Hüseynhacılı kəndinin sakinlərinin adından saxta protokol tərtib edildiyi üzə çıxdı
Masallı rayonunun Hüseynhacılı kəndinin sakinləri, Prezident Administrasiyası və Milli Məclisə gediblər. Bu barədə qəzetimizə sözügedən kəndin sakini Yaqub Kazımlı məlumat verib. O, bildirib ki, sakinlər kəndlərinin Ocaqlı kəndi ilə bir ərazi vahidliyində saxlanılmasına etiraz edirlər: “Biz bundan televiziya vasitəsilə xəbər tutmuşuq. Dərhal rayon icra hakimiyyətininin qarşısına toplaşıb etiraz etmişik. Lakin təəssüf ki, icra başçısı etirazlarımıza əhəmiyyət verməyib. Ona görə də qərara gəldik ki, dərdimizi demək üçün Prezident Administrasiyasına və Milli Məclisə gələk”.
Yaqub Kazımlı bildirib ki, PA-da onları Masallı üzrə kurator Vəfadar Bağırov qəbul edib. Lakin sakinlər kuratorun cavabından razı qalmayıblar. “Milli Məclisdə isə bizi deputat Elmira Axundova qəbul edib. O bizim ərazidən deputat seçilib. Elmira xanım vəd verdi ki, bu məsələ araşdıralacaq”.
Yaqub Kazımlı bildirib ki, onlar bu məsələ ilə bağlı məhkəməyə də müraciət etmək istəyirlər: “Bəlli olub ki, kəndin 200 sakini adından saxta protokl tərtib ediblər”, – deyə Yaqub Kazımlı əlavə edib.