Srağagün “Gülər parlamenti”ndə taleyüklü bir məsələdən danışıblar. “Topaz” mərc obyektlərinin xərçəng xəstəliyi kimi Azərbaycanın hər yerinə yayıldığını və bağlanmalı olduğunu deyən yaptokrat-deputatlar “futbol qumarı”nın ailələri dağıtmasından-zaddan gileyləniblər.
Dağılan ailələr, mərcdə uduzulan evlər… Həqiqətən ağrılı məsələdir. Amma bunları kim deyir? Yapçılarmı? Bəsdirin siz allah, güldürməyin adamı!
Məsələn, Məlahət Ibrahimqızı futbol mərcində uduzulan evlərdən danışır, bəs tərifini yerə-göyə sığdıra bilmədiyi sevimli hakimiyyəti evləri buldozerlərlə sahiblərinin başına yıxanda harda idi, onda niyə danışmırdı? “Topaz”ın ailələri dağıtdığını deyir, bəs korrupsiyanın ölkəni dağıtmasını niyə mədh edir? Belə getsə, bu ölkədə büdcənin bir ovuc adam tərəfindən yeyilib-dağıdılması nəticəsində dağılmayan ailə qalmayacaq, hamısı yoxsulluq, işsizlik, pulsuzluq, səfalət ucbatından batıb gedəcək, bəs bundan niyə danışmır? Bəs bununla bağlı niyə həyəcan təbili çalmır? Niyə bu ölkədə bir neçə ailədən başqa bütün ailələr dərd, möhnət içərisindədir?
Yox, yox, mən əsla “Topaz”ı qorumuram. O da bu ölkədə korrupsiya maşınının bir vintciyidir. Azərbaycanda mərc oyunları qanunla qadağan deyilsə, niyə futbol uduşları ancaq bir əldə cəmlənib? Niyə başqaları da bununla məşğul ola bilməz? Niyə hətta bu da inhisardadır?
Görürsünüz ki, ortada nə qədər suallar var. Hamısı da bir daha sistemin çirkinliyindən xəbər verir.
Yapçıların guya bu məsələdə canıyananlıq göstərməsi isə yuxarıda da yazdıq, çox gülməlidir.
Axı söhbət yalnız futbol mərcindən də getmir, baxın, illərdir bu ölkədə şans oyunları dəbdən düşmək bilmir. Niyə? Çünki adamların başqa çıxış yolu yoxdur. Insanlar öz talelərini artıq lotoreyalara bağlayıblar. Düşdükləri səfalətdən, yoxsulluq girdabından yalnız bu yolla xilas ola biləcəklərini düşünürlər. Haqsızdırlarmı? Yaptokratiya bu məmləkətin insanlarına qazanmağın bütün yollarını bağlayıbsa, yalnız bir dəstə adam üçün zəngin olmaq, varlanmaq imkanı varsa, adamları necə qınayasan? Onlar bəxtdən, taledən, şansdan başqa nəyə ümid etməlidirlər? Onların əli hər şeydən üzülübsə, bütün ümidlərini lotoreya, mərc oyunlarına bağlamalarından təbii nə ola bilər?
Yaptokrat-deputat deyir ki, universitetlərin bir çoxunda tələbələr futbol qumarxanalarına toplaşırlar. Hə, başqa nə etməlidirlər? “Topaz”da itirirlər bəlkə, amma guya universitet auditoriyaları onlara nə qazandırır? Təhsil, savad onların önündə hansı perspektivi açır? Biliyin dəyəri nədir bu ölkədə? Az qala hər valideyn bu gün bunu deyir övladına: “Mən oxudum, nə əldə etdim, sən nə əldə edəsən? Get bir diplom da sən gətir qoy evdə yatan diplomların böyrünə, nə olsun?”. Heç Məlahət Ibrahimqızı özünə sual verirmi ki, toplumda belə düşüncənin hakim olmasının suçlusu kimdir?
Yaptokrat-deputat desin görək, onun sevimli hakimiyyəti karyera qurmaq, həyatda bir şeylərə nail olmaq üçün gəncliyin önündə hansı perspektivlər açıb? Bu gün maddi olaraq nəsə əldə etmək üçün gənclər iki seçim qarşısındadırlar: ya “Irəli”yə toplaşmalıdırlar, ya da “Topaz”a. Nəsə əldə etmək, qazanmaq üçün üçüncü yol varmı?
Hətta bəlkə “Topaz” daha şükürlüdür, orada uzaqbaşı pul qoyub itirirsən, amma ən azı həqiqəti itirməyə bilərsən. “Irəli” isə sənə karyera qazandıra bilər bəlkə, biznes imkanı, vəzifə, deputat mandatı-zad qazandırar bəlkə, amma bəs həqiqət? Bəs vətəndaş cavabdehliyi, vətəndaş mövqeyi? Hansı daha qorxuludur, hansı daha pisdir: insanın əlindən pulunu alan, yoxsa həqiqəti?
***
Yox, yapçılar doğrudan da istəyirlərsə ki, bu ölkədə ailələr dağılmasın…
Insanlar həyat problemlərindən çıxış yolunu lotoreyada, qumarda axtarmasın…
Gənclik pis alışqanlıqların, vərdişlərin arxasınca düşməsin, onda “Topaz”-da-mopazda suç axtarmasınlar, özləri artıq xalqın yaxasından düşsünlər, xalqdan oğurladıqları və illərdir ikiəlli yapışdıqları hakimiyyəti xalqın özünə təhvil verib getsinlər.
Gerisi ilə işləri olmasın.
Əmin olsunlar ki, həyat bizə onlarsız çox gözəl olacaq!

“İrəli” və “Topaz”
•
•