Bir neçə gün əvvəl, Masallı Ziyalıları Ictimai Birliyinin üzvləri Bakıda konfransi keçirərək rayon rəhbərliyinin fəaliyyətini tənqid etmişdilər. Həmçinin tədbirdə ölkə başçısına rayon rəhbərliyi barədə ölçü götürülməsi üçün müraciət ünvanlamışdılar.
Dünən redaksıyamıza Masallıdan daha bir qrup ziyalıdan ayrı-ayrılıqda bir neçə müraciət daxil olub. “Milli pedaqogika məktəbi” jurnalının baş redaktoru, əslən Masallıdan olan professor Fərahim Sadıqovun ünvaladıği bu müraciətdə deyilir: “Mən Masallının adının bu cür hallanmasının qəti əleyhinəyəm. Mütəmadi olaraq doğulduğum rayona baş çəkirəm və orada gedən proseslərlə yaxından tanışam. Tam səmimiyyətimlə ifadə edirəm ki, hazırda Masallı inkişafdadır. Eyni zamanda Masallı yüksək səviyyəli mədəni-kütləvi tədbirlərin keçirildiyi məkana çevrilib. Təkcə 2012-ci ildə Masallıda keçirilən Beynəlxalq Folklor festivalını qeyd etmək kifayətdir. Bütün tədbirlərə Masallının tanınmış ziyalıları dəvət olunur ki, biz bu addımları təqdir edirik.
Masallının bu özəlliklərindən danışmaqdansa, 3-4 nəfərin ortaya düşüb cılız iddialarını car çəkmələrinə etiraz edirəm” – deyən Fərahim Sadıqov hesab edir ki, bu hal davam etdiyi halda masallılı ziyalılar bunlara lazım olan cavabı verəcəklər.
“Mətbuatdan oxuyuram ki, 3-4 nəfər mətbuat konfransı keçirib, Masallı ziyalıları adından danışır. Danışsınlar. Amma Masallı ziyalıları sözündən istifadə etməsinlər”, – bu sözlər isə əslən Masallıdan olan, tanınmış jurnalist Vasif Səmədovun müraciətində əks olunub. Onun sözlərinə görə, Ziyalılar cəmiyyətin “ağıllı, düşüncəli, bilikli və professional səviyyədə kreativ çalışan və mədəniyyətin inkişafı və yayılması üçün səy göstərən” şəxslərin daxil olduğu sosial təbəqəyə deyilir. “Bu gün adı çəkilən adamları isə mən heç tanımıram. Bunlar kimlərdir? Nə haqla ziyalı adından danışırlar? Bu haqqı kim verib onlara?”, – deyən Vasif Səmədov Masallını nəinki ölkə miqyasında, eləcə də dünya çapında layiqincə təmsil edən insanlar bu sözdən istifadə etməyə çəkindikləri halda, cılız iddialarının reallaşması üçün bu addan qalxan kimi istifadə etdiklərinə görə, onları qınadıqlarını bildirib.
Əslən Masallıdan olan professor Füzuli Bayat da redaksiyamıza ünvanladığı müraciətdə baş verənlərdən narahat olduğunu diqqətə çatdırıb: “Eşidəndə ki, bir qrup xəstə təxəyüllü insan Masallı ziyalılarının adından danışırlar, inanın ki, bu, məni çox qəzəbləndirdi. Filankəs işləmədi, filankəs bizi qəbul etmədi, onu istəyirik, bunu istəyirik. Bu, ziyalı adına yaraşmaz – deyən Füzuli Bayat əlavə edib ki, o, Məmmədağa Eynullayev haqda məlumat almağa çalışıb. Rayonun tanınmış adamları belə bir ziyalını tanımadıqlarını deyiblər. ”Mən dəhşətə gəldim. Bu cür adam necə ziyalı ola bilər? Daha doğrusu, necə bu adı öz üzərinə götürməyə utanmaz?”
Daha bir müraciət isə Masallı Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayevdən gəlib. O qeyd edib ki, son günlər adı bir çox məsələlərdə hallanan Məmmədağa Eynullayev uzun müddət icra hakimiyyətində hüquq şöbəsinin müdiri işləyib: “1990-cı illərin əvvəllərində Xalq Cəbhəsinin üzvü oıub. 1990-cı illərin sonlarında icra hakimiyyətində ona vəzifə verilib və siyasi mövqeyini dəyişərək Xalq Cəbhəsindən istefa verib. Işində yol verdiyi nöqsanlara görə 2009-cu ildə keçmiş icra başçısı onu hüquq şöbəsinin müdiri vəzifəsindən azad edib. Vəzifədən çıxarılandan sonra birdən-birə əvvəl söylədiyinin əksinə danışmağa başlayıb. Görünür, şantaj yolu ilə vəzifə əldə etməyə cəhd göstərir. Uzun illər bir-birinin ardınca nə az, nə çox düz beş başçının verdiyi qərarlara hüquqi don geydirən M.Eynullayev vəzifədən uzaqlaşdırıldıqdan sonra demokratik dəyərlər, qanunun aliliyi, insan haqları ”aşiqi” kimi zühur etmək xülyasına düşüb. Onun ətrafına yığdığı 4-5 adamdan isə ümumiyyətlə, danışmağa dəyməz. Hamı bilir ki, onların ikisi ruhi xəstə, digərləri isə rayonda mənfi imicə sahib olan insanlardır. Ona görə də onları ziyalı kimi təqdim edən bəzi KIV-dən xahiş edirəm ki, bu insanların yalanlarına yer verməklə öz inandırıcılığınıza zərbə vurmayın. Çünki bunları Masallıda hamı tanıyır və onların qarayaxmalarına heç kim inanmır. Əgər yaxın günlərdə qeyd edilən “ziyalılar” tərəfindən aclıq aksiyası və ya diqqəti cəlb etmək üçün buna oxşar hər hansı aksiya keçiriləcəksə, əmin olun ki, sifariş belə verilib. Bunlar “sifariş”dən kənara çıxa bilmirlər”.
Masallı ziyalıları etiraz edirlər
•