Yüz il bundan əvvəl Mirzə Ələkbər Sabir öz kitabını çap etdirməyə pul tapmırdı. Neçə-neçə milyonerin yaşadığı şəhərdə onun kitabı üçün ianə toplanırdı. Qəzetlər bar-bar bağırıb dəstək istəyirdilər. Abbas Səhhət, Abdulla Şaiq, Süleyman Sani Axundov kimi 3-5 ziyalı ortalıqda qalmışdı. Nəzərdə tutulan kitab isə 10 ildən sonra işıq üzü gördü. Şairin sağlığında toplanmağa başlayan məbləğ onun ölümündən illər sonra kitab çıxarmağa yetərli oldu. O da şairin şeirlərindən yalnız bir hissəsini nəşr etməyə çatdı. Indi həmin kitaba zəngin erməni qadınlarının da dəstək verdiyini oxuyanda, adam xəcalət çəkir. Amma bu nəyi dəyişir ki… Məgər günümüzdə baş verənlər daha acınacaqlı deyil?..
Xeyli vaxtdır “Azərbaycan saatı” proqramının yaradıcıları qəzet səhifələrindən və sosial şəbəkələrdən haray çəkir. Yarandığı vaxtdan açıq düşüncənin tribunasına çevrilən proqram bağlanmaq təhlükəsi qarşısındadır. Zor şərtlər altında məcburən Türkiyədən yayımlanan proqrama pul lazımdır. Hamıya məlum olan bu durumda isə o pulu toplamaq iynə ilə gor qazmaq kimi bir şeydir. Çünki proqramın yaşamasını istəyənlər əsasən maddi imkanı aşağı səviyyədə olan ziyalılar və yoxsul təbəqədir. Bunu yaradıcı qrupun müraciətinə cavab verən fədakar şəxslərin nümunəsində də gördük. Onlardan bəziləri öz kitablarını, bəziləri fotolarını satmaqla, bəziləri isə kasıb ailə büdcələrində ixtisar aparmaqla dəstək vermək niyyətini ortaya qoydu. Amma bu da bir yerə qədər… Hardadır bu ölkədə müsbət dəyişikliklər istəyən adlı-sanlı, varlı-hallı adamlar? Şübhəsiz, mən Azərbaycan əhalisinin boğazından kəsdiyi pullarla uzaq xaricdə muzey təmir etdirən, qocalar evi açan statuslu milyarderləri nəzərdə tutmuram. Söhbət öz səyləri sayəsində sahibkarlıqla məşğul olub, az-çox sərvət qazananlardan gedir. Axı ölkənin daxilində də, uzaq xaricdə də belə şəxslər olmalıdır. Bəlkə siz də əlinizi cibinizə salasınız? Hansı qara gündə açacaqsınız kisənizin ağzını?..
Bu günlərdə “Forbes” jurnalı dünya zənginlərinin siyahısını dərc edib. 1426 milyarderin siyahısında 3 azərbaycanlının adı var. Onlardan biri “Lukoil” neft şirkətinin prezidenti Vahid Ələkbərov, ikincisi Araz Ağalarov, üçüncüsü isə 227 gəmisi olan “Palmalı” şirkətinin sahibi Mübariz Mənsimovdur. Hər kəs bilir ki, bu şəxslərin heç biri o sərvəti Azərbaycanda qazanmayıb. Şübhəsiz, burada yaşamış olsaydılar, qazana da bilməzdilər. Çünki Azərbaycanda qanuni şəkildə sahibkarlıqla məşğul olub bu qədər sərvət qazanmaq imkansız. Bunun səbəbini o zənginlər siyahısında adı çıxan həmin 3 azərbaycanlı da gözəl bilir. Burada biznes maraqları xüsusi monopoliyada olduğuna görə, hər halda onları Azərbaycana bağlayan önəmli bir səbəb də yoxdur. Hərçənd ki, indi dünyada şəxsi zəhmət bahasına qazanılan pulların böyük dəyərlər naminə xərclənməsi yüksək bir biznes mədəniyyəti hesab edilir.
“Azərbaycan saatı”nın yaradıcı qrupu da bu böyük dəyərlər uğrunda mübarizə aparan insanlardır. Onlar öz doğma ölkələrində hər şeyin yaxşılığa doğru dəyişməsini istəyirlər. Onlar bu sərvət qaynayan torpaqda hər kəsin halallıqla zəngin ola biləcəyi, burada hər kəsin qürur duya biləcəyi bir cəmiyyətin davasını aparırlar. Qardaş ölkədə o proqramın hansı zor şərtlər altında yayımlandığını bilirik. “Kanal Avrupa”ya uzanan əllər indi də dinc dayanmış deyil. Proqramın son buraxılışlarında adını dəyişmək zorunda qalması da bundan xəbər verir. “Azərbaycan saatı” bu ölkədə azad düşüncəyə açılan bir ümid pəncərəsidir. O pəncərənin bağlanmasına yol verməyək!

Bir ümid pəncərəsi…
•