulmuş marixuana. Niyə? Çünki içi benzin dolu hansısa butılkaya görə həbs komik olardı. Ona görə də ənənəvi “narkotik söhbəti” dövriyyəyə girir.
Ya da bir başqa gəncin evində üzərinə “təcili demokratiya tələb olunur tel:+994 ünvan: Azərbaycan” sözləri yazılmış 28 ədəd vərəqələrin kserosurətlərinin aşkar edildiyi yazılır, amma yenə də böyrünə qurudulmuş marixuana əlavə olunur. Çünki hansısa vərəqə, hələ-hələ onun kserosurətinə görə həbs də heç bir qanuna sığmır. Və yenə köməyə narkotik maddə çağırmaq lazım gəlir.
Bilmirəm, əlavə şərhə ehtiyac qaldımı?

Hesab günü üçün xatırlatmalar
•
•