Koordinasiya Şurasının iclasında Isa Qəmbərin kabinetinin dinlənilməsi məsələsi müzakirə edilib
Martın 6-da Ictimai Palatanın Koordinasiya Şurasının iclası keçirilib. Koordinasiya Şurasının dönəm sədri Köçəri Nağbəylinin verdiyi məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət, son bir həftə ərzində baş verən hadisələr, Ictimai Palatanın 9 martda keçiriləcək sessiyasının gündəlik layihəsi müzakirə olunub. Koordinasiya Şurası martın 6-da təqdimatı keçirilən Demokratiyaya Yardım Fondunun dəstəklənməsi qərarına gəlib.
K.Nağıbəylinin sözlərinə görə, Koordinasiya Şurası mətbuatda Müsavat başqanı Isa Qəmbərin iş otağının dinlənildiyi barədə yayılan informasiyalarda deyilənlərin nə dərəcədə əsaslı olub-olmamasının araşdırılması üçün addımlar atılması, müvafiq orqanlara müraciət edilməsi barədə qərar verilib. Koordinasiya Şurasının iclaslarının da Isa Qəmbərin kabinetində keçirildiyini nəzərə alınaraq toplantıda məsələnin müzakirəsi keçirilib.
Dönəm sədri Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsinin hicablı olduğu üçün dərsə buraxılmaması hadisəsini Koordinasiya Şurası pisləyib. ADNA rəhbərliyinin bu addımının qanunsuz olduğu bildirilib.
Koordinasiya Şurasının toplantısında Ictimai Palatanın 9 marta planlaşdırılan sessiyasının gündəlik layihəsi də hazırlanıb. K.Nağıbəyli bildirdi ki, saat 12-də Müsavat qərargahında başlanacaq sessiyanın gündəlik layihəsində ictimai-siyasi vəziyyətin müzakirəsi, IP-in atacağı addımlar, xüsusilə də prezident seçkilərinə hazırlıq məsələləri əksini tapıb. Dönəm sədri sessiyada çox mühüm qərarların qəbulu gözlənilir.
Koordinasiya Şurası Ictimai Palata adından bütün Azərbaycan qadınlarını 8 mart beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edib.