guler-ehmedova3

Gülər Əhmədovanın yeni vəkili danışdı

guler-ehmedova3YAP-çıların sabiq deputatdan ehtiyat etmələri səbəbsiz deyilmiş

Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın yeni vəkili Raqif Məmmədov onunla görüşüb. Raqif Məmmədovun Modern.az saytına verdiyi məlumata görə, onlar görüş zamanı hüquqi məsələlər barədə söhbət ediblər.
O, bildirib ki, ikinci vəkil kimi Gülər Əhmədovanı müdafiə etmək üçün sabiq millət vəkilinin həyat yoldaşı Fikrət Əhmədov onunla müqavilə bağlayıb: “Bilmirəm onun özünün xəbəri var, ya yox, mənimlə Gülər Əhmədovanın həyat yoldaşı müqavilə bağlayıb”.       
Raqif Məmmədov onu da bildirib ki, Gülər Əhmədovanın istintaq işi ilə bağlı mübarizə aparmaq üçün yaxşı imkanlar var. Onun sözlərinə görə, ittiham o qədər əsassızdır ki, burada mübarizə aparmağa dəyər. Gülər Əhmədovanın Elşad Abdullayevlə üzləşməsini istəməsi məsələsinə də fikir bildirən Raqif Məmmədovun sözlərinə görə, istintaqın ilk işi bu olmalıdır: “Elşad Abdullayev hələ ki açılan cinayət işi ilə bağlı dindirilməyib. Dövlət orqanları onun istintaqa cəlb olunması və cinayət işi ilə bağlı dindirilməsi üçün axtarışa verilməlidir”.
Gülər Əhmədovanın ailəsi ilə görüşməsinə icazə üçün müraciət etmədiyini də deyən vəkil bildirib ki, hələ ki sabiq millət vəkili ailə üzvlərindən heç kiminlə görüşməyib.     
Yeri gəlmişkən, bir neçə gün əvvəl Gülər Əhmədovanın həyat yoldaşı moderator.az-a müsahibəsində sabiq deputatın məşhur “ağzımı açdırmayın” bəyanatı barədə maraqlı fikirlər səsləndirmişdi. “Gülər xanımın nəyi bilib nəyi bilmədiyini deyə bilmərəm. Amma onu deyə bilərəm ki, bir halda ki, o ”ağzımı açdırmayın” deyib, onun haqqında danışan insanlar ki, vardı, onlar haqqında kifayət qədər məlumatı var”, – deyə Fikrət Əhmədov bildirmişdi.
O zaman Gülər Əhmədovaya  Əli Əhmədov başda olmaqla YAP-çı həmkarları hücuma keçmişdi. Gülər Əhmədovanın bu bəyanatı məhz partiyadaşlarına ünvanlamışdı. Elə bu bəyanatdan sonra da YAP-çıların sabiq deputat barədə ittihamları səngidi. Görünür, YAP-çıların Gülər Əhmədovadan ehtiyat etmələri səbəbsiz deyilmiş. Hər halda Fikrət Əhmədovun sözlərindən belə anlaşılır ki, Gülər Əhmədova partiyadaşları barədə xeyli ilginc məlumatlara malkidir.