Ölkə başçısının xəbərlərini mətbuata kim ötürür?

Fəzail Ağamalı: «Görünür ki, KIV-lə məlumatı ötürən məmur arasında çox işgüzar və qarşılıqlı əməkdaşlıq mövcuddur»

“Bu gün hər hansı icra başçısının işdən azad edilməsi haqda məlumat, sərəncam rəsmən açıqlanmazdan əvvəl KIV-lərdə peyda olur. Prezident sərəncamlarının məzmunu rəsmi şəkildə Administrasiya tərəfindən elan olunmazdan öncə yayımlanırsa, KIV-ə ötürülürsə, bu, cinayətdir”.
Bu sözləri Modern.az-a açıqlamasına Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O, bunun kifayət qədər ciddi məsələ olduğunu vurğulayıb: “Fikrimcə, bu, heç də informasiya vasitələrinin irəliləyişi kimi qiymətləndirilməməlidir. Bu gün KIV-lər ən müxtəlif kanallarla, mötəbər mənbələrlə əlaqələrə malik olsa da, dövlət əhəmiyyətli məsələlər mətbuata sızmalı deyil”. Deputat hesab edir ki, Azərbaycanın müvafiq qurumları bununla məşğul olmalıdır: “Heç şübhəsiz ki, ölkə prezidenti tərəfindən imzalanan hər hansı bir sərəncam, hər bir hansı kadr dəyişikliyi və s. ilə bağlı fərmanlar və digər ciddi xarakterli məlumatlar rəsmi status aldıqdan sonra Administrasiya vasitəsilə KIV-ə çıxarılmalıdır. Əgər buna qədər həmin məlumatlar artıq KIV-ə çıxırsa, bunun qarşısı hökmən alınmalıdır. Azərbaycanda ”Informasiya təhlükəsizliyi haqqında” Qanun qəbul olunmalıdır. Həmin qanun olunmadığına görə, boşluqdan istifadə edib bu cür hallara yol verirlər”. F.Ağamalı vurğulayıb ki, prezidentin imzaladığı sənədlərin məzmunu ilə bağlı məlumatı KIV-ə kim ötürürsə, o, mütləq cinayət məsuliyyətinə cəlb olunmalıdır: “Jurnalist bunu hardan bilir? Onu ayrı-ayrı məmurlar KIV-ə ötürürlər. Bu gün hər hansı icra başçısının işdən azad edilməsinin sərəncamdan qabaq KIV-ə sızdırılması ciddi hadisə deyil. Lakin başqa ciddi hadisələr də bu cür yolla ötürülə bilər”.
Deputatın sözlərinə görə, bu məsələ ciddi araşdırılmalıdır.
“Burada iki məqam var: birincisi, görünür ki, KIV-lə məlumatı ötürən məmur arasında çox işgüzar və qarşılıqlı əməkdaşlıq mövcuddur. Ikincisi, ola bilsin ki, həmin KIV informasiyanı ötürən məmurun təsiri altındadır, yəni məmur onun təsisçisidir”.
Xatırladaq ki, Fəzail Ağamalı 2000-ci ildə oxşar açıqlamalarla çıxış edib. Deputat o zaman bu məsələlərdə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevi ittiham edirdi. Lakin bu dəfə hansısa səbəbdən ad çəkməyi məqsədəuyğun saymayıb.