Arif Rəhimzadə Rusiyan kimdən qoruyur?

Milli Məclisin komitə sədri Rusiya ilə problemləri görmək istəmir

Razi Nurullayev: «Azərbaycan tərəfi Rusiya ilə münasibətləri  tarazlaşdırmağa çalışırmış kimi görünür»

Rusiya ilə münasibətlərdə gərginləşmə müşahidə edilən gündən Azərbaycanda hakimiyyət təmsilçiləri, xüsusilə də rəsmi mətbuat bu ölkənin ünvanına sərt tənqidlər, bəzi hallarda isə ittihamlar səsləndirir. Bir neçə gün əvvəl “Ria-Novosti” agentliyinin saytında Dağlıq Qarabağla bağlı yazıdan sonra isə Azərbaycan Rusiyaya nota verdi.
Bütün bunlar bir daha Moskva ilə Bakı arasında münasibətlərin kifayət qədər gərgin olduğunu sübut edir. Lakin bu günlərdə Rusiyapərəst mövqeyi ilə seçilən millət vəkili Arif Rəhimzadə digər rəsmilərdən fərqli mövqe ortaya qoyub. Modern.az saytına açıqlamasında A.Rəhimzadə Rusiya ilə münasibətlərin normal olduğunu deyib: “Rusiyada bir nəfər bir söz deyən kimi, burda proqnozlar verməyə başlayırlar. Hazırda söz azadlığıdır, kim nə istəyir danışır. Münasibətlər yaxşı vəziyyətdədir və inkişaf edir. Iki ölkə arasında münasibətlərdə guya problemlərin olması ilə bağlı deyilənlərə gəlincə, iki ölkənin parlamentləri arasında belə bir məsələ yoxdur”.
Rəsmilərin mövqeyindəki bu fərq necə izah oluna bilər?

Politoloq Razi Nurullayev Iranla münasibətlər də vaxtilə rəsmilərin fərqli mövqeyi sərgilədiyini deyir. Iranla münasibətlər gərginləşən zaman Azərbaycan tərəfindən bu ölkənin rəsmilərinin ünvanına ağır və sərt ifadələr işlədildi. Lakin Iran öz təzyiqini gücləndirəndə, vəziyyət nəzarətdən çıxma mərhələsinə çatanda Azərbaycan yenidən münasibətləri tarazlamaq üçün fərqli siyasi dildən istifadə etməyə başladı. Həmin tendensiya Rusiya ilə münasibətlərdə də görünür: “”Milyarderlər Ittifaqı” yaranan zaman dövlət rəsmiləri və deputatlar Rusiyanı Azərbaycanda inqilabi dəyişikliklər etməkdə suçlamağa başladı. Amma Rusiya iddialarından geri çəkilmədi və Azərbaycana təzyiqlərini artırdı. Eyni zamanda Azərbaycanla bağlı müxtəlif strategiyalar həyata keçirməyə başladı. Dağıstana yeni prezidentin təyin edilməsi də bunun tərkib hissəsi kimi qiymətləndirilir”.
Ekspertin sözlərinə görə, bu səbəbdən də Azərbaycan tərəfi Rusiya ilə müəyyən münasibətləri tarazlaşdırmağa çalışırmış kimi görünür. Azərbaycan hakimiyyətində olan mövqe dəyişikliyini bu kontekstdən izah edilə bilər.

Fizzə