Əli Kərimli qadınları təbrik etdi

AXCP sədri Əli Kərimlinin 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbriki

Hörmətli xanımlar, əziz analar və bacılar, sizi Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edirəm! Sizin heç olmasa bu bayram ərəfəsində qayğılardan, məhrumiyyətlərdən, əzab-əziyyətdən, nigarançılıqdan uzaq olmanızı istərdim. Sizlərin hər birinə dünyanın ən gözəl, təravətli gül-çiçəklərinin hədiyyə olunmasını, bayramınızı sevinc, əmin-amanlıq və firavanlıq içərisində, doğmalarınızla birlikdə istədiyiniz məkanda keçirmənizi  arzulayardım. Sizlər buna layiqsiz, əziz Azərbaycan xanımları, öz ağlınızla, mətanətinizlə, sədaqətinizlə, cəsarətinizlə, əqidənizlə bunları haqq etmisiniz. Hüquqlar, bərabər imkanlar, azadlıqlar uğrunda mübarizə aparan fədakar qadınlarımız ölkədə demokratiyanın, ədalətin bərqərar olması naminə gedən hərəkata uzun illərdir öz misilsiz töhfələrini verməkdədirlər. Onların sıralarına yeni nəsil, intellektual, savadlı, müasir gənc qızlarımız qoşulur, mövcud avtoritar rejimə, baş verən qanunsuzluqlara, cinayətlərə qarşı mücadiləni qorxmadan davam etdirirlər. Özləri təzyiqlərə, həbslərə məruz qalsalar da, daim əzilənin, haqqı pozulanın yanındadırlar çətin mübarizə  yolunda olan xanımlar…
Əziz qadınlar, sizlərə uzun ömür, cansağlığı, hüquqlarınızın təmin olunduğu, azadlığınızın qorunduğu, hər bir fərdinə dəyər verildiyi ədalətli cəmiyyətdə rahat həyat sürmənizi, bu müqəddəs amallara çatmaq üçün daha mütəşəkkil və təşəbbüskar olmanızı arzulayıram!