qolos-rosii

“Qolos Rossii” Əliyev rejimini sərt tənqid etdi

qolos-rosiiRusiyanın dövlət radiosu Elşad Abdullayevin videolarını, İsmayıllı üsyanını müzakirəyə çıxarıb

Rusiyanın dövlət radiostansiyası “Qolos Rossii” bugünlərdə öz efirində Azərbaycanı müzakirəyə çıxarıb. Azərbaycandakı prezident seçkiləri ərəfəsindəki vəziyyəti təhlil etmək üçün studiyaya Rusiya Strateji Araşdırmalar Institutunun Qafqaz araşdırmaları üzrə direktoru Yevgeni Baxrevski dəvət olunub.
Aparıcılar bildiriblər ki, Azərbaycanda prezident seçkiləri ilində qeyri-stabil siyasi vəziyyət hökm sürür, müxalifətin fəallığı artır, ölkə daxilində iğtişaşlar olur, Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qalır və Rusiya-Azərbaycan münasibətləri pisləşir(“Yeni Müsavat”). Onlar bildiriblər ki, Cənubi Qafqazda dominantlıq edən bu ölkə öz iqtisadi gücü ilə ayaqda durmağa qadirdir. Lakin daxili problemlər o qədər çoxdur ki, bu ayaqlar duruş gətirmir və problemlər istənilən vaxt kəskinləşə, dövlətin çöküşünə səbəb ola bilər.
Proqramda Iranın Azərbaycana təsir imkanlarından, habelə hakimiyyətin bu seçkilərdə namizədinin hələ də müəyyənləşməməsindən bəhs olunub. Y.Baxrevski “Gülərqeyt” qalmaqalı barədə də danışaraq xatırladıb ki, ötən ilin sentyabrından Azərbaycanın son bir neçə illik tarixində ən maraqlı proses başlayıb. Universitetlərdən birinin keçmiş rektoru internetdə hakimiyyət təmsilçiləri barədə kompromatlar yaymağa başlayıb: “Onun qardaşını 2000-ci illərin əvvəllərində oğurlayıblar. Elşad Abdullayev qardaşını axtarmağa çalışıb və başa düşüb ki, onu pulla geri ala bilər. Bundan sonra o apardığı söhbətləri videokameraya yazmağa başlayıb. Budur, aydın səmada çaxan ildırım kimi, o, YAP-dan olan deputat Gülər Əhmədovanın videoyazısını yayıb. Qalmaqal dərhal ”Gülərqeyt” adını alıb. Söhbətin məzmunu belədir ki, o, parlamentdə deputat yeri almaq istəyib, ancaq almayıb və verdiyi pulu geri qaytarmağa çalışıb. Başqa sözlə, sarsıdıcı korrupsiya qalmaqalıdır. Hər şey onunla yekunlaşdı ki, keçmiş deputat həbs olundu. Indi bütün hakim elita stress içindədir. Onlar bilmirlər ki, növbəti kompromat kimi vuracaq. Növbəti amil-Rusiyadır. Tərəflər Qəbələ RLS barədə anlaşma əldə etməyəndən və bir-birilərinə qarşı müəyyən kəskin hərəkətlər edəndən sonra Moskvada “Milyarderlər ittifaqı” adını alan təşkilat meydana çıxdı. Ora azərbaycanlı milyarderlər qoşulub, o cümlədən hakim ailənin qudası”.
Rusiyalı ekspert daha sonra bildirib ki, Ilham Əliyev hakimiyyətə gələndən qısa müddət sonra ölkəyə daxil olan milyardlarla dollar neft gəliri sayəsində iqtisadiyyat inkişaf etdi, nəhəng tikintilər getdi: “Lakin varlılar və kasıblar arasında dəhşətli uçurum yarandı, bu da, məsələn, Ismayıllıda olduğu kim iğtişaşlara gətirib çıxarır. Yerli rəhbərliyin qardaşı kiminsə maşınını vurdu, sonra onu təhqir etdi və bu da böyük iğtişaşlara səbəb oldu. Əhali hakim klanın əmlakına hücum etdi, hoteli, avtomobilləri yandırdılar. Iki gün ərzində təhlükəsizlik qüvvələri, daxili qoşunlar bu etirazları yatırmağa çalışdılar. Bütün ölkə boyu kortəbii etirazlar oldu, zəncirvari reaksiya başladı, xalq bildirdi ki, bu hakimiyyət insanları boğaza yığıb və özünü hər şeyin sahibi kimi aparır”.
Politoloq Vəfa Quluzadənin sözlərinə görə, bu cür müzakirələr Rusiya hakimiyyətinin sifarişi ilə təşkil olunur: “Rusiyada hər şey yuxarıdan gələn göstəriş əsasında baş verir. Tək dövlət radiosunda deyil, başqa radio və televiziya kanallarında da Azərbaycandakı vəziyyət və hakimiyyətlə bağlı tənqidlər səslənir. Rusiya istəyir ki, bu il Azərbaycanda hakimiyyətə onun istədiyi qrup və ya adam gəlsin. Biz o qrupu tanımırıq. Amma Rusiyanın belə bir niyyətinin olduğu şübhəsizdir. Ona görə Rusiya KIV-ləri Azərbaycanla bağlı mənfi obraz yaradırlar”.