Səslər boğulan ölkədə hirsli qadın səsi

Bir dostum var, tez-tez “kaş lal qadınla evlənəydim” deyə şikayət edir. Mən isə ona söyləyirəm ki, səsi zorla qapadılan cəmiyyətdə qadın lallığı da səni xoşbəxt edə bilməz. Dostum, səni əsəbiləşdirən qadın səsi deyil, içindəki, çölündəki problemlər, qarışıqlıq, ədalətsizliklər və əziyyətlərdir, səni çıldırdan yaşadığın cəmiyyətin halıdır, özünün ağır durumundur. Sadəcə olaraq, sən bəlkə də bircə o qadından əzab, tərslik gözləmirsən, tərslikdən o da yalnız səni görəndə deyinməyə başlayır və yanlış olaraq elə bilir ki, sən bu bərbad ölkədə onun üçün hər şeyi sahmana salmalısan. Yükün çoxdur, haqqın tapdanır, əngəllərlə üz-üzəsən, amma sən özün cəmiyyətdəki bu bəlaların səbəbkarlarına heç deyinə də bilmirsən və yanında deyinən qadının səsi səni boğur. Boynuna al, bu cəmiyyətdə qadın nadanlığı da var, amma bizim əzabların səbəbi bu deyil.
Qadının özü də bu ölkədə günahlar daşıyır, onlar da yaltaqlıq edir, yaltaq kişiləri də sevirlər, güzəran üçün yaltaqlanmağa da sövq edirlər kişiləri, ilahi, hətta öz balalarını yaltaqlanmağa yönləndirirlər. Mütidirlər, savadsızdırlar, nadandırlar. Amma kişilər fərqlidirmi?
Bəs qadının əzabı? Bunu niyə unudaq?
Mistika-zad deyil bu – Azərbaycan qadınının əzabkeşliyi dünyaya gəlmədən başlayır. Onu ana bətnində ikən axtarıb tapırlar. Insanlığa xidmət üçün icad edilən USM aparatı onu yaxalayan kimi, haqqında mühakimə qurulur: dünyaya gəlsin, ya gəlməsin? Azərbaycanda qadının həyatı belə başlayır, yaxud da başlamır…
Bilirəm, bu USM “məhkəməsini” kişilərin adına yazmaq da doğru deyil. Indi qızlarının doğulmasını istəməyən analar eyni niyyətli kişilərdən heç də az deyil. Elə analar da qız anası olmaq istəmir…
Səbəblərə gəldikdə… Min cür səbəb, min cür nümunə göstərib yeri-göyü qarışdırmağa ehtiyac yoxdur. Səbəbi doğru axtarmaq lazımdır. Sistemsiz düşüncələri ilə bu problemi izah edənlər başımızı çox dumanlandırıb. Görürsən ki, biri öz kəndində, ya küçəsində rast gəldiyi hansısa hadisəni misal çəkib, ümumiləşdirməyə çalışır. Ya pis atanı, ya pis ananı qınayır. Biri milli adətləri, biri dini qınayır bunlara görə. Bir oğulu, biri gəlini günahlandırır. Səbəb isə çox sadədir. Biz yanlış idarə edilən, qanunsuzluqların baş alıb getdiyi, korrupsiyanın, səfalətin, keyfiyyətsiz səhiyyənin, təhsilin, hökm sürdüyü bir toplumda yaşayırıq. Biz işsizliyin çox, rifahın aşağı olduğu, haqlarının qorunmadığı, ayrı-seçkiliyin, ədalətsizliyin hökm sürdüyü ölkədə yaşayırıq. Hamının həyatı çətindir. Elə bunlar da keçmişin qalığı olan bir çox adət və normaların yaşamasını gücləndirir, nəticədə isə qadının həyatı kişinin həyatından daha böyük zillətə çevrilir. Hər cür ağalıq var, bir də kişi ağalığı da yaranır bu ölkədə.
Səbəb odur ki, biz ədalətli, demokratik hüquq cəmiyyəti qura bilmirik, bütün azadlıqlar isə söz olaraq qalır. Elə qadın azadlığı da. Biz təhsil verə bilmirik insanlara. Biz iş verə bilmirik insanlara. Biz insanların haqlarını qoruya bilmirik. Üstəlik, biz belə bir cəmiyyətdə ideal qadın da axtarırıq. Kafi bir dövlət, kafi bir hökumət qura bilmədən.
Bütün günü televiziyalarda savadsız, üç kitab oxumayan şou-sənət adamları xoşbəxtlikdən danışır bizim ölkədə. Amma bədbəxt ölkədə xoşbəxt olmaq asandırmı? Halbuki belə bir ölkədə qadının səsinə belə dözmək asan deyil, doğrudan da…
Az qalır ki, Budda da dirilib gəlsin çağımıza və qışqırıb bizə desin: “Xoşbəxtlik də siyasidir, əziz küləklər ölkəsinin sakinləri! Küləklər sizə xoşbəxtlik gətirən deyil. Özünüz özünüzə kömək edin, özünüzə yol tapın xoşbəxt olmaq üçün. Özünüz özünüzü azad edin!”.