Goranboy və Masallıda aksiya

goranboyBölgələrdə lokal etirazlar davam edir (VİDEO)

Goranboy və Masallı rayon icra hakimiyyətləri qarşısında aksiya keçirilib. Bu barədə “Azadlıq”a məlumat verən rayon sakinləri deyir ki, problemlərini dinləyən yoxdur.
Goranboydakı aksiyanı keçirənlər fəhlələr olub. Onlar icra başçısı Nizaməddin Quliyevdən abadlıq-quruculuq işlərində çalışdıqlarına görə əmək haqlarını tələb edirlər. Işçilər RIH-in binası önünə yığışıb icra başçısı ilə görüş tələb ediblər. Əraziyə gələn polis qüvvələr fəhlələri  uzaqlaşdırıb və narazılar rayon prokurorluğuna üz tutublar. Burada izahat yazan fəhlələr prokurorluq binasını tərk edib yenidən Goranboy RIH-in binası qarşısına yığışmağa başlayıblar.
Fəhlələrin dediyinə görə, ümumilikdə, icra başçısının işçilərə 26 min manatdan yuxarı borcu var. Onlar əmək haqlarının ödənilməsini tələb edirlər. Zaur Quliyev musavat.com-a açıqlamasında bildirib ki, burada yerli sakinlərlə yanaşı, Samux və Imişlidən gələn fəhlələr də işləyib, amma zəhmət haqlarını ala bilməyiblər: “Onlar hazırda öz rayonlarındadır. Yəqin ki, onlar da gəlib bizə qoşulacaq. Təkcə mənə 1800 manat borcları var. Ailəmi dolandıra bilmirəm. Neçə aydır ki, pulumuzu vermirlər. Biz rayonun hasarlanması və bir sıra abadlıq işlərində çalışmışıq”.
Masallı Rayon Icra Hakimiyyətinin qarşısına toplaşanlar isə Hüseynhacılı kəndinin sakinləri olub. Kənd sakini Yaqub Kazımlı bizimlə söhbətində bildirib ki, yaşadıqları ünvan da daxil olmaqla Oncaqala və Kalinovka kəndləri son günlərə qədər bir ərazi vahidliyində birləşmişdi. Indisə Kalinovkanı ayırıb, Oncaqalayla Hüseynhacılı kəndini bir ərazi vahidliyində saxlamaq istəyirlər:

“Biz də bununla razı deyilik. Çünki bizim kəndin əhalisi azdır, torpaq sahəsi isə çox. Ancaq Oncaqala kəndinin əhalisi çox olmaqla yanaşı demək olar ki, orada boş torpaq sahəsi də qalmayıb. Istəyirlər ki, bizim torpaq sahələrini də ələ keçirsinlər”.
Kənd sakinləri məsələni həll etmək üçün icra hakimiyyətinə gedib başçıyla görüşmək istəyiblər: “Icra hakimiyyətinin binasının qarşısına toplaşdıq. Başçıyla görüşməyə icazə vermədilər. Məcbur olub, binanın yanındakı meydana yığışdıq. Başçı yuxarıdan bizi seyr etdiyi üçün polisə zəng etdi. Polislər bizi ərazidən qovmağa cəhd etsə də, buna nail ola bilmədi. Çarəsiz qalan icra başçısı Rafil Hüseynov 5 nəfəri qəbul etdi. Dərdimizi başçıya dedik, o isə cavab verdi ki, bu mümkün deyil. Biz isə tələblərimizin həyata keçirilməsində israrlıyıq”.
Yaqub Kazımlı onu da bildirdi ki, ərazi vahidliyindən Klinovka kəndi çıxarılarsa onlara yenə icra hakimiyyətinin qarşısına toplaşacaqlar: “Biz sona qədər gedəcəyik. Biz nə deyirik? Haqqımızı tələb edirik. Icra başçısının qəbulunda olmuşuq. Artıq axşam saatlarında ”uçastkovı” məni axtarır. Dünyanı dağıtmamışıq ki? Deyirik ki, bir kəndi ayırıb torpaq sahələrini satıb dağıtmayın”.

Ramin DEKO