«Icra başçıları yox, rejimin mahiyyəti dəyişməlidir»
«Sistem dəyişməsə, regionlardakı problemlər həll olunmayacaq»
Ölkə başçısının sərəncamı ilə dünən daha üç rayonun – Sədərək, Kəlbəcər və Laçının icra başçıları dəyişdirildi. Bundan əvvəl də Ismayıllı daxil olmaqla üç rayonda dəyişiklik edilmişdi. Adətən bir rayondan çıxarılan icra başçısı dərhal başqa bir rayona təyin edilir.
Bu halda da yerli əhalinin vəziyyətində müsbətə doğru hər hansı dəyişikliyin baş verəcəyi inandırıcı görünmür. Bir bölgədə narazılıqla qarşılanan və sevilməyən icra başçısı başqa bir rayona təyin edildikdə nə dəyişir ki? Ümumiyyətlə icra başçıları ilə bağlı bugünə qədərki təyinatların müsbət nəticəsi ilə bağlı hər hansı nümunə varmı?
AXCP Ali Məclisinin sədri Həsən Kərimov hesab edir ki, əslində icra başçıları yox, rejimin mahiyyəti dəyişməlidir: “Bizdə icra başçıları xalqa yox, prezidentə xidmət edirlər. Bugünə qədər saysız-hesabsız dəyişikliklərin şahidi olmuşuq. Ya bir rayondan çıxarıb o birinə təyin ediblər, ya da yenisini qoyublar. Bütün bunlar Azərbaycanda nəyi dəyişib? Kim deyə bilər ki, filan başçı gələndən sonra rayonda insanların sosial-iqtisadi vəziyyəti düzəlib? Və ya insanların hüquq və azadlıqları təmin edilib. Təbii ki, heç kim belə bir nümunə gətirə bilməyəcək. Yenə rüşvət, korrupsiya, polis özbaşınalığı, yerli camaatı saya salmamaq və bu kimi neqativ hallar davam edib. Deməli, bu dəyişikliklər görüntü xarakteri daşıyır. Qarşıdan prezident seçkiləri gəlir. Camaata göstərmək istəyirlər ki, guya bunlar yarıtmaz kadrlardan xilas olurlar. Halbuki həqiqi niyyətin belə olmadığını və bu dəyişikliklərin kosmetik xarakter daşıdığını hər kəs yaxşı bilir”.
Müsavatın Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı regionlarda hakimiyyətə qarşı böyük narazılığın olduğunu deyir: “Hakimiyyət bu narazılığın qarşısını almaq üçün kosmetik dəyişikliklərə gedir. Bütövlükdə vəziyyətin dəyişməsi üçün isə Azərbaycanda xalqın normal yerli özünüidarəetmə sistemi olmalıdır. Vətəndaşlar onları idarə edəcək şəxsləri özləri seçməlidirlər. Azərbaycanda faktiki olaraq yerli özünüidarəetmə sistemi mövcud deyil. Mərkəzdən təyin olunmuş şəxslər onu seçməmiş əhalinin maraqlarını tam şəkildə ifadə və müdafiə edə bilməzlər. Çünki bunlar öz vəzifələrinə təyin olunduqlarına görə özlərini onları təyin edən şəxslər qarşısında cavabdeh sayırlar. Bütövlükdə sistem dəyişməsə, regionlardakı problemlər də həll olunmayacaq”