O, “Arşın mal alan”da Asyanın partiyasını oxumuşdu…

Azərbaycanda bəstəkarlıq təhsili almış ilk qadın

Azərbaycan musiqisində bir çox tanınmış simaların kəşf olunması dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Böyük musiqiçi və gözəl insan mədəniyyət tariximizdə bir çox qadın sənətkarların yetişməsində də önəmli rol oynamışdır. Belə şəxslərdən biri də Azərbaycanda bəstəkarlıq təhsili almış ilk qadın musiqiçi Ədilə Hüseynzadə olmuşdur.
Maraqlı bir xatırlatma üçün qeyd edək ki, Ədilə xanım Ü.Hacıbəylinin “Arşın mal alan” operettası əsasında çəkilmiş bədii filmdə (1945) Asyanın vokal partiyasını səsləndirmişdir. Bəstəkar musiqi aləminə də XX əsrin 40-cı illərində Üzeyir bəyin xeyir-duası ilə gəlmişdir. Ə.Hüseynzadə Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bəstəkarlıq ixtisası üzrə bitirmiş ilk azərbaycanlı qadındır. Musiqiçinin yaradıcılığında vokal əsərləri üstünlük təşkil etsə də, o, bir sıra iri həcmli əsərlər də yaratmışdır.
Ədilə Hacağa qızı Hüseynzadə 28 aprel 1916-cı ildə Bakı şəhərində anadan olmuşdur. Istedadlı bakılı qızın uşaqlıq illəri Işərişəhərdə keçmiş, kiçik yaşlarından musiqi ilə məşğul olmağa başlayan Ədilə yeddiillik musiqi məktəbini bitirmişdir. Əslində, onun marağını dəqiq elmlər daha çox çəkirdi. Buna görə də, əvvəlcə N.Nərimanov

