Nigarın atası güclüdür, yoxsa Leylanın?

Ölkəni çapıb-talama əməliyyatları AILƏvi olduğu üçün, qalan hadisələr də məmləkətdə ailəvi baş verir: ailəvi işsizlik, ailəvi qəzalar, ailəvi qudurmaq, ailəvi biznes, ailəvi oğurluq, ailəvi yaltaqlıq, ailəvi hakimiyyətə etiraz etmək, ailəvi həbslər, ailəvi ölkədən getmək… 
Sovet hökumətinin vaxtında belə deyildi. O vaxtlar ailələrdə pərakəndəlik, rəngarənglik, fikir ayrılıqları hökm sürürdü. Məsələn, məktəbdə dərs deyən ailə başçılarından biri şagirdlərdən rüşvət alırdı, o biri isə tezliklə kommunizmi görəcəyimizi bizə inandırmağa çalışırdı. Və ya 1988-1991-ci illərdə ailə üzvlərindən kimsə mitinqə gedəndə, evdə loto, domino oynayanlar onu oxlov, kəmər ilə qarşılayırdılar. Indi isə elə deyil, hər şey ailəvidir. Amma ölkədəki bütün ailələrin bir-birinə bənzəyən, fərqli cəhətləri də var.
Məsələn, bir anlıq, Qarabağ müharibəsinin iştirakçısı Tofiq Yaqublunun ailəsi ilə, ölkə prezidenti Ilham Əliyevin ailəsi arasında fərqli və oxşar cəhətlərə diqqət yetirək: Tofiq Yaqublu ilə Ilham Əliyev hardasa yaşıddırlar. Tofiq bəyin iki qızı bir oğlu var, Əliyevin də. Qarabağ döyüşçüsünün övladları ilə prezidentin uşaqları da yaşıd olarlar. Bunlar təxmini oxşar cəhətlər idi. Indi isə iki ailənin fərqli cəhətlərinə nəzər yetirək: Tofiq Yaqublu övladlarını döyüş xatirələri ilə böyüdüb, Ilham Əliyev isə dövlətdən necə oğurluq edib, xaricdə villalar, şirkətlər alması haqqında hesabatlarla. Tofiq Yaqublu Qarabağda düşmənlə savaşanda, Bakıda ailəliklə etiraz aksiyalarında iştirak edəndə, polis dəyənəklərinə məruz qalanda, Ilham Əliyev ailəliklə xaricdə xizəklə sürüşüb, qartopu oynayırdılar. Tofiq Yaqublu bütün vətəndaşların xoşbəxt, azad, heç bir maddi, mənəvi acı çəkmədən demokratik bir ölkədə yaşamasını istəyir, amma Ilham Əliyev çalışır ki, ancaq öz ailəsi kef-damaq içində yaşasın, qalanları ya türmədə, ya da məzarda olsunlar. Yeri gəlib, hər dəfə Atatürkün “Dikmen sırtlarında kar üzerinde dinlenirken” şəklinə baxanda qəribə hisslər keçirirəm. Şəklin altında “Hava çok soğuk deme! Bak bu Vatan nasıl kazanıldı!” yazılan sözlər isə adamın təpəsindən tüstü çıxardır. Çünki həmin anda Heydər və Ilham Əliyevlərin yumşaq kreslolarda gülə-gülə çəkilən şəkillərinin altında “Vətən belə itirildi!” sözlərini oxuyuram.
Ilham Əliyevlə, Tofiq Yaqublunun Vətənə, vətəndaşlara münasibətləri fərqli olduğu kimi, onların övladlarının da atalarına sevgisi fərqlidir: Nigar Yaqublu atasının keçdiyi ömür yoluna baxanda onun necə mərd, cəsur, güclü olması ilə qürur duyur, Leyla Əliyeva isə atasının turnikdə dartınmağına baxıb “mənim atam çox güclüdür” deyir.
Mənim də üç övladım var. Hər dəfə qızım imtahanlardan aşağı qiymət alanda qırx gün, qırx gecə yas saxlayır. Və bu məni üzməklə bərabər, bir xeyli vaxtımı da alır. Çünki onu “qiymət yası”ndan çıxartmaq üçün dünyanın axırında təhsil alan qızıma baş çəkmək, günlərlə təsəlli vermək lazımdır. Indi isə daha getmirəm, eləcə Nigar Yaqublunun bir şəklini yollayıb, altından “bu cəsur qızın təbəssümündən utan, qiymət üçün ağlama!” yazıram. Əslində, güclü kişinin mərd qızı olan Nigar Yaqublunun təbəssümündən tez-tez ruhdan düşənlər, haqsızlıqdan bezib ölkədən qaçmağa hazırlaşanlar da utanmalıdırlar.
Nigar Yaqublunun bir şəklinin verdiyi müsbət enerji Heydər Əliyevin heykəllərinin payladığı bütün mənfi enercini yox edir. Zatən elə ona görə də həbs olundu. Amma Günəşi həbs etməklə ölkənin eybəcərliyini ört-basdır etmək mümkün deyil. Əksinə, insanlara böyük yaxşılıqdır: daha camaat işıq, istilik tapmaq üçün göyə baxmır, ətrafına baxır. Qaranlıqdan bezib intihar etməyə, ölkədən getməyə hazırlaşanlar yaxşı olar ki, evlərindən təcili olaraq Nigar Yaqublunun şəklini assınlar, çox kömək edir. Elə bil hər gün Günəş evindədir. Hər dəfə Nigar Yaqublunun şəklinə baxanda Allahdan arzu edirəm ki, mənə Nigar kimi gəlinlər qismət etsin! Amma kimdir bizə elə ailədən qız verən?! Adamın boxçasını qoltuğuna verib deyərlər ki, xoş getdiz, biz ölkədə ailəliklə şərə qarşı savaşanda, siz ailəliklə xaricdə QIYMƏT üçün ağlayırdınız.
P.S. Bir dəfə pəncərədən qonşu uşaqların “kəndir dartma” oyunlarına baxırdım. Sonda məğlub komandanın uşaqları qalib komandaya xorla “əlbəttə, udarsınız! Çünki siz harınlar hər gün kolbasa, sala, ikra yeyən gombullarsız” deməyə başladılar. Ilham Əliyev fərqli yemək-içməyinə güvənməsin, əgər cığallıq etməsə, Tofiq Yaqublu tək-tənha onun bütün komandasını yenər, Nigarın təbəssümündən bilirəm ki, onun atası çox güclüdür…