olen-kursant

“Oğlumun ölümü müəmmalıdır”

olen-kursantÖlən kursantın atası Arazxan Əmikişiyev «Azadlıq»a danışdı

Raqil Əmikişiyev niyə hərbi tibbi ekspertizadan keçirilməyib?

Martın 2-də Yardımlı rayon sakini, Cəmşid Naxçıvanski adına Hərbi məktəbin 3-cü kurs müdavimi Raqil Əmikişiyevin müəmmalı ölümünə hələ də aydınlıq gətirilməyib. Müdafiə Nazirliyinin yaydığı bəyanatla razılaşmayan məhrumun atası Arazxan Əmikişiyev “Azadlıq”a açıqlamasında oğlunun sağlam olduğunu, səhətindən heç bir şikayət etmədiyini dedi. Onun sözlərinə görə, dünyasını müəmmalı şəkildə dəyişən oğlunu ilkin hərbi tibb ekspertizadan keçirməyiblər.
Sonradan keçirilən mülki tibbi ekspertizanın rəyinin də 15 gündən sonra bilinəcəyi deyilib. Göstərilən biganə münasibətdən narazı qalan əsgər atası oğlunun ölümünün səbəblərinin tezliklə açılmasını, həqiqətin üzə çıxarılmasını və burada günahı, yaxud da məsuliyyəti olanların cəzalandırılmasını istəyir: “Uşağın müəmmalı ölümü bir valideyn kimi məni çox maraqlandırır. Nəyə görə belə oldu bunu bilmək istəyirəm.
Xəstədirsə səbəblər göstərilməlidir. Xəstəni necə hərbi məktəbə qəbul ediblər? Ondan necə gələcəyin komandiri yetişdirmək istəyiblər? Bu sualların cavabını tapılmasını istəyirəm”.
Arazxan Əmikişiyev deyir ki, övladı ilə tez-tez danışırdı: “Heç bir şikayəti yox idi. Idmançı uşaq olub. Inanın ki, Raqilə iynə belə vurulmayıb”.
Mərhumun atası bizimlə söhbətdə onu da qeyd etdi ki, oğlunun ölümüylə heç kim maraqlanmır: “Hökumətdən heç kim gəlib bu məsələylə maraqlanmır. Heç başsağlığı belə verən olmayıb”.
Kursantın qardaşı Rabil Əmikişiyev AzNews.az-a açıqlamasında deyib ki, indiyə qədər onlara nə Müdafiə Nazirliyindən, nə də Naxçıvanski adına Hərbi Liseydən açıqlama verilib: “Hər şənbə komissiyadan keçirilərək evə buraxılıb. Bizim uşağımız tam sağlam olub. Nümunəvi xidmət edib. Tez-tez məni nümunəvi xidmətinə görə liseyə çağırıblar. Hadisə birdən-birə baş verib. Yanında olan yoldaşlarının dediyinə görə, gecə yatdığı yerdə xırıltı səsinə ayılıblar. Tibb məntəqəsinə aparana qədər dünyasını dəyişib”.
Ekspert rəyinin martın 14-də açıqlanacağını bildirən Rabil Əmikişiyev “Biz ölümün səbəbini bilmək istəyirik” deyə vurğulayıb: “Əgər Raqil xəstə idisə, niyə onu liseyə qəbul edirdilər? Bu məktəb komandir yetişdirir, yetişdirdiyi komandirin vəziyyətindən də xəbərdar olmalıdır. Mən qardaşımı generala təhvil vermişəm. O zaman general çıxış edib dedi ki, bunlar artıq bizim övladımızdır. Yoldaş general, indi mən susuram, axı Raqil sizin övladınızdır, siz danışın, niyə bu hadisə baş verdi? O general bizimlə heç əlaqə saxlamadı. Bizimlə ancaq bölük komandiri Fazil müəllim əlaqə saxlayıb. Onunla da qardaş kimi olmuşuq, 3 ildir münasibətimiz var. O da qardaş kimi zəng edir. Hərbi liseydən mənə zəng edib səbir diləyən ancaq həmin şəxsdir, o da mənim yaxın dostumdur. Başqa heç kəs maraqlanmır, heç bağsağlığı da verməyiblər. Ancaq tələbə yoldaşlarıdır, onlar da mənim öz övladlarımdır. Müdafiə Nazirliyindən də gələn olmayıb”.
Rabil Əmikişiyev telekanalların da məsələyə laqeyd münasibətindən şikayətlənib: “Indiyə qədər heç bir televiziyadan maraqlanan olmayıb. Görürük ki, küçədə bir insanın başına hansısa hadisə gələndə dərhal hamı ondan yazır, çəkiliş aparırlar. Amma bu kursantın ölümü ilə heç kəs maraqlanmır. Bizim də başımız hələlik qarışıqdır, biz də bir şey fikirləşəcəyik. Bizim ailəyə ən çox təsir edən hörmətsiz yanaşmadır. Azərbaycan əsgəri müəmmalı şəraitdə dünyasını dəyişirsə, buna hörmətsiz yanaşmaq olmaz. Torpaq da belə verilir. Mənə ölümün səbəblərini göstərsinlər, mən səbəblərlə razılaşaram. Deyərəm ki, vətəni, torpağı qorumaq üçün oxuyurdu, bu yolda da şəhid olub. Amma bizimlə heç kəs maraqlanmır, qoca ata-anamız var. Raqili mən böyütmüşəm, o mənə övladım kimi idi. Demirəm ki, gəlsinlər, rayon yeridir, uzaqdır. Ancaq heç olmasa zəng edib başsağlığı vermək, məsələnin səbəblərilə maraqlandıqlarını bildirmək olardı?.
Qardaşı deyir ki, Raqil təhsil aldığı 3 il müddətində heç nədən şikayətlənməyib: “Şənbə günü gəlirdi, bazar günü saat 7-də özüm aparıb liseydə təhvil verirdim. Kursantlar evə gəlib qayıdanda nəsə xəstəliyi olarsa valideyni günahlandırırlar. 3 ildə ona verilən 180 baldan ancaq 20 bal çıxılıb, o da yoldaşına imtahanda kömək etdiyinə görə. Nümunəvi kursant olub, heç bir problemi olmayıb. Əgər narahatlıq olubsa da, məndən əvvəl ilk növbədə liseydəkilər bilməli idilər. Biz sadəcə ölüm səbəbinin bilmək istəyirik, ədalətə, qanunun ucalığına güvənirik”.

Ramin DEKO