Sənaye Texnikumuna, sonra isə Sənaye Institutunda təhsil almışdı. O ali məktəbi mühəndis-texnoloq kimi başa vuranda məşhur bəstəkar olacağı ağlına belə gəlməmişdi. Amma musiqi təhsili almaq arzusu da fikrindən çıxmırdı. Beləliklə, tale onu təsadüfən böyük Üzeyir bəylə qarşılaşdırdı…
Ədilə xanım xatirələrində yazırdı ki, 1936-cı ilin yayında Üzeyir bəy bir bağ evi kirayələmək üçün dolaşa-dolaşa gəlib onların Şüvəlandakı bağına çıxır. Böyük sənətkar yayda dincəlmək və yaradıcılıqla məşğul olmaq üçün sakit bir bağ axtarışında imiş. Ədilə xanımın atası bazarlıq etmədən qonaq otağının qapısını bəstəkarın üzünə açır və Üzeyir bəy ailəsi ilə bərabər yayı orada keçirir. O məşhur “Koroğlu” operasının dördüncü pərdəsini də orada yazır. Bundan başqa, bəstəkar o zamana qədər lampa işığından istifadə edən şüvəlanlıların evinə elektrik xətti də çəkdirir.
Ona Üzeyir bəy atalıq etmişdi…
Ədilə xanımın musiqi dünyasına gəlişində də bu tanışlığın xüsusi əhəmiyyəti olmuşdu. 1937-ci illərdə onların ailəsini Iran pasportları olduğu üçün sürgün etdilər. Ədilə xanımın ailəsini və iki övladını nəzərə alıb, sürgünə yollamadılar. Üzeyir bəy o ağır günlərdə ona əsl ata nəvazişi göstərdi. Beləliklə, 1942-ci ildə gözəl soprano səsi olan Ə.Hüseynzadəni konservatoriyanın vokal şöbəsinə qəbul edirlər.
Üzeyir bəy Ədilə xanıma həftədə dörd dəfə dərs keçirdi. Bununla da, o, bu sənətin sirlərini öyrənib irəli getdi. Tələbə olduğu müddətdə o, Üzeyir bəyin təşəbbüsü ilə “Vəslin həvəsi” romansını bəstələmişdi. Bu əsər Nizami Gəncəvinin 800 illik yubileyinə ithaf olunmuşdu. Bu romansı Üzeyir bəy çox bəyənmiş və onu ifa üçün korifey sənətkar Bülbülə təqdim etmişdi.
Ümumiyyətlə, Ədilə xanım bir çox janrlarda uğurla çalışaraq simfonik poema, simli kvartet, kantata, xor miniatürləri yaratmışdır. Amma romans janrı bəstəkarın yaradıcılığında özünü daha parlaq göstərir. Onun milli musiqimizdə romans janrının inkişafında danılmaz rolu var. Ə.Hüseynzadənin Nəsimi, Füzuli, Natəvan, Səməd Vurğun, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Nigar Rəfibəylinin şeirlərinə bəstələnmiş romansları və “Duyğular” vokal silsiləsi musiqimizin inciləri sayılır.
Ədilə xanımın vokal şöbəsindən bəstəkarlıq şöbəsinə keçməsinin də öz tarixçəsi var. Gənc musiqiçi cəmi bir il vokal şöbəsində oxumuş, sonra fikrini dəyişmişdi. O xatirələrində yazır: “Bir gün Üzeyir bəy Hacıbəylinin yanında bəstəboy, qarayanız bir qız gördüm, onunla maraqlandım. Dedilər ki, Ağabacı Rzayevadır. Üzeyir bəydən bəstəkarlıq dərsləri alır. Əvvəl təəccüb etdim. Qızdan da bəstəkar olar?- deyə düşündüm. Sonra özümü bu sahədə sınamaq qərarına gəldim. Gedib evdə jurnalları, kitabları qarşıma tökərək, şeir axtarmağa başladım və Ismayıl Soltanın ”Yadigar” şeirini tapdım. Ikinci Dünya müharibəsi artıq başlamışdı. Bu şeir də elə müharibəyə həsr olunmuşdu. “Yadigar” məni çox tutdu və ona bir musiqi bəstələdim. Bu romansı sevimli müəllimimə göstərdikdə onu çox bəyəndiyini söylədi. Elə o gündən də məni bəstəkarlıq şöbəsinə keçirdi”.
Məşhur bir musiqiçi…
1948-ci ildə Üzeyir bəyin vəfatından sonra Ə.Hüseynzadə Boris Zeydmanın sinfində oxudu. Azərbaycan Dövlət Konservatoriyasını 1953-cü ildə bitirən bəstəkar Bülbül adına Orta Ixtisas Musiqi Məktəbinə göndərildi. O burada 33 il kompozisiyanın əsasları fənnindən dərs dedi. Onun tələbələri sırasında Müslüm Maqomayev, Sevda Ibrahimova, Firəngiz Əlizadə, Elnarə Dadaşova kimi tanınmış musiqiçilər var.
Musiqişünaslar bəstəkarın məşhur şairlərimiz R.Rza və N.Rəfibəylinin şeirlərinə yazdığı “Duyğular” vokal silsiləsini musiqimizin gözəl nümunələri olaraq dəyərləndirirlər. Gözəl poeziya zövqü olan Ədilə xanım burada öz məharətli seçimi ilə unudulmaz bir musiqi əsəri yarada bilmişdir.
Ə.Hüseynzadənin vokal ifaçısı kimi yaradıcılığı çox geniş olmasa da, “Arşın mal alan” kinofilmindəki ifası əbədi olaraq yaddaşlara yazılıb. Üzeyir bəyin təklifi əsasında bu partiyanı ifa edən Ədilə xanım əvvəlcə tərəddüd etmişdi. Çünki ona filmin musiqi redaktoru, dirijor Niyazi ilə işləməyin çox çətin olduğunu demişdilər. Amma deyildiyinin əksinə, maestro nə ona əziyyət verdi, nə də get-gələ saldı. Öz partiyasını oxuyan kimi bəyəndi və ilk dəfədən səsi lentə alındı…
1944-cü ildən Azərbaycan Bəstəkarlar Ittifaqının üzvü olan bəstəkar musiqimizin inkişafına mühüm xidmətlər göstərmişdir. Ə.Hüseynzadənin həm bəstəkarlıq, həm də müəllimlik fəaliyyəti musiqi mədəniyyətimiz üçün böyük töhfədir. O, vokal ifaçılığını gözəl bildiyi üçün romans və mahnıların ruhunu tutmağı bacarırdı. Onun bir çox maraqlı əsəri 1944-cü ildə Tbilisidə keçirilən “Zaqafqaziya baharı” dekadasında, o cümlədən Moskvada və başqa şəhərlərdə ifa edilərək çox yüksək qiymətləndirilmişdir.
Ədilə Hüseynzadə böyük Üzeyir bəyin xatirələrini günümüzə qədər yaşadan sonuncu tələbələrindən idi. O, 2005-ci ildə 90 yaşında Bakıda vəfat edib.
2011-ci ildə bəstəkarın 95 illiyi qeyd olunub.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir