Hakimiyyətin nəzarət fırıldağı

yaxud, büdcənin yeni qatili

Yəqin eşitmiş olarsız, möhtərəm və möhtəşəm hakimiyyətimiz yeni qurum yaradır. “Prezident yanında ictimai şura” adlanan bu qurum, idarəetməyə nəzarət edəcək. Məmurların, vəzifəli şəxslərin fəaliyyətindəki nöqsanları tapıb, dövlət başçısına məruzə edəcəklər. Bu işə müstəqil ekspertlərin, gənc fəalların, deputaların da cəlb olunacağı bildirilir.
Görəsən, 20 ildir müxalifətçilərin istirahət etdiyi hotelə, yaşadığı evə, istifadə etdiyi telefona, mindiyi avtobusa nəzarət edən, kamera quraşdıran “qəhrəmanlar”, məmurlara niyə nəzarət edə bilmir? Hakimiyyətin bu qədər əlaltısı ola-ola, yeni yaradılacaq şuraya nə ehtiyac vardı?
Ölkəni xalqın nəzarətindən çıxarıb, məmuru deputatın nəzarətinə vermək ideyası ancaq bunların ağlına gələr.
Təsəvvür edirsiniz, hakimiyyətyönlü bir gənc, rejim qazanından pay uman bir ekspert, hansısa nazirin kurasiyasında olan bir deputat nəzarət funksiyası həyata keçirib, bütün neqativ hallara son qoyacaq. Inandınızmı?
Məsələnin ikinci tərəfi daha əyləncəli olacaq. Bu şura bir neçə ay fəaliyyət göstərəndən sonra, möhtərəm yeni bir müşavirə keçirəcək, əldə olunan nəaliyyətləri xalqa çatdıracaq. Daha sonra rejim kanalları 5-6 deputatı dəyirmi masa arxasında otuzdurub, yaradılmış şuranın son illərin ən perspektivli layihəsi olmasından danışmağa məcbur edəcəklər.
Sonda isə məclisə “aş” gələcək. Yəni Ibrahim Məmmədov, şuranın yaradıldığı 2 ay ərzində nail olduğu irəliləyişləri “rəqəmlər”lə, “faktlar”la xalqın diqqətinə çatdıracaq.
Bu “ictimai şura” məsələsi ortaya atılanda ilk olaraq başı bəlalı büdcə gözümün önünə gəldi. 20 ildir təcavüzə məruz qalmış büdcəni yeni zorlanma prosesi gözləyir. Yenə prezident “ehtyat fondu” ilə kürəyimizə yekə bir minnət qoyacaq. Büdcəyə növbəti “Fatihə”ni oxumaq lazım gələcək.
Cənab yapokratlar, bu xalq sizin “ifa”nızda dəfələrlə “korrupsiyaya qarşı mübarizə”, “plyonka sökülməsi”, “yumurta müşavirəsi”, “yoxsulluğun azaldılması tədbirləri”, “gənclər proqramı” və bu kimi “mahnı”lara qulaq asıb. Repertuarınıza saldığınız yeni “Şura” muğamına qulaq asmağa nə vaxtımız, nə də həvəsimiz var.
Cansız işə can verə-verə, canlıların canın aldığınız bəs deyilmi?
Xahiş edirik, yalvarırıq, heç nə yaratmayın. Siz yaratdıqca, büdcə yaralanır. Siz inkişaf etdikcə, ölkə geriləyir. Siz tikdikcə, bizim evlərimiz sökülür.
Bu yaranan şura Elşad Abdllayevin videolarından daha böyük ifşalaramı imza atacaq? Elşad Abdullayev bütün neqativləri nəzarətə alıb axı.
Təkcə bu videolardakı nəzarəti araşdırıb, ədaləti məhkəmə sistemi qurulsa, nə şuraya, nə də kimisə güdməyə ehtiyac qalar. Çünki Elşad müəllimin videoları hələ də aktualdı, hələ də eyni insanlar fəaliyyətdədi.
Artıq bu ölkədə hamı bilir ki, demokratik sistem qurulmadıqca, ədalətli məhkəmə olmadıqca bütün məmurların boynuna kamera quraşdırsan da, müsbət nəticə olmayacaq.
Sonda bir məsələyə də toxunmaq istəyirəm.
Əslində bu “ictimai şura” məsələsi hakimiyyəti bir daha ifşa etdi. Belə çıxır ki, indiyə qədər bu öləkədə heç nəyə nəzarət olunmurmuş, prezidentin müşavirələrdəki çıxışları xalqı aldatmaq üçün imiş, məmurlara barmaq silkələnməsi şou imiş.
Kaş ki, yanılım. Ancaq seçki ilində belə bir şura yaradılırsa, yəqin ki, müxalif fəallara nəzarət edəcək. Təcrübə onu göstərir ki, hakimiyyətin nəzarət siyasəti, yalnız müxalifəti izləməkdə tam gücü ilə işləyə bilir.
Onsuz da bu rejim kamera quraşdırmağı sevir.
Dostlar, özünüzü yaxşı aparın. TV-lər “nəzarət”i yayımlayacaq.
Bu ağılla min yaşayın. Şuranız mübarək!