Son vaxtlar medianı izləyəndə canımı həyəcan basır. Yazırlar ki, Azərbaycana xarici müdaxilə ola bilər. Xüsusən, hökumətin süfrəsindən bəslənənÿ bir sıra müəlliflər peyda olub ki, onların qələmi indidən qrad və ağır artilleriya silahına çevrilib, vəziyyətdən asılı olaraq, ölkəmizin şimal və cənubuna tuşlanıb.
Onların yazılarından belə başa düşürəm ki, cənubla hələ birtəhər keçinsələr də, Rusiya ilə vəziyyət ruscadır. Ruslar nəsə etmək istəyir.
Istəyirmi?
Bilmirəm. Bildiyim şeylər başqadır və yazacaqlarım da onlardandı.
Tale elə gətirib ki, o oxunmayan hökumət qəzetlərində sinəsini Rusiyanın, Iranın qabağında sipər edən adamların bir çoxunu tanıyıram. Və əminəm, işdir, o müdaxilə baş versə, işğalçı ordunun qabağına yürüyüb onlara sədaqət andını içən elə bu tiplər olacaq.
Çünki bu adamlar çox cüzi sınaqdan belə çıxa bilməyib, azca maddi təminat üçün dostlarını, əqidələrini dəyişərək Şərin yanında çox rahatlıqla yer ala biliblər.
Belə olan halda, Ilham Əliyevdən daha zəngin, daha əzəmətli və qüdrətli bir güc onlar üçün nədən cəlbedici olmasın?
Olacaq.
Sual yaranır, işdir birdən hökumətdəkilərin təlaşı real çıxsa, xarici müdaxilə baş versə, halımız necə olacaq? Təki, yanılım, belə olsa, bizi biabırçılıq gözləyir.
Bunları o gün Xəzərin qırağında ucaldılan 10 metrlik hasarları seyr edə-edə düşünmüşəm.
Məni sadə suallar narahat edir, öz-özümdən və sizdən soruşuram: Xəzərin nəinki neftindən, qara kürüsündən, qazından, hətta onu adi gözlə görməkdən nəsibini almayan insan onun statusu uğrunda silaha əl atacaqmı?
Vahimələnirəm: Bakıda ölü basdırmağa qəbir yeri üçün 2 min manat rüşvət verən insanı hansı şüarla silahlandırıb düşmən önününə çıxarmaq olar?
Mən çox aciz qalıram, o insanı düşünəndə ki, gəncdir, əli-qolu, diplomu var, amma məsələn, bir ev almaq onun üçün əfsanə qədər əlçatmazdır və biz bu adamdan torpaqlarımızı qorumağı tələb edəcəyik…
Azərbaycan vətəndaşları bu gün onsuz da ağır müharibə şəraitində yaşayır. Bu müharibədə toplar, tüfənglər açılmır, amma onun şiddəti, itkisi, faciəsi daha dözülməzdir.
Azərbaycan insanı həyatla savaşır. Onun üçün ikinci cəbhə açılsa, vay halımıza.
Bu sətirləri yazanda televiziyada Bərdədə qəbiristanlıqdan oğurluq edən (qəbirlərin kənarındakı alüminiumları söküb satırmışlar) ata və oğlunu göstərdilər. Işin kriminal yanı ilə hüquqçular maraqlansın, mən o oğurluq edən atanın sifətinə baxdım. 45 yaşı vardı və… Və qabaq dişlərinin hamısı tökülmüşdü. Ənginin solunda cəmi bir dişi görünürdü. 45 yaşlı bir insanın ağzında cəmi bir diş qalıbsa, bu, sizə heç nə demir?
Yaxşı, bu adam oğrudur, özü də çox axmaq bir oğurluğa baş vurub – bunu lənətləyək. Ancaq həm də düşünək ki, regionların iqtisadi inkişaf proqramını uğurla həyata keçirdiyini deyən ölkənin əyalət insanı niyə dişsiz gəzir?
Dişsizlik deyib keçməyin. Razıyam, azərbaycanlıların əksəriyyətində sağlamlıqlarına qarşı biganəlik var.
Ancaq bunun səbəbini tam çözmüşükmü? Məsələn, biri ürək, böyrək və s. ciddi orqanın ucbatından həyatını itirəndə deyirik: zalımın balası bir dəfə özünü yoxlatdırsaydı, filan dərdi üzə çıxar, əcəli yubadardı.
Prinsipcə, etiraz ediləsi fikir deyil.
Hər gün küçədə, bayırda, toyda-yasda onlarla, yüzlərlə adam görürəm. Onların dişləri yoxdur. Yaxud dişi var, amma çox bərbad haldadır, korlanıb, düzəldilməlidir.
Bu adamların problemlərini öyrənmək üçün rentgen, UZI lazım deyil ki…
Fakt-problemÿgöz qabağındadır.
Bəs bu insanlar niyə sağlamlıqlarının qeydinə qalmaq üçün təşəbbüs göstərmir? Axı dişsizlik, çürük diş sağlamlıqla yanaşı, həm də qeyri-estetikdir.
Insanlarımızı tibdən qaçıran kasıblıqdır. Bəli, kasıblıq.
Mən bir dəfə məhrəm bir adamdan soruşdum ki, niyə dişlərini düzətdirmirsən? Cavabı belə oldu: “Dişimi düzəltdirsəm, gərək bir ay ac qalım”.
Demək istəyirdi ki, gəlirim o qədər azdır, dişə pul versəm, çörəyə verməyə pul tapmayacam.
Bu qeydlər, “kasıb əhali döyüşkən olmaz” deməyə əsas yaratmaq üçün deyil. Kasıb çox gözəl də döyüşər, amma o döyüşçüyə çörəkdən də vacib olan qida verilməlidir – ideya, inam. Azərbaycan hakimiyyəti isə bu sarıdan qısırdır.

İşdir, Rusiya bizə cumsa…
